AZ

Ağ Evdə zəlzələ: baş prokuror getdi, Baş Qərargah rəisi istefa verdi Tramp ABŞ sistemini yenidən qurur

ain.az bildirir, Moderator.az portalına istinadən.

ABŞ prezidenti Donald Trampın administrasiyasında baş verən son hadisələr artıq açıq siyasi silkələnmə mərhələsinə keçib. Ölkənin baş prokurorunun istefasından sonra indi də ABŞ Ordusunun Baş Qərargah rəisi postunu tərk edib. Bu proses Vaşinqtonda təkcə kadr dəyişiklikləri deyil, idarəetmə modelinin köklü şəkildə dəyişdirilməsi kimi qiymətləndirilir.

Pentaqon ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcun istefasını rəsmi şəkildə elan edib. Məlumata görə, bu barədə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell açıqlama verib. O bildirib ki, “Corc ABŞ Ordusunun 41-ci Baş Qərargah rəisi vəzifəsindən istefa verir” və bu qərar dərhal qüvvəyə minib.

Parnell eyni zamanda generalın artıq vəzifəsini tərk etdiyini təsdiqləyib. Qeyd olunur ki, bundan əvvəl ABŞ Müdafiə naziri Pit Heqsetin Corcdan “dərhal istefa verməsini” istədiyinə dair məlumat yayılmışdı. Mənbələrin bildirdiyinə görə, Heqset bu vəzifədə prezident Donald Trampın və Pentaqon rəhbərliyinin “ordunun inkişafı üzrə yeni vizyonunu həyata keçirəcək” başqa bir şəxsi görmək istəyirdi.

Bu istefa ABŞ-da hərbi rəhbərlikdə nadir və diqqətçəkən hadisə hesab olunur. Çünki Baş Qərargah rəisi səviyyəsində dəyişikliklər adətən yalnız böyük strateji və ya siyasi zərurət olduqda baş verir.

Eyni zamanda ABŞ-ın baş prokuroru Pam Bondinin istefası da artıq təsdiqlənib. Associated Press-in məlumatına görə, onun fəaliyyəti dövründə Ədliyyə Nazirliyində kütləvi dəyişikliklər aparılıb, karyera hüquqşünasları sistemdən uzaqlaşdırılıb və bu, qurumun müstəqilliyi ilə bağlı ciddi müzakirələr yaradıb. Reuters isə qeyd edir ki, Tramp Bondinin fəaliyyətindən narazı idi və onu kifayət qədər sərt olmamaqda ittiham edirdi.

Bütün bunlarla yanaşı, Reuters-in digər məlumatlarında bildirilir ki, son aylarda ABŞ-da onlarla federal prokuror və hüquq sistemi əməkdaşı da istefa verib. Bu istefalar əsasən siyasi müdaxilə iddiaları, araşdırmalardan kənarlaşdırılma və daxili narazılıqlar fonunda baş verib.

CNN bu prosesi Ağ Evdə idarəetmə sabitliyinin pozulması kimi qiymətləndirir və bildirir ki, kadr dəyişikliklərinin sürətlənməsi qərarvermə mexanizminə təsir edir. NBC isə əksinə, bunu planlı “kadr yenilənməsi” kimi təqdim edir və qeyd edir ki, Tramp öz siyasi xəttinə uyğun, daha loyal komanda qurur.

Donald Tramp özü də bu prosesləri gizlətmir. O, çıxışlarında bildirib ki, ABŞ dövlət aparatında “köhnə və qeyri-effektiv kadrlar” uzaqlaşdırılmalıdır, hüquq və təhlükəsizlik sistemi daha sərt işləməli və administrasiya onun siyasi kursuna tam uyğun fəaliyyət göstərməlidir.

Analitiklər hesab edir ki, hazırda ABŞ-da üç paralel proses gedir: dövlət aparatının mərkəzləşdirilməsi, loyal kadrların önə çəkilməsi və klassik institusional sistemin zəiflədilməsi. Baş prokurorun və Baş Qərargah rəisinin ardıcıl istefaları isə bu prosesin artıq açıq fazaya keçdiyini göstərir.

Hazırda Vaşinqtonda yeni istefaların da gözlənildiyi bildirilir. Bu dəyişikliklər təkcə ABŞ-ın daxili siyasətinə deyil, həm də NATO-nun gələcəyinə, Ukrayna müharibəsinin siyasi dinamikasına və ümumilikdə qlobal güc balansına birbaşa təsir edir.

Bütün bunların fonunda əsas nəticə aydındır: ABŞ-da artıq sadəcə kadrlar dəyişmir, dövlət aparatının özü yenidən qurulur. /Musavat.com/

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
37
moderator.az

10Mənbələr