AFFA-nın Hesabat Konfransı keçirilir.
Offsideplus.az xəbər verir ki, qurumun prezidenti Rövşən Nəcəf son bir ildə Azərbaycan futbolda baş verənləri dəyərləndirib:
"Millimiz çətin sınaqdan keçdi, layiqli mübarizə apardı. Düzgün müəyyənləşdirmə ili hesab edirik. Ayxan Abbasova çətin vaxtda məşqçi olmasına, oyun tərzinin dəyişməsi üçün təşəkkür edirəm. "FIFA Series" turnirinin qalibi olması nizam-intizamın göstəricisidir. Milli komandamızı bu qələbə ilə bağlı təbrik edir və inanırıq ki, tezliklə azarkeşləri sevindirəcəyik. Qadın millimizin çıxışı da uğurlu alındı, onları da təbrik edirəm. Komanda sayı 12-yə çıxarıldı, legioner limiti ləğvolundu. Bu səviyyənin artmasına kömək etdi. Klublarımızdan "Qarabağ"ın nailiyyətləri xüsusi qeyd olunmalıdır. Nəhəng klublara qarşı layiqli mübarizə apardı. Bu emosiyaları yaşatdığı üçün "Qarabağ" klubu və Qurban Qurbanova təşəkkür edirəm.
Kişilər arasında U-20 dünya çempionatı Azərbaycan və Özbəkistana həvalə olundu. Bu, Azərbaycan və Özbəkistanın idmana olan diqqəti, qayğısının göstəricisidir. Azərbaycan hakimlərinin beynəlxalq arenalarda çıxışları uğurlu alındı. Biz qəbul edirik ki, bu sahədə çox dəyişiklik etməli, tədbirlər görməliyik. Bu yöndə fəaliyyəti davam etdirəcəyik.
Azərbaycan futbolu məsuliyyətli mərhələyə qədəm qoyub. Qarşıdakı hədəflərə nail olmaq üçün AFFA və futbol ailəsi birləşib üzərinə düşən vəzifəni yerinə yetirəcəyinə inanıram".