AZ

“SEPAH respublikası” Bakı ilə münasibəti necə tənzimləyəcək?

İranda baş verən proseslər hakimiyyət modelinin təkamülündən daha çox, onun mahiyyətcə dəyişməsi kimi görünür. Uzun illər sistemin ideoloji dayağı olan ruhanilərin arxa plana keçməsi və SEPAH-ın həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahələrində dominant mövqeyə yüksəlməsi ölkədə güc balansının ciddi şəkildə pozulduğunu göstərir.

Musavat.com bildirir ki, əgər əvvəllər qərarlar dini legitimlik çərçivəsində formalaşırdısa, indi bu legitimlik getdikcə formal xarakter alır və real idarəetmə hərbi elitanın əlində cəmlənir. Bu isə İranın idarəetmə modelini klassik teokratiyadan daha çox hərbiləşmiş avtoritar sistemə yaxınlaşdırır.

Belə bir transformasiya təkcə daxili siyasi arxitekturanı dəyişmir, eyni zamanda İranın xarici siyasət davranışına da təsirsiz ötüşmür. Hərbi düşüncə tərzinin üstünlük qazanması qərarların daha sərt, riskli və praqmatik təhlükəsizlik məntiqi ilə verilməsi ehtimalını artırır.

Nəticə etibarilə, əgər bu tendensiya davamlı olarsa, İran yaxın perspektivdə ideoloji dövlət modelindən daha çox güc strukturlarının idarə etdiyi yeni tip siyasi sistemə keçid edə bilər. Bu isə region və beynəlxalq mühit üçün əlavə qeyri-müəyyənliklər yaradır.

İranda hakimiyyətin hərbiləşməsi və SEPAH-ın rolunun artması Azərbaycanın təhlükəsizlik mühitinə birbaşa təsir edə bilər. İlk növbədə, qərarların daha sərt təhlükəsizlik məntiqi ilə verilməsi İranın regionda, o cümlədən Cənubi Qafqazda davranışını daha kəskin və proqnozlaşdırılması çətin edə bilər.

Bu, Azərbaycan-İran münasibətlərində zaman-zaman müşahidə olunan gərginliklərin artması riskini yüksəldir, xüsusilə sərhəd təhlükəsizliyi, informasiya təsirləri və regional layihələr kontekstində. Eyni zamanda, SEPAH-ın iqtisadi və logistika şəbəkələrinin genişlənməsi regiondakı enerji və nəqliyyat marşrutlarına təsir imkanlarını da artırır.

İranda bu tip transformasiya Azərbaycan üçün həm təhlükəsizlik, həm də geosiyasi baxımdan daha ehtiyatlı və çevik siyasət aparmağı zəruri edən yeni reallıq formalaşdırır.

Siyasi ekspert Oqtay Qasımovun Musavat.com-a bildirdiyinə görə, SEPAH son 15-20 ildə böyük təsir imkanlarına sahiblənib. Onun fikrincə, keçmiş ali rəhbər Əli Xameneinin dövründə SEPAH dövlət içində dövlətə çevrilib və İranı idarə edib:

“Hətta Əli Xameneinin son illərində SEPAH generalları idarəetməyə tamamilə yiyələnmişdilər. Yəni hərbi-təhlükəsizlik sahələrinə nəzarətlə yanaşı iqtisadiyyatın 70 faiz onlara aiddir. Eyni zamanda, SEPAH Suriya, Livan, Fələstin hadisələrində böyük təsirə malik idi. İndi də ölkədə ruhanilərin hakimiyyəti zəiflədikcə SEPAH-ın gücü artır və hakimiyyətə tam nəzarət edir”.

O.Qasımova görə, Müctəba Xameneinin ali rəhbər seçilməsində də SEPAH birbaşa rol oynayıb: “Bu qeyri-məhdud hakimiyyəti savaşdan sonra da qorumağa çalışacaqlar. Ancaq region üçün ciddi təhdid deməkdir. Çünki Azərbaycana və Türkiyəyə son hücumlarda SEPAH-ın rolu olub. Odur ki, onsuz da İranla hamar olmayan münasibətlərimizin müharibədən sonra müsbət məcrada dəyişikliyini gözləmirəm. Əksinə, SEPAH İrana tam nəzarət edəcəyi halda əlaqələrimiz gərginləşə də bilər. Bu mənada biz 44 günlük müharibəni xatırlaya bilərik. SEPAH o dövrdə Azərbaycanı təhdid edir, ona yaxın media resursları hədyanlar səsləndirir, güc göstərmək üçün sərhədlərimizdə təlimlər keçirilirdi. Yəni bu əməllərin sahibi olan qüvvə İranı idarə edir. O baxımdan, SEPAH-ın idarə etdiyi İranla münasibətlər normal olmayacaq. Əgər SEPAH zəiflədilməsə və müharibə bu şəraitdə dayansa, İran daha aqressiv siyasət yürüdəcək”.

Emil Salamoğlu,
Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr