AZ

“ABŞ və Türkiyə yeni güc mərkəzi yarada bilər AÇIQLAMA

ain.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, ABŞ-nin dövlət katibi Marko Rubio bildirib ki, İranla müharibədən sonra Vaşinqton NATO ilə münasibətlərini yenidən qiymətləndirməlidir.

ABŞ rəsmisinin fikirlərini Redaktor.az-a şərh edən politoloq Asif Nərimanlı bildirdi ki, dövlət katibinin açıqlaması, əslində, İranla müharibədə Amerikanı dəstəkləməyən NATO üzvü olan Avropa ölkələrinə ünvanlanmış bir xəbərdarlıqdır:

"Amerika hələ də belə bir dəstəyin təmin olunmasını istəyir və Avropa müttəfiqlərini xəbərdar edir ki, dəstək verməyəcəkləri təqdirdə onları hansı addımlar və gələcək gözləyir. Burada əsas məqsəd Amerikanın Hörmüz boğazının açılması ilə bağlı planına Avropa ölkələrinin dəstəyini təmin etməkdir. Vaşinqton çalışır ki, bu planı təkbaşına deyil, məhz koalisiya formasında həyata keçirsin. Ümumilikdə yanaşsaq, NATO və ABŞ arasında müəyyən bir uzaqlaşma xətti artıq çoxdan müşahidə edilir. Tramp administrasiyası Monro doktrinasının yeni bir formatını tətbiq edərək, əsas diqqəti Qərb yarımkürəsində Amerikanın maraqlarının təmin olunmasına yönəldir. Bu yanaşmada xüsusən NATO üzvü olan Avropa ölkələri kənarda qalır".

Müsahibimizin sözlərinə görə, əvvəllər "Qərb" anlayışı daxilində Amerika və Avropanı bir tam kimi görürdüksə, artıq Tramp administrasiyasının siyasəti fərqlidir və Avropa burada kənarda qalmış bir oyunçu təsirini bağışlayır:

"Bu vəziyyət təkcə İran müharibəsi ilə məhdudlaşmır, ümumi geosiyasi planlardan qaynaqlanır. Tramp administrasiyasının Ukrayna məsələsində Rusiya ilə anlaşma istəkləri də bunu təsdiq edir. Bütün bunlar o deməkdir ki, İran müharibəsinin yekununda nəticənin nə olmasından asılı olmayaraq, Amerika-NATO münasibətlərində yeni bir sınaq dövrü başlaya bilər. Hesab etmirəm ki, Amerika NATO-dan tamamilə çıxacaq, lakin alyansa, xüsusən də Avropa ölkələrinə verdiyi dəstəyi xeyli azalda bilər. Biz bu siyasəti daha öncə də görmüşük; burada əsas hədəf Amerikanın NATO-ya xərclədiyi vəsaiti azaltmaq və Avropa ölkələrinin silaha daha çox pul xərcləməsinə nail olmaqla ABŞ hərbi sənayesinin gəlirlərini təmin etməkdir. Bu prosesdə Amerikanın Türkiyə ilə birlikdə hərəkət etmək strategiyası da istisna deyil. NATO-nun əsas hərbi gücü Amerika, ikinci əsas gücü isə Türkiyədir".

Politoloqun fikrincə, Avropa ölkələri Tramp administrasiyasının siyasətinə qarşı Türkiyə ilə yaxınlaşmağa və NATO daxilində Amerikasız yeni bir güc formalaşdırmağa çalışırlar.

"Bunun üçün Türkiyənin dəstəyinə ehtiyac duyduqlarından, hazırda Ankara ilə yaxınlaşma siyasəti yürüdürlər. Lakin Amerika da paralel şəkildə Türkiyəni öz cəbhəsinə çəkmək və Avropadan uzaqlaşdırmaq xəttini davam etdirir. Türkiyənin əsas marağı isə müstəqil xarici siyasət yürüdən regional güc faktoru kimi çıxış etməkdir. Bu kontekstdə Ankara həm Amerika ilə əməkdaşlığı ön plana çıxaracaq, həm də yaranmış bu mürəkkəb prosesdən öz maraqları naminə məharətlə istifadə edəcəkdir. Yekun olaraq qeyd etmək olar ki, müharibədən sonra biz daha çox Amerika ilə NATO-nun Avropa qanadı arasındakı münasibətlərin sınaq dövrünü müşahidə edəcəyik. Amerika alyansdan çıxmasa belə, dəstəyini zəiflədəcək. Əgər Avropa ölkələri Türkiyəni öz yanlarına ala bilməsələr, - bu, indiki şəraitdə kifayət qədər çətin görünür, - o zaman bu geosiyasi rəqabətdə itirən tərəf məhz Avropa olacaq. Hazırkı açıqlamaları isə cari mərhələdə Hörmüz məsələsini koalisiya formasında həll etməyə hesablanmış bir xəbərdarlıq kimi qəbul etməliyik", - deyə Nərimanlı yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
1
redaktor.az

2Mənbələr