AZ

Diaqnozdan ağır olan gerçəklik: autizmli uşaqlar və sosial baryerlər – MÜSAHİBƏ

Bakı, 2 aprel, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Samirə Həsənova AZƏRTAC-a müsahibəsində autizmli uşaqların qarşılaşdığı problemlərdən və onların aradan qaldırılması yollarından danışıb. O, cəmiyyətdə düzgün maarifləndirmənin, inklüziv təhsil mühitinin və empatik yanaşmanın bu prosesdə mühüm rol oynadığını vurğulayıb. Müsahibəni təqdim edirik.

– Bu gün autizmli uşaqların qarşılaşdığı əsas çətinliklər hansılardır?

– Autizmli uşaqların qarşılaşdığı çətinliklər yalnız diaqnozla bağlı deyil. Ən böyük təsir göstərən amil onları əhatə edən mühitdir; yəni cəmiyyətdə empatik yanaşma, məktəb atmosferi, ailəyə verilən dəstək və ümumi münasibət. Əgər mühit uyğun və dəstəkləyici olarsa, uşaqların inkişafında ciddi irəliləmələr görmək mümkündür.

– Sosial baryerlər deyəndə konkret nə nəzərdə tutulur?

– Sosial baryerlər dedikdə, yanlış anlaşılmalar, cəmiyyətdə formalaşmış, qəlibləşmiş stereotiplər və bəzən də məlumat çatışmazlığı nəzərdə tutulur. Məsələn, autizmli uşağın davranışı bəzən “şıltaqlıq”, bəzən “inadkarlıq”, bəzən isə “səhv tərbiyə”, “valideyn məsuliyyətsizliyi” kimi qiymətləndirilir, halbuki bu, autizmli uşağın sensor, kommunikativ ehtiyacları ilə bağlı ola bilər. Belə yanlış interpretasiyalar sosial inteqrasiyanı çətinləşdirir, vəziyyəti daha da gərginləşdirir. Amma burada əsas məsələ günahkar axtarmaq deyil, baryerləri düzgün maarifləndirmə ilə aradan qaldırmaqdır.

– Maarifləndirmə prosesin tənzimlənməsində hansı rolu oynayır?

– Maarifləndirmə bu sahədə əsas vasitələrdən biridir. Cəmiyyət autizm haqqında düzgün və elmi əsaslı məlumat əldə etdikdə, yanaşmalar dəyişir. İnsanlar uşağın davranışını daha yaxşı anlayır, ona uyğun reaksiya verir. Bu isə həm uşağın, həm də ailənin həyat keyfiyyətini yüksəldir.

– Təhsil sistemində vəziyyət necədir və nə etmək lazımdır?

– İnklüziv təhsil artıq müasir təhsilin əsas istiqamətlərindən biridir. İnklüziv təhsilin səmərəliliyi üçün müəllimlərin xüsusi hazırlığı çox vacibdir. Müəllimlər fərdiləşdirilmiş yanaşmalar tətbiq edə bilməlidirlər. Bu zaman tədris prosesi yalnız bilik, bacarıq ötürmək deyil, eyni zamanda, uşağın potensialını üzə çıxarmağa, autizmli şagirdi cəmiyyətə inteqrasiya etməyə köklənlənməlidir.

– Fərdiləşdirilmiş yanaşma nə deməkdir?

– Fərdiləşdirilmiş yanaşma hər bir uşağın fərqli olduğunu qəbul etmək və ona uyğun təlim strategiyası seçməkdir. Autizmli uşaqların maraqları və təlim ehtiyacları fərqlidir. Müvafiq tədris strategiyaları tətbiq olunduqda, uşağın öyrənmə motivasiyası yüksəlir, həmyaşıdları ilə ünsiyyətində müsbət dəyişikliklər müşahidə olunur. Belə halda digər şagirdlər də autizmli sinif yoldaşlarının üstün cəhətlərini kəşf edə bilirlər. Bu həm akademik, həm də sosial inkişafa zəmin yaradır.

– Sosial qəbul prosesin tənzimlənməsində nə dərəcədə vacibdir?

– ASP-də sosial qəbul əsas elementlərdən biridir. Uşağın olduğu kimi qəbul edilməsi onun özünəinamını gücləndirir və sosial bacarıqlarını inkişaf etdirir. Burada empatiya mühüm rol oynayır. Uşağın fərqli olması onun üstün cəhətlərinin kölgədə qalması demək deyil — əksinə, bu fərqlilik onun potensialının bir hissəsidir.

– Valideynlər üçün ən vacib tövsiyə nə ola bilər?

– Uşağın potensialına fokuslanmaq, övladının güclü tərəflərini görmək və onları inkişaf etdirmək çox önəmlidir. Eyni zamanda, erkən müdaxilə, peşəkar dəstək almaq, mütəxəssislərlə əməkdaşlıq etmək və davamlı işləmək yüksək nəticə verir. Səbir və sistemli yanaşma əsasdır.

– Ümumilikdə, bu sahədə gələcək necə görünür?

– Gələcək daha inklüziv və daha anlayışlı olmağa doğru gedir. Maarifləndirmənin miqyası genişləndikcə, müəllimlərin hazırlıq səviyyəsi yüksəldikcə və cəmiyyət daha çox empatiya göstərdikcə, autizmli uşaqlar üçün daha əlverişli mühit formalaşacaq. Bu isə autizmli şəxsin öz potensialını reallaşdırmasına imkan yaradacaq.

– Sonda nə demək istərdiniz?

– Autizmə bir məhdudiyyət kimi deyil, fərqli inkişaf yolu kimi baxın. Əsas məsələ fərqliliyi düzgün anlamaq və ona uyğun mühit formalaşdırmaqdır. Düzgün yanaşma olduqda, hər bir uşaq öz potensialını ortaya qoya bilər. Bu isə həm uşağın, həm də cəmiyyətin qazanacağı bir nəticədir.

Seçilən
24
2
azertag.az

3Mənbələr