AZ

Trampın yaxın adamı NATO-nu hədəf aldı

ABŞ-də NATO ilə bağlı mübahisələr daha da kəskinləşir.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi, general-leytenant Kit Kelloq NATO-nu sərt tənqid edib.

O, “Fox News”a müsahibəsində alyansı “qorxaq təşkilat” adlandıraraq bildirib ki, ABŞ alternativ müdafiə ittifaqı yaratmağı düşünməlidir:

“NATO qorxaq təşkilata çevrilir. Bəlkə də bizə yeni müdafiə strukturu lazımdır”.

Kelloqun sözlərinə görə, bu zəiflik ABŞ və İsrailin İrana qarşı əməliyyatları zamanı üzə çıxıb. O qeyd edib ki, Vaşinqton NATO-dan çıxmağa imkan verən müqavilənin 13-cü maddəsindən istifadə edə bilər.

Keçmiş xüsusi nümayəndə yeni ittifaqın tərkibində Yaponiya, Avstraliya, Almaniya, Polşa və Ukraynanın yer ala biləcəyini deyib və xüsusilə Ukraynanı “yaxşı müttəfiq” kimi qiymətləndirib.

Xatırladaq ki, daha əvvəl Tramp da NATO-dan çıxmaq ehtimalını gündəmə gətirmiş və alyans ölkələrinin İrana qarşı əməliyyatlarda ABŞ-ni dəstəkləmədiyini tənqid etmişdi. O, bəzi müttəfiqləri “kağız pələnglər” adlandırmışdı.

Məlumata görə, ABŞ müttəfiqlərindən Hörmüz boğazına hərbi gəmilər göndərmələrini tələb etsə də, Almaniya, Fransa, İtaliya, İspaniya və İsveç bundan imtina edib. Böyük Britaniya isə yalnız məhdud dəstək variantlarını nəzərdən keçirəcəyini bildirib.

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas isə açıq şəkildə bəyan edib ki, ABŞ və İsrailin İranla münaqişəsi “Avropanın müharibəsi deyil”.

Bunun fonunda Tramp Avropa ölkələrini “qorxaqlar” adlandırıb və NATO-nun gələcəyi ilə bağlı pessimist proqnozlar verib.

Lakin ABŞ Senatında həm respublikaçılar, həm də demokratlar bu mövqeyi tənqid ediblər. 

Qeyd olunur ki, ABŞ-nin NATO-dan çıxması üçün ya Senatın üçdə iki hissəsinin dəstəyi, ya da Konqresin ayrıca qanunu tələb olunur.

Musavat.com

Seçilən
51
1
musavat.com

10Mənbələr