AZ

Aprel döyüşləri Xalq-Dövlət-Ordu birliyinin açıq nümayişi idi



Ən yeni tariximizə “Aprel döyüşləri” kimi düşən dörd günlük Zəfər savaşı 30 illik işğal dövrünün dönüş nöqtəsidir. Sözün bütün mənalarında dönüş nöqtəsidir. Məhz Aprel döyüşlərindən sonra istər sıravi ermənilər, istərsə də Serj Sərkisyan başda olmaqla işğalçı Ermənistanın həmin dövrdəki hərbi-siyasi rəhbərliyi bütün varlıqları ilə dərk etməyə başladılar ki, onların "gorbagor" Minsk Qrupunun həmsədrlərinin havadarlığı ilə qoruyub saxlamağa çalışdıqları "status-kvo" qətiyyən əbədi deyil və Kremlin dəstəyilə Azərbaycana qarşı yürütdükləri işğalçı siyasətə də tezliklə son qoyulacaq. Düşündükləri kimi də oldu. Cəmi dördcə il sonra Ermənistanın gəlmiş-keçmiş işğalçı rəhbərlərinin beynəlxalq havadarları ilə birlikdə qurduqları ekspansionist siyasətə rəşadətli Azərbaycan Ordusu tərəfindən son qoyuldu və Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışlarında vurğuladığı kimi 44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər nəticəsində Cənubi Qafqazda tamamilə yeni reallıqlar bərqərar oldu.
Bu mənada Aprel döyüşləri həqiqətən də 44 günlük müharibədəki Zəfərimizin baş məşqi sayılır. Məhz bu döyüşlərin nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Zəfərə gedən yolun real əsası qoyuldu və eyni zamanda, açıq döyüş təcrübəsi baxımından da Ordumuzun üstünlüyünü ortaya qoydu. Dörd günlük savaş nəticəsində əldə etdiyimiz parlaq nəticələr də bunu deməyə əsas verir. Belə ki, 2-5 aprel günlərində hərbi bölmələrimizin uğurlu əks-hücüm zərbələri nəticəsində Ermənistan ordusunun 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası sıradan çıxarıldı, 320 hərbçisi məhv edildi, 500-dən artıq döyüşçüsü yaralandı və işğal altında olan 2 min hektardan çox torpaqlarımız azad olundu. Lələtəpə yüksəkliyi, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi və minlərlə hektar strateji əhəmiyyətli ərazilər də məhz Aprel döyüşlərindəki Qələbəmizin sayəsində Ordumuzun tam nəzarətinə keçdi.
Beləliklə, Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan bütün tapşırıqları icra etdi və həmin vaxt Ermənistana rəhbərlik edən Xocalı qatili Serj Sərkisyan “Armeniya” telekanalına verdiyi müsahibəsində Azərbaycan Ordusunun daha güclü olduğunu etiraf etməyə məcbur oldu. Sərkisyan bu etirafı etməyə bilməzdi. Çünki danılmaz bir fakt ortada idi. Bizim Ordumuzun yüksək döyüş qabiliyyəti və əzmkarlığı sayəsində həm canlı qüvvə, həm də texnika baxımından ağır itkilər verən Ermənistan silahlı qüvvələri haqqında uydurulmuş "məğlubedilməzlik" mifi darmadağın oldu. Düşmən ölkənin ordusu ilə bərabər, hərbi-siyasi rəhbərliyi və erməni xalqı da ağır psixoloji zərbə aldı. Bütün bunlar onu deməyə əsas verir ki, Aprel döyüşləri həm hərbi, həm də psixoloji baxımdan mühüm dönüş nöqtəsi oldu. Eləcə də Ermənistanın havadarları da başa düşdülər ki, onlar işğalçı siyasətə uzun müddət "legitimlik" donu geyindirə bilməyəcəklər.
Aprel döyüşləri Xalq-Dövlət-Ordu birliyinin açıq nümayişi və milli həmrəyliyin güclü şəkildə təzahürü baxımından da olduqca əhəmiyyətlidir. Həmin günlərdə xalqımız Ordumuz və Ali Baş Komandanımızla misilsiz birlik, həmrəylik nümayiş etdirdi. Bu döyüşlər xalqımızın milli vəhdət ruhunu yüksəldərək, Xalq-Dövlət-Ordu birliyinin sarsılmaz olduğunu bir daha təsdiqlədi. Bununla yanaşı, Azərbaycan Ordusunun bu döyüşlərdə qazandığı faktiki üstünlük xalqımızda torpaqlarımızın hərbi yolla azad ediləcəyinə ümid hissini də daha da gücləndirdi, Azərbaycan cəmiyyətinin hər bir fərdində Ordumuzun qalibiyyətinə olan inamı daha da artırdı. Azərbaycan Ordusunun Aprel qələbəsi işğalçı Ermənistana və onun havadarlarına da açıq mesaj oldu. Hər kəs başa düşdü ki, nə Azərbaycan xalqı, nədəki Azərbaycan dövləti işğalın nəticələri ilə barışmaq və münaqişənin həllində sonsuz gözləmə mövqeyi tutmaq niyyətində deyil. Biz göstərdik ki, öz gücümüzə arxalanaraq ədaləti bərpa etməyə qadirik. Aprel döyüşləri Azərbaycanın dörd il sonrakı Böyük Qələbəsinin "yol xəritəsi"nə çevrildi.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Seçilən
60
50
newscenter.az

10Mənbələr