AZ

Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR

Azərbaycan Mərkəzi Bankı "Statistik bülleten Fevral/2026"nı dərc edib.

Bülletendə bildirilir:

Bank sektoru 

28 fevral 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 505, şöbələrinin sayı 85, ATM-lərin sayı 3,507 olmuşdur. Hesabat ayının sonuna bank sektorunda çalışanların sayı 27,277 nəfər təşkil etmişdir.

Fəaliyyətdə olan bankların cəmi aktivləri 57,132.8 mln. manat, cəmi öhdəlikləri 49,617.4 mln. manat, balans kapitalı 7,515.4 mln. manat olmuşdur. Fevral ayında bankların cəmi aktivləri 0.3%, cəmi öhdəlikləri 0.2%, balans kapitalı isə 1.5% artmışdır. 

Hesabat ayında bankların kredit portfeli 0.5% və ya 138.8 mln. manat artaraq 30,118.9 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.3% (16,058 mln. manat); ıı) istehlak kreditləri – 31.4% (9,467.5 mln. manat) və ııı) ipoteka kreditləri – 15.3% (4,593.4 mln. manat). 

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75.2%-i və ya 37,290.6 mln. manat. Depozit portfelinin 54.8%-i (20,425.4 mln. manat) hüquqi şəxslərin, 45.2%-i (16,865.3 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir. 

Fiziki şəxslərin əmanətlərinin 68.9%-i (11,626.2 mln. manat) milli valyutada, 31.1%-i (5,239.1 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 63.4%-i (10,686.2 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri fevral ayında 2% və ya 210.3 mln. manat, tələbli əmanətləri 6% və ya 349.5 mln. manat artmışdır. 

2026-cı ilin fevral ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.5% (5,009 əmanətçi), ilin əvvəlindən isə 4.1% (7,948 əmanətçi) artaraq 202.1 min nəfər təşkil etmişdir. 

Hüquqi şəxslərin tələbli depozitləri 15,182.7 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74.3%-ni təşkil etmişdir. • 2026-cı ilin yanvar-fevral aylarında banklar 189.7 mln. manat xalis mənfəət, 301.2 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 2 ayında banklar tərəfindən ümumilikdə 47.7 mln. manat məbləğində mənfəət vergisi ödənilmişdir.

Monetar sektor 

Cari ilin fevral ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 10.6% artaraq 39,190.7 mln. manat təşkil etmişdir. 

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 95.6 mln. manat azalaraq 3,166.1 mln. manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır. Ödənişlər sektoru 

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 191 min ədəd artaraq 22 milyon 347 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 13% artmış, kredit kartlarının sayı isə 8% azalmışdır. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, fevral ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 15% artmışdır. 2026-ci ilin fevral ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,200 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 7,171 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,026 mln. manatı POS-terminallar, 3 mln. manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.7%-ni təşkil etmişdir. 

Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin fevral ayının sonu ilə müqayisədə bankomatların sayı 7%, POS-terminalların sayı 49.1% artmışdır.

Seçilən
44
26
marja.az

10Mənbələr