AZ

Dörd günə sığan tarix: Aprel dastanı-”Bu zəfər erməni toplumunda siyasi zəlzələyə səbəb oldu”

"2016-cı ilin aprel döyüşləri Azərbaycan tarixinin dönüş nöqtəsi sayıla bilər. "Aprel zəfəri" böyük qələbəmizin başlanğıcı idi". Bu sözləri Olaylar.az-a açıqlamasında "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib. Onun sözlərinə görə, 4 günlük müharibədə erməni ordusunun "məğlubedilməzlik" mifi dağıldı, Azərbaycan əsgərinin özünə inamı bərpa olundu.
"Əslində kənar müdaxilə və hakimiyyət savaşı olmasaydı, biz Qarabağ münaqişəsini elə 90-cı illərin əvvəllərində həll edəcək, uzanmasına imkan verməyəcəkdik. Lakin münaqişə başlananda proseslər bizim iradəmiz altında deyildi. Azərbaycan SSRİ-nin tərkibində idi, qərarları Moskva-Sovet rəhbərliyi verirdi. Onlar isə ermənilərin xeyrinə qərar verir, onları əl altdan silahlandırırdı. Münaqişə 1988-ci ilin fevralında Xankəndidə başlanmışdı. O zaman Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycana qarşı separatçı hərəkata başlamışdı. O zamankı Azərbaycan rəhbərliyinin siyasi iradəsi olsaydı, münaqişə bu həddə qədər böyüməzdi. Lakin Moskvanın əmrinə sözsüz tabe olan itaətkar Azərbaycanın kommunist rəhbərliyi milli siyasi uzaqgörənlik nümayiş etdirə bilmədi. Milli ordu vaxtında yaradılmadı, Qarabağda azərbaycanlılar yaşayan kəndlərin təhlükəsizliyi təmin edilmədi. Bir neçə kənd aldıqdan sonra cəzasız qalan erməni terrorçularının iştahası böyüdü. 1992-ci ilin iyun-noyabr aylarında Azərbaycan uğurlu əməliyyatlar aparsa da, hərbi uğurların ardı gəlmədi, hakimiyyət uğrunda çəkişmələr ermənilərin əlinə fürsət verdi. Qısa zaman kəsiyində  Ermənistan ordusu Dağlıq Qarabağı və ətraf 5 rayonu işğal etdi. Atəşkəsdən sonra Azərbaycan öz ordusunu, iqtisadiyyatını gücləndirməyə başladı. Lakin ictimai rəydə erməni ordusunun məğlubedilməzliyinə dair fikir var idi. Bunu da süni olaraq yaratmışdılar. Rusiyanın, Fransanın, İranın dəstəyi olmasaydı, Ermənistan  Azərbaycandan bir rayon belə ala bilməzdi. Görünür tariximizin bu eniş mərhələsini yaşamalıymışıq. 2016-cı ilin aprel döyüşlərində Azərbaycan bu uğursuzluq zolağından çıxdı"-deyə, o bildirib.
Elman Cəfərli deyib ki, aprel zəfəri ordumuza təkcə psixoloji üstünlük qazandımayıb. 4 günlük savaş  Azərbaycana strateji mövqelər də qazandırdı. "Azərbaycan 1994-cü ilin 12 may sazişindən sonra ilk dəfə olaraq ərazilərimizi işğaldan azad etdi. Strateji Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı kəndi azad edildi. Ermənistan cəmiyyətində, erməni elitasında və hakimiyyətində "güclü  Azərbaycan mütləq torpaqlarını işğaldan azad edəcək" düşüncəsi gücləndi. Azərbaycan cəmiyyətində qələbəyə inam formalaşdı. Ən mühüm nüans o oldu ki, bu hadisələr Ermənistanda siyasi təlatümə səbəb oldu. Hakimiyyətdə bərkimiş "Qarabağ klanı"nın kreslosu laxladı. Sərkisyan-Köçəryan ittifaqının mövqeləri sarsıldı. Onlar İrəvanda hakimiyyətdə məhz Qarabağda 90-cı illərdəki qələbəyə görə möhkəmlənmişdilər. Dövrümüzdə revanşist qüvvələr hazırkı baş nazir Nikol Paşinyanı məğlubiyyətin səbəbkarı adlandırırlar. Lakin Azərbaycan ordusu həm 4 günlük aprel savaşında, həm də 2020-ci ilin 44 günlük Vətən müharibəsində məhz Köçəryan-Sarkisyan cütlüyünün yaratdığı ordunu darmadağın etmişdi".
Qeyd edək ki, 4 günlük aprel müharibəsi Azərbaycan ordusunun qələbəsi ilə bitib. O günlərə tarixi ekskurs edək. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı. Azərbaycanın qarşıdurma xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 nəfər   ağır yaralandı. Hücumlar nəticəsində, həmçinin çoxsaylı ictimai və şəxsi mülkiyyətə, o cümlədən mülki infrastrukturlara ciddi ziyan dəydi. 232 fərdi yaşayış evi, 99 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, kilometrlərlə su və qaz boruları dağıdıldı. Məktəblər, xəstəxanalar və ibadət yerləri də daxil olmaqla sosial müəssisələrə Ermənistan silahlı qüvvələri tərəfindən idarə olunan raket zərbələri endirildi. 1 məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vuruldu.
Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildi.
Nəticədə dördgünlük döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklərini azad etdi, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələ Təpə yüksəkliyinə nəzarəti ələ keçirdi. Həmçinin aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi.
Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, düşmənin 320 hərbçisi öldürüldü, 500-dən artıq hərbçisi isə yaralandı.
Aprelin 5-də saat 12:00-dan etibarən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı.
Döyüşlərin yekunu olaraq Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi.

İBRAHİM  MƏMMƏDLİ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr