AZ

Zülfiyyə Nuriyeva: “Müasir gənclərin psixoloji və emosional vəziyyətinə diqqət vacibdir”

Yeniyetmələrin valideynlərinə qarşı zorakılıq halları son zamanlar cəmiyyətdə narahatlıq doğurur.

Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib ki, yeniyetmələrin valideynlərinə qarşı zorakılıq halları təkcə bir hadisə ilə bağlı deyil, uzun müddətli psixoloji və emosional gərginliyin nəticəsidir.

Zülfiyyə Nuriyeva vurğulayıb ki, müasir dövrdə gənclərin psixoloji və emosional problemləri getdikcə artmaqdadır. Onun sözlərinə görə, internet istifadəsi, ailədaxili anlaşılmazlıq və münaqişələr uşaqların psixoloji stabilliyini pozur, nəticədə aqressiya və zorakılıq hallarına yol açır.

“Valideynlər uşaqların yanında hər sözü danışmamalı və hər münaqişəni həll etməməlidirlər. Ailədaxili zorakılıq isə gənclərə daha pis təsir edir. Tək gəncləri günahlandırmaq doğru deyil,” – deyə Zülfiyyə Nuriyeva bildirib.

O, həmçinin qeyd edib ki, belə hallar bir günün içində formalaşmır; illərlə yığılan psixoloji, emosional və sosial gərginlik nəticəsində uşaqlar bəzən valideynlərinə qarşı cinayət törətməyə cəsarət edir. Müasir gənclərin istəkləri və yaşam tərzi köhnə ənənə və tərbiyə üsulları ilə formalaşdırıla bilməz.

 

Zülfiyyə Nuriyeva valideynlərə tövsiyə edib ki, uşaqlarının ətrafını daim nəzarətdə saxlasınlar, onların internetdən istifadəsini izləsinlər və evdə dost münasibəti qurmağa çalışsınlar. Eyni zamanda, məktəblərdə psixoloqların beşinci sinifdən etibarən uşaqlarla fərdi və qrup işləri aparmasının vacib olduğunu vurğulayıb.

 

“Uşaqlarla tək işləmək kifayət etmir. Kompleks yanaşma – valideynlər, uşaqlar və ailələr üzərində işləmək – mütləqdir. Müasir ailələr bunu nəzərə almalıdır,” – deyə Zülfiyyə Nuriyeva bildirib.

Zəhra Ağayeva

Seçilən
65
qht.az

1Mənbələr