AZ

Putinlə Paşinyan Kremldə “atışdı”, iki ölkəninziddiyyətləri daha da dərinləşdi...



Rusiya prezidenti Vladimir Putin ümidvar olduğunu bildirib ki, rusiyapərəst qüvvələr iyunun 7-də Ermənistanda keçiriləcək seçkilərə buraxılacaq. Bu barədə o, Kremldə Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşdə bəyan edib.

Onun məlumatına görə, Ermənistandabəzi siyasətçilər Rusiya pasportlarına sahib olmalarına baxmayaraq, həbsdədirlər: “Bu sizin qərarınızdır, biz müdaxilə etmirik. Amma istərdik ki, onların hamısı, hər halda, seçkilər zamanı bu daxili siyasi işdə iştirak edə bilsinlər. Ermənistanda çoxlu dostumuz var, çoxlu. Biz bunu bilirik. Rusiya Federasiyasında çoxlu sayda erməni yaşayır. Onları saymağın müxtəlif yolları var. Biz inanırıq ki, 2 milyondan çox insan var. Daxili İşlər Nazirliyinin statistikası bunu təsdiqləyir. Ermənistanda Rusiyapərəst bir çox siyasi qüvvə var. Əlbəttə, sizə açıq deyim ki, həmişə dürüst və birbaşa danışdığımız bir dialoqumuz var, amma çox istərdik ki, bütün bu siyasi partiyalar və siyasətçilər seçkilər zamanı bu daxili siyasi işlərdə iştirak edə bilsinlər”. Paşinyan cavabında Rusiya liderinin niyyətinə açıq şəkildə yox deyib: “Ermənistan Konstitusiyasına görə, Rusiya pasportu olan şəxslər deputatlığa və ya baş nazirliyə namizəd ola bilməzlər, burada heç bir məhdudiyyət yoxdur”. O əlavə edib ki, Ermənistanda demokratik sistem var və bir çoxları hətta demokratiyanın həddindən çox olmasından şikayətlənirlər: “Ümumi kontekstdə, düzünü desəm, bizim həbsxanalarda siyasi proses iştirakçıları yoxdur”. Paşinyan xüsusilə qeyd edib ki, ölkədə siyasi xadimləri təqib etmək praktikası yoxdur: “Ümumi kontekstdə, açığı, siyasi prosesdə uzaqdan iştirak edən yoxdur”.
Baş nazir qarşıdan gələn parlament seçkilərinə də toxunaraq, onların ölkənin siyasi sistemi üçün əsas əhəmiyyətini vurğulayıb: “Qeyd etmək istərdim ki, məsələn, qarşıdan parlament seçkiləri gəlir - parlament üzvlərinin seçkiləri və bu seçkilərə əsasən, bu, faktiki olaraq baş nazirin seçilməsidir”. O, namizədlər üçün konstitusiya tələblərini xatırladıb: “Diqqətinizi ona yönəltmək istərdim ki, bu seçkilərdə yalnız Ermənistan pasportuna malik vətəndaşlar iştirak edə bilər. Yəni, bütün hörmətlə qeyd edək ki, Ermənistan Respublikası Konstitusiyasına görə, Rusiya pasportuna malik insanlar nə parlament, nə də baş nazir vəzifəsinə namizəd ola bilməzlər, ona görə də burada heç bir məhdudiyyət yoxdur”. Qeyd edək k, burada əsas söhbət erməni oliqarx Samvel Karapetyandan gedir. O, Rusiya pasportuna malikdir və Moskvanın dəstəyi ilə Ermənistanda hakimiyyəti ələ keçirməyə can atır. Paşinyan iqtidarı isə bunu hər vəchlə əngəlləyir. Xatırladaq ki, ötən ilin yayında rusiyalı iş adamı Samvel Karapetyan Erməni Apostol Kilsəsinə verdiyi açıq dəstəyə görə həbs edildikdən sonra Ermənistanın siyasi həyatında iştirak etmək niyyətində olduğunu bəyan etmişdi. İstintaq o zaman onu ölkədə hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham etmiş, daha sonra ittihama maliyyə fırıldaqları maddəsi də əlavə olunmuşdu. Rusiya vətəndaşı olmasına rəğmən rusiyapərəst və revanşist müxalifətin bir hissəsi Karapetyanı cəmiyyətə baş nazirliyə“ən uğurlu namizəd” kimi sırımağa çalışırlar. Elə Paşinyan da buna qarşı çıxır və bu müstəvidə Kremllə qarşıdurmaya belə hazır olduğunu göstərir.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-nə planlaşdırılıb. Bir müddət əvvəl Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, Aİ seçkiləri hibrid təhdidlərdən və xarici müdaxilələrdən qorumaq üçün Ermənistana çevik reaksiya qrupu göndərəcək. Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, Avropa siyasətçiləri hər şeydə Moskvanın müdaxiləsini görürlər: “Bu, köhnə mahnıdır. Əlbəttə, onlar Ermənistan seçkilərində də bu mahnını oxuyacaqlar”.Belə bir vaxtda
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Ermənistandan olan həmkarları maraqlanarsa, hibrid təhdidlərə qarşı mübarizədə İrəvanla əməkdaşlığa hazırdır. O, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Rusiyanın hibrid təhdidlərə qarşı mübarizədə təcrübəsi olarsa, Ermənistanın bundan yararlanmağa hazır olacağı barədə açıqlamasına münasibət bildirib: “Rusiyanın geniş imkanları var, lakin bu, ikitərəfli bir yoldur. Maraq və ehtiyac olarsa, Rusiya informasiya təhlükəsizliyi, kibercinayətkarlarla mübarizə və beynəlxalq platformalarda əməkdaşlıq məsələləri də daxil olmaqla, cavab verməyə hazırdır. Rusiya təkcə ekspert rəyləri verməyə deyil, həm də geniş sahələrdə əməkdaşlığa hazırdır. Xarici İşlər Nazirliyinin bunun üçün xüsusi bir şöbəsi var və bununla məşğul olan digər qurumlar da var. Rusiya həmişə dialoqa açıqdır”. Bunlarla yanaşı, Moskvagörüşündə Putin Paşinyana xəbərdarlıq edib ki, Ermənistan eyni vaxtda həm Avrasiya İqtisadi Birliyi (AİB), həm də Avropa İttifaqındaola bilməyəcək: “Başa düşürük ki, istənilən ölkə üçüncü ölkələrlə əməkdaşlıqdan maksimum fayda əldə etməyə çalışır. Lakin bu, aşkar olmalıdır, dürüst olmalıdır, necə deyərlər, əvvəlcədən, hələ işin başında deyilməlidir: həm Aİ, həm də AİB ilə gömrük ittifaqında olmaq qeyri-mümkündür”. Onun sözlərinə görə, bu, siyasi məsələ deyil, sırf iqtisadi xarakter daşıyır. Paşinyan cavab verib ki, Aİ və AİB-ə eyni vaxtda üzvlüyün mümkünsüzlüyünü başa düşür, lakin bu gündəmləri birləşdirmək mümkün olduğu müddətcə Ermənistan bunu edəcək: “Seçim anı gələndə qərarı Ermənistan xalqı verəcək”.Paşinyanın sözlərinə görə, Rusiya Federasiyası ilə dəmir yolu əlaqələri və Rusiyadan dəmir yolu vasitəsilə Azərbaycan vasitəsilə idxal, gələcəkdə isə ixrac Avrasiya İqtisadi Birliyi daxilində iqtisadi əlaqələri gücləndirir: “Avropa İttifaqına gəldikdə isə, biz bilirik ki, prinsipcə iki birliyə üzvlük bir-birinə uyğun deyil, lakin hazırda mövcud olan gündəliyə görə, onlar bir-birinə uyğundur, bu, bir faktdır. Və bu gündəmləri birləşdirmək imkanı olduğu müddətcə biz bunu edəcəyik və proseslər qərar qəbul edilməli olan nöqtəyə qədər inkişaf etdikdə, əminəm ki, biz, yəni Ermənistan Respublikasının vətəndaşları, bu qərarı verəcəyik”.

Tahir TAĞIYEV

Seçilən
72
49
baki-xeber.com

10Mənbələr