AZ

Rasim Balayevin yerinə yeni namizəd irəli sürüldü

“Vida mərasimində iştirak etmişəm. Oraya gəldim, jurnalistlər üstümə tökülüşdü. Az qaldı Rasim Balayev yaddan çıxsın. Hərəyə də bir cümlə dedim ki, o, bir ustad olmaqla yanaşı, həm də böyük şəxsiyyət idi. Rasim Balayev axirət dünyasını zənginləşdirməyə getdi”.

Bunu “Yeni Sabah”a açıqlamasında Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib.

O, R.Balayevin yasında iştirak edə bilməsə də, mərhumun məzarını ziyarətə getdiyini bildirib:

“Açığı yas yerinə getmədim. Ona görə ki, hamı üstümə gəlir və daxilən əsəbiləşirəm. Böyük bir dostumu itirmişəm. Onun günahına görə itirmişəm, özümün yox. İki gün əvvəl səhər tezdən getdim Birinci Fəxri xiyabana, qəbrini tapdım. Düz 20 dəqiqə oturub onunla dərdləşib, söhbətləşdim. Səhvlərimizi və düzlərimizi ona deyib gəldim”.

Kinorejissor Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) yeni sədrin R.Balayevin 40-ı çıxandan sonra seçiləcəyini deyib:

“Qurultay çağırılacaq, ondan sonra sədr seçiləcək. Amma Şəfiqə Məmmədova dəqiq olmayacaq. 12 ildir oraya yapışıb qalıb. Biz Rasim Balayevi İttifaqa sədr seçəndə Şəfiq durub istefa verdiyini desə də, hələ oradadır. Bu qədər özbaşınalıq olmaz. Kimə güvənir, kimə arxalanır bilmirəm. Kino xalqın tarixi və mədəniyyətidir. Şəfiqə yapışıb yaxamızdan əl çəkmir. Bu adam 43 ildir kinostudiyanın qapısını tanımır.

Kimin seçilməsi önəmli deyil. Əsas odur ki, kino adam olsun. Mənim fikrimcə yeni sədr rejissor Cəmil Quliyev olmalıdır. Vəssalam. Həm dövlət adamıdır - əvvəllər müxtəlif vəzifələrdə, o cümlədən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru işləyib, həm də böyük təcrübəsi var. Kinorejissor və dramaturqdur. 3-4 dildə də sərbəst danışır. Təşkilati istedadı da var”.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev martın 29-da İstanbulda müalicə aldığı klinikada vəfat edib. O, ağciyər xərçəngi və yüksək şəkər səbəbilə xəstəxanaya yerləşdirilmişdi. Onun vəfatından sonra AKİ-də sədr vəzifəsi boş qalıb. Yeni sədr isə mərhumun 40-I mərasimindən sonra keçiriiləcək qurultayda seçiləcək.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
13
9
yenisabah.az

10Mənbələr