AZ

PFL ləğv ediləcək? - AFFA prezidenti sualı cavablandırdı

AFFA prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib PFL-in ləğv ediləcəyi və ya fəaliyyət dairəsinin daraldılacağı ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, o, mətbuat konfransında belə danışıb:

"PFL hazırda AFFA ilə imzalanmış müqavilə çərçivəsində öz fəaliyyətini davam etdirir. Gələcəkdə bu müqavilənin şərtlərində dəyişiklik edilməsi, funksiyaların artırılması və ya azaldılması mümkündür. Bu, müzakirə oluna biləcək məsələdir. Lakin mahiyyət etibarilə PFL federasiyanın ona ötürdüyü səlahiyyətləri icra edir. Bu prosesin hansı formatda davam edəcəyi gələcək ehtiyaclara və səmərəliliyə görə müəyyənləşəcək.

Milli assosiasiyanın rəhbəri qeyd edib ki, klubların cərimə məbləğlərindən narazı qalması ilə bağlı hüquqi prosedurlar mövcuddur:

"İntizam Komitəsi müstəqil qurumdur, AFFA-nın onun fəaliyyətinə müdaxiləsi mümkün deyil. Cərimələrlə bağlı narazılığı olan klublar apellyasiya şikayəti verə bilərlər. Lakin bir məqamı qeyd edim ki, cərimələrdən toplanan vəsaitlər yenidən klubların inkişafına yönəldilir. Bu vəsaitlər AFFA-nın büdcəsində qalmır, yenidən futbolun və klubların maliyyələşməsinə xərclənir. Bu baxımdan, "klubların soyulması" kimi ifadələr düzgün deyil".

Veteran futbolçuların işsiz qalması ilə bağlı sualları cavablandıran AFFA prezidenti karyerasını bitirən hər bir oyunçuya dərhal iş verməyin qeyri-mümkün olduğunu qeyd edib:

"Bu həm də klubların işidir. Biz mütəxəssis seçimində funksiyaya uyğunluq və ədalətli yanaşma prinsiplərini rəhbər tuturuq. Onların təcrübəsindən strategiyamıza uyğun şəkildə istifadə etməyə çalışırıq".

Qurum başqanı legioner limitinin ləğvinin effektli alındığını diqqətə vurğulayıb:

"Limitin ləğvi rəqabəti artırıb və klublarımızın beynəlxalq arenalardakı uğurları buna sübutdur. Statistik olaraq yerli oyunçuların sayında cüzi azalma olsa da, oyun keyfiyyəti yüksəlib. Bunun nəticəsini tam görmək üçün prosesi mütəmadi monitorinq edəcəyik".

Qeyd edək ki, bu gün AFFA-nın Hesabat Konfransı keçirilib.

Seçilən
7
1
fanat.az

2Mənbələr