AZ

Bağlanan Hörmüz boğazı - tükənməyən alternativlər - ŞƏRH

İran yükdaşımalar üçün problem yaratdığından Hörmüz boğazından istifadə edən dövlətlər alternativ marşrutlar axtarırlar. Yaxud bu istiqamətdə yeni layihələr reallaşdırmağı planlaşdırırlar.

Məlumatlara əsasən, Yaxın Şərqdəki böhranın güclənməsi fonunda Türkiyə Hörmüz boğazından yan keçərək neft və qaz tədarükü üçün beş alternativ marşrut hazırlayıb. Türkiyənin Ticarət Nazirliyindən bildirilib ki, Bəsrə körfəzi (Kəngər körfəzi) bölgəsindən enerji daşıyıcılarının nəql edilməsi üçün bir neçə marşrut nəzərdən keçirilir: İraq və Suriyadan keçərək quru yolu ilə tədarük, Süveyş kanalı, Qırmızı dəniz, İordaniya və Səudiyyə Ərəbistanı vasitəsilə kombinə edilmiş marşrut, habelə Omanın BƏƏ-dəki limanı və bölgənin digər dövlətlərindən keçən yol.

Bundan əlavə, variantlardan biri kimi Ümid burnu vasitəsilə marşrut da qeyd olunub. Ancaq bu marşrut maliyyə və çatdırılma müddəti baxımından sərfəli sayılmır. Çünki çatdırılma müddəti ənənəvi yolla müqayisədə 10-15 gün artırır və bu zaman nəqliyyat xərcləri də yüksəlir. Odur ki, bu istiqamət səmərəli və sərfəli hesab olunmur.

Son günlər Türkiyənin Hörmüzdə 11 gəmisinin qaldığı, onlardan birinin yola çıxdığına dair məlumatlar yayılmışdı. Ancaq bu ona gərginlik, böhran bitməyənədək İranın nəzarətində və blokadasındakı su hövzəsindən yararlanmağı davam etdirməyə təminat vermir.

Bu marşrutla neft-təbii qaz idxal edənlərlə yanaşı, ixracatçılar da ciddi problemlə üzləşiblər. Məsələn, Çinin İranla münasibətləri strateji tərəfdaşlıq səviyyəsində olmasına baxmayaraq, İslam Respublikası belə onların tələbatının ödənilməsində problemlə üzləşir. Çin yalnız İrandan deyil, körfəzdəki ərəb ölkələrindən də neft-qaz idxal edir.

 
Yeri gəlmişkən, körfəzdəki ərəb ölkələri - Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Küveyt, Qətər, Bəhreyn, Oman qlobal neft tədarükünün çox mühüm bir hissəsini təmin edir. 2026-cı ilin martından, ABŞ və İsrail İranda hərbi əməliyyatlara başlayandan bölgədə yaşanan geosiyasi gərginliklər neft ixracında da ciddi problem yaradıb.

İran da daxil olmaqla bölgə ölkələri gündəlik təxminən 20-25 milyon barel həcmində nefti Hörmüz boğazı vasitəsilə dünya bazarlarına ixrac edirdi. Ancaq Yaxın Şərqdə böhran yaranandan region ölkələrinin ümumi neft ixracatı gündəlik 9,7 milyon barel səviyyəsinədək azalıb.

Bu arada, aprelin 2-də "Brent" markalı neftin iyun fyuçerslərinin qiyməti 141,37 ABŞ dolları təşkil edib. Onun maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

Səudiyyə Ərəbistanı körfəzin ən böyük ixracatçısı sayılır. O, 2025-ci ilin sonunadək gündəlik təxminən 6-7 milyon barel, İraq 3-4 milyon, BƏƏ 3 milyon, Küveyt 1,3-1,5 milyon barel həcmində neft ixrac edib.

Dünyada ən çox neft ehtiyatı Körfəz ölkələrinin payına düşür: Səudiyyə Ərəbistanı- 267 milyard barel (dünyada 2-ci yerdə, birinci yerdə 303-304 milyard barel neft ehtiyatı ilə hazırda ABŞ-nin nəzarəti altında olan Venesueladır), İran - 208-209 milyard barel (3-cü), İraq -145 milyard barel, BƏƏ - 113 milyard barel, Küveyt - 101-102 milyard barel, Qətər - 25 milyard barel.

Odur ki, körfəzdəki ərəb ölkələrində dünya neft ehtiyatının 45-50 faizi cəmləşib.

Dünyada isə neft ehtiyatının 1 trilyon 570 milyard – 1 trilyon 700 milyard barel olduğu ehtimal edilir. Çinlə yanaşı, Hindistan, Yaponiya, Cənubi Koreya kimi ölkələr Hörmüz boğazından neft daşımaları həyata keçirirlər. Neft və təbii qazdan gələn gəlir Körfəz ərəb ölkələrinin dövlət büdcənin 70-90 %-ni təşkil edir.

Hörmüz boğazı indiki kimi heç vaxt birmənalı şəkildə bağlanmayıb. 1980-ci ildə İran-İraq müharibəsi zamanı belə o tamamilə bağlanmamışdı. Onda "tanker müharibəsi" (1980-1988-ci illərdə İran və İraq biri-birinin neft ixracını kəsməyə çalışaraq tankerlərə hücum edirdi) zamanı ciddi məhdudiyyətlər yaranmış, gəmilərə hücumlar edilmiş, qismən blokada qeydə alınmışdı. Ancaq hərəkətin tam dayandırılması baş verməmişdi.

 

Artıq bölgə ölkələri alternativ marşrutlardan istifadə etməyə başlayıb. Səudiyyə Ərəbistanı 1980-ci illərdə neft böhranı zamanı tikilmiş və gündə 7 milyon barel nefti Qırmızı dənizdəki Yənbu limanına daşıyaraq Hörmüzdən tamamilə yan keçən 1 200 kilometrlik Şərq-Qərb boru kəmərindən istifadə etməyə başlayıb. Ölkənin "Aramco" neft şirkətinin rəhbərliyi hazırda bu marşrutun gücünü artırmağı düşünür, yaxud yeni marşrutlar axtarır.

İraq Hörmüz boğazından yan keçərək Suriya vasitəsilə neft ixracına başlayıb. O, xam nefti avtosisternlərlə Suriya ərazisi vasitəsilə ixrac edir. Bu barədə İraqın Neft Nazirliyi aprelin 2-də açıqlama yayıb. Suriya bu məsələdə təhlükəsiz nəqliyyatı təmin edir. İraqın ixracatın həcmini artıracağı da istisna olunmur. İraqdan ixrac edilən neft Aralıq dənizi sahilindəki Baniyas terminalına çatdırılır, oradan isə tankerlərə yüklənir. İlkin mərhələdə planlaşdırılan 299 avtosisterndən 178-i artıq Suriyaya çatıb.

İraq büdcə gəlirlərinin təxminən 90%-ni neft ixracı hesabına əldə edir. Ona görə də alternativ marşrutların axtarışı ölkə iqtisadiyyatı üçün vacib sayılır.

Marşrutlardan biri də Hindistandan Avropaya uzanan Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizidir.

Yeni boru kəməri layihələrinin qarşısındakı ən böyük maneə isə nəhəng xərclərdir. Bundan əlavə, coğrafi çətinliklər və ciddi təhlükəsizlik riskləri digər maneələr kimi ön plana çıxır. Şərq-Qərb xəttinin bənzərini tikməyin xərcinin ən azı 5 milyard dollar, İraq üzərindən keçəcək çoxmillətli xətlərin xərclərinin isə 15-20 milyard dollar olacağı ehtimal edilir.

Mütəxəssislərin təhlillərinə əsasən, texniki çətinliklərdən başqa, İraqdakı partlamamış sursat və silahlı qrupların mövcudluğu kimi risklər də layihələri çətinləşdirə bilir. Omandakı Salalah limanına İranın PUA hücumları, alternativ marşrutların da təhdidlərdən tamamilə azad olmadığını göstərir.

Böyük Britaniya isə boğazın yenidən açılması üçün 35 ölkə ilə koalisiya quraraq Tehranla danışıqlar aparmaq niyyətindədir. Ancaq bu da çıxış yolu sayılmır. Çünki müharibə davam etdiyindən vəziyyətin yenidən gərginləşməyəcəyinə təminat verən yoxdur.

Mütəxəssislər mövcud enerji böhranının miqyası səbəbilə bölgədəki status-kvonun münaqişədən əvvəlki vəziyyətinə qayıdacağını gözləmədiklərini də vurğulayıblar.

2023-2024-cü illərdə Yəməndəki husi qiyamçıları Qırmızı dənizdə Bab-əl-Mandəb boğazını bloklamışdılar. Onlar Qırmızı dənizdə və Ədən körfəzində gəmilərə hücum edirdi. Onda İranın himayə etdiyi qiyamçılar İsrail, ABŞ və ya Böyük Britaniya ilə əlaqəli ticarət gəmilərinə hücum etməklə "Fələstinə dəstəklərini" bildirirdilər. Son günlər husilər İslam Respublikası ilə birlikdə Bab-əl Məndəb boğazını yenidən bağlayacaqları barədə beynəlxalq ictimaiyyəti hədələyiblər.

Ancaq İranın Hörmüz boğazı vasitəsilə regional və qlobal səviyyədə yaratdığı iqtisadi, energetika təhlükəsi bumeranq effekti də verə bilər. Belə ki, körfəz və ondan kənar dövlətlər bu ərazidən keçiddən imtina etməklə İranı boykot edə bilərlər. Məsələn, onlar quru yolu ilə neft və başqa məhsulların ixracını reallaşdırarlar.

 

Osmanlı imperatoru II Əbdülhəmid 1900-1908-ci illər arasında Dəməşq ilə Mədinə arasında 1 322 kilometr uzunluğundakı dəmiryol xətti inşa etdirirdi. Buna tarixdə Hicaz dəmir yolu da deyilir. Əsas hədəf bu yolu Məkkəyə qədər uzatmaq idi. Ancaq sonradan bu xətt qapadıldı və Hicaz-Suriye dəmiryolu və Hicaz-İordaniya xətti fəaliyyətə başladı və s. Bu xətt Suriyanın cənubu, İordaniya və Səudiyyə Ərəbistanının qərbini əhatə edə bilər.

Odur ki, II Əbdülhəmidin ideyasının inkişaf etdirilmiş şəkildə yenidən qayıtması quru yolun əhəmiyyətini artırar.

Hörmüzdən, Qırımızı dənizdən kənar layihələrin gerçəkləşdirilməsi bölgədəki müxtəlif pozucu qüvvələrin beynəlxalq ictimaiyyəti gələcəkdə də təhdid iddiasından məhrum edər.

Yaranmış vəziyyət Xəzərdən keçən Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) də əhəmiyyətini artırır. Bu yol Çin, Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirməklə yanaşı, gələcəkdə Yaxın Şərq ölkələrinin də bu marşrutdan istifadəsini mümkün edir.

Beləliklə, Hörmüz boğazı aləti ilə yaranan böhranın tezliklə aradan qalxacağı istisna olunmur. Bəhs etdiyimiz su hövzəsi isə yaxın gələcəkdə əhəmiyyətini itirər. Gələcəkdə onun ödənişli olması planı da uğursuzluğa düçar olar. Alternativ isə kəmfürsətdən qurtuluş yoludur.

Sədrəddin İsmayılov,
Report.az

Seçilən
8
musavat.com

1Mənbələr