"Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Aparılan sülh danışıqlarında daim konstruktivlik ortaya qoyan Prezident İlham Əliyev müxtəlif beynəlxalq platformalarda qətiyyətlə bildirirdi ki, Azərbaycan işğal faktı ilə heç vaxt barışmayacaq, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, işğalın nəticələri başqa yollarla aradan qaldırılacaq. Beləliklə, dövlət başçısının qətiyyətli siyasi iradəsi əsasında ölkənin ərazi bütövlüyünün təmin olunması daim Azərbaycanın gündəliyinin mərkəzində saxlanıldı, bu istiqamətdə planlı iş aparıldı.
Müharibə geniş mənada ölkələrin milli güclərinin qarşı-qarşıya gəlməsi anlamında qəbul olunur. İqtisadiyyatı güclü olmayan dövlət heç vaxt müharibənin qalib tərəfinə çevrilə bilməz. Bu mənada Prezident İlham Əliyevin respublikamızın iqtisadi müstəqilliyinin təmin olunması məqsədilə həyata keçirdiyi ardıcıl siyasət xüsusi vurğulanmalıdır. İqtisadi imkanların genişləndirlməsi ölkənin siyasi müstəqilliyini şərtləndirməklə yanaşı, həm də müasir ordu quruculuğu üçün geniş perspektivlər açdı. Ölkəmizdə güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı şəkildə həyata keçirilən tədbirlər kompleks xarakter daşıyıb. Dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə lazımi qədər vəsait yönəldilib. Bütövlükdə, davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub. Aprel döyüşləri, ondan sonrakı əməliyatlar, Vətən müharibəsi və antiterror tədbirləri göstərdi ki, Azərbaycan ötən dövrdə ordu quruculuğunda müasir yanaşmalara və innovativ texnikalardan istifadə olunmasına üstünlük verib. Respublikamızda aparılan müasir ordu quruculuğu siyasətinin mühüm bir istiqamətini isə şəxsi heyətin peşəkarlığının artırılması, kadrların yetişdirilməsi, həmçinin əsgər və zabitlərin sosial təminatlarının gücləndirilməsi təşkil edib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31