AZ

“Bu, şəhərin estetik mühitinə qarşı vandalizm aktıdır” - Cəsarət Hüseynzadə

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanılıb, faktla bağlı cinayət işi açılıb. Qraffiti tipli təsvirlər çəkən şəxslərin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.

Nizami Kino Mərkəzinin divarına qraffiti çəkilməsi ilə bağlı yayılan görüntülər ictimaiyyət arasında ciddi narahatlıq doğurub. QHT.az bildirir ki, bu sözləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib və hadisəni şəhərin estetik simasına qarşı yönəlmiş vandalizm aktı kimi qiymətləndirib.

C.Hüseynzadənin sözlərinə görə, Bakı dünyanın ən gözəl şəhərlərindən biri olmaqla yanaşı, təmizliyi və səliqəsi ilə seçilən nadir paytaxtlardan biridir. O qeyd edib ki, şəhərin bu səviyyəyə çatması illərlə aparılan böyük zəhmət, diqqət və ciddi maliyyə vəsaitləri hesabına mümkün olub. Sədr bildirib ki, paytaxtın hər küçəsi, hər binası və hər abidəsi ölkənin mədəniyyətini, tarixini və milli dəyərlərini əks etdirir.

Cəsarət Hüseynzadə bildirib ki, Nizami Kino Mərkəzi kimi mühüm mədəniyyət ocağının divarına qraffiti çəkilməsi “şəhərin estetik mühitinə zərbə vuran, ictimai dəyərlərə hörmətsizlik göstərən vandalizm hərəkəti” kimi qiymətləndirilməlidir.

Sədr vurğulayıb ki, hadisədə yeniyetmələrin, o cümlədən məktəbli qızların iştirak etməsi məsələyə əlavə həssaslıq qazandırır. Onun fikrincə, bu hal ailə tərbiyəsi, valideyn nəzarəti və mənəvi məsuliyyət mövzularının cəmiyyət üçün nə qədər aktual olduğunu bir daha gündəmə gətirir.

C.Hüseynzadənin sözlərinə görə, bəzi hallarda qraffiti müasir incəsənət nümunəsi kimi təqdim olunsa da, nəzarətsiz və məsuliyyətsiz yanaşma şəhər mühitində estetik çirklənməyə səbəb olur. O qeyd edib ki, bir çox Avropa şəhərlərində bu məsələnin yaratdığı mənfi nəticələr artıq açıq şəkildə görünməkdədir.

“Biz ictimai xadimlər, hər bir şəhər sakini Bakının bu cür aqibətlə üzləşməsinə imkan verə bilmərik” – deyə Cəsarət Hüseynzadə bildirib.

Sədr əlavə edib ki, müvafiq dövlət qurumları tərəfindən hadisə ilə bağlı ciddi və prinsipial tədbirlər görülməli, cəmiyyət isə bu kimi hallara qarşı biganə qalmamalıdır.

“Şəhərimizi qorumaq hər birimizin borcudur. Hər daşının, hər küçəsinin, hər abidəsinin qədrini bilməliyik” – deyə o fikrini yekunlaşdırıb.

Fatimə Nəbiyeva

Seçilən
26
2
qht.az

10Mənbələr