AZ

Naxçıvanda suvarma infrastrukturunun yaxşılaşdırılması müzakirə olunub

Naxçıvan Muxtar Respublikasında suvarma infrastrukturunun yaxşılaşdırılması və kooperativlərin yaradılması müzakirə olunub.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir Məcnun Məmmədovun Naxçıvana səfəri çərçivəsində baş tutub.

Nazir əvvəlcə Əlincəçay-Bənəniyar su kanalına və Bənəniyar su anbarına baxış keçirib. Ona məlumat verilib ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq Əlincəçaydan su götürən və Culfa rayonu ərazisində yerləşən Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması işləri davam etdirilir. Layihə çərçivəsində ümumilikdə 6 550 metr uzunluğunda kanalın yenilənməsi nəzərdə tutulur.

Daha sonra M.Məmmədov Ordubad rayonunun Dəstə kəndindəki təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb. Görüşdə əsasən qurulacaq su infrastruktruna paralel olaraq, kooperativlərin yaradılması, torpaq və su resurslarından səmərəli istifadə edilməsi məsələləri müzakirə edilib. Ardınca aqrar sahəyə dövlət dəstəyi tədbirləri, kənd təsərrüfatının inkişafı, suvarma sistemlərinin genişləndirilməsi istiqamətində stimullaşdırıcı tədbirlər və digər mövzularda fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti mənbəyi Araz çayı olan "Araz-1" və "Araz-2" nasos stansiyalarının yenidənqurma işləri və su xəttinin çəkilişi prosesi ilə də tanış olub. Səfər iştirakçılarına məlumat verilib ki, bu nasos stansiyaları vasitəsilə Babək rayonunun Nehrəm qəsəbəsi, Araz və Çeşməbasar kəndlərinin torpaq sahələri suvarılır. Hazırda Dövlət Proqramının icrasına uyğun olaraq layihə üzrə tikinti işləri mərhələli şəkildə davam etdirilir. Layihə tam başa çatdıqdan sonra Nehrəm qəsəbəsindəki 1000 hektar torpaq sahəsi ilə yanaşı, əlavə olaraq 2000 hektara yaxın suvarılan torpaq sahəsinin də su təminatı yaxşılaşdırılacaq.

Səfər iştirakçıları Şərur rayonunda kartof, tütün sahələrinə baş çəkib, rayonda su kanalların mövcud vəziyyəti ilə tanış olub, kənd təsərrüfatı sahələrinə suvarma suyunun səmərəli və itkiyə yol verilmədən çatdırılması üçün görülən işlərlə maraqlanıblar.

Seçilən
43
9
far.az

10Mənbələr