AZ

Göl qurudulur, balıqlar kütləvi ölür: bu bölgəmiz fəlakətin astanasında VİDEO

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Biləsuvar rayonunda yerləşən Mahmudçala gölünün qurudulduğu iddia olunur. Bildirilir ki, göldə suyun səviyyəsi azaldığı üçün çox sayda balıq kütləvi şəkildə ölüb.

Ərazidə əslində nə baş verir?

Globalinfo.az-a danışan Azərbaycan Ovçuları və Təbiəti Mühafizə Klubunun rəhbəri Elmar Babayev deyib ki, Mahmudçalada ovçuluq təsərrüfatı ilə bağlı vəziyyət narahatlıq doğurur:

“Martın 14-də əraziyə baxış zamanı məlum oldu ki, bəndin qarşısı açılıb və “Maskovski” adlanan kanala su buraxılır. Nəticədə su heç bir tənzimləmə olmadan dənizə axır. Bu isə xüsusilə balıqların kürüvermə dövründə ciddi problem yaradır. Belə ki, balıqlar həmin kanal vasitəsilə yuxarı qalxır, bəzi yerlərdə isə torlar və digər qurğular quraşdırılaraq ovlanır. Rəsmi sənədlərə görə ərazisi 7500 kvadrat metr olan çalanın sahəsi hazırda təxminən 5000 kvadrat metr qalıb və böyük hissəsi quruma təhlükəsi ilə üz-üzədir. Halbuki burada zəngin flora və fauna mövcuddur, minlərlə su canlısı, balıqlar, köçəri və su-bataqlıq quşları, geniş qamışlıqlar bu ekosistemin əsas hissəsidir. Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq qurumuna müraciət olunub və kanalın bir hissəsi bağlanıb. Lakin digər hissələrdə bənd açıq qaldığından suyun axını davam edir və problem aradan qalxmır”.

Elmar Babayev

E.Babayevin sözlərinə görə, bu halın hər il təkrarlanması vəziyyəti daha da ağırlaşdırır:

“Ötən il də bu səbəbdən çoxlu sayda balıq və digər canlılar məhv olub. Tələbimiz budur ki, ETSN, Kənd Təsərrüfatı Nazirliyi (KTN) və su meliorasiyası üzrə qurumların nümayəndələri əraziyə birgə baxış keçirsin. Bəndin giriş-çıxış rejimi tənzimlənməli, suyun həm kanala, həm də çalaya balanslı şəkildə ötürülməsi təmin edilməlidir. Məqsəd suyun dənizə axınının tam dayandırılması deyil, Mahmudçalanın qurumasının qarşısını almaqdır. Yaxın aylarda temperaturun yüksəlməsi ilə vəziyyət daha da kritikləşə bilər. Çünki hazırda quşların yumurtlama dövrüdür və ərazidə qaşqaldaq, ördək kimi növlər məskunlaşıb. Mövcud vəziyyətin səbəbləri tam aydın olmasa da, prosesin davam etməsi ekosistem üçün ciddi təhlükə yaradır. Bu səbəbdən aidiyyəti qurumların operativ müdaxiləsi və problemin köklü şəkildə həlli zəruridir”.

Azərbaycan Həvəskar Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev isə bildirib ki, o ərazidə suyun boşaldılması ötən il ciddi ekoloji fəlakətə səbəb olub:

Əfqan Əliyev

“Həmin dövrdə sel suları nəticəsində çalaya xeyli balıq və digər canlılar toplaşıb, lakin sonradan suyun kəskin şəkildə boşaldılması onların tələf olmasına gətirib çıxarıb. Hazırda da oxşar vəziyyət təkrarlanır. “Traynik” adlanan ərazidə suatıcı kanalın ağzı qazılaraq Mahmudçaladan su sürətlə dəniz istiqamətinə axıdılır. Son 10-15 gündür davam edən bu proses nəticəsində, temperatur fərqinə görə balıqlar kürüvermə məqsədilə kanala daxil olur, lakin çıxış yolu olmadığından kütləvi şəkildə məhv olur. Əgər kanal təcili şəkildə bağlanmasa, Mahmudçalada ötən il yaşanan fəlakət yenidən təkrarlana bilər. Bu baxımdan, aidiyyəti qurumların prosesə operativ müdaxiləsi lazımdır. Əks halda, təsərrüfat ekoloji baxımdan ciddi təhlükə ilə üz-üzə qalacaq”.

Globalinfo.az məsələyə cavabdeh olan aidiyyəti qurumlara sorğu göndərib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib ki, həmin görüntülər Mahmudçala ovçuluq təsərrüfatında deyil, Biləsuvar rayonu Əliabad kəndinə yaxın ərazidə fərdi sahibkarın yaratdığı balıqçılıq təsərrüfatında baş verib:

“Qeyd edək ki, son vaxtlar Mahmudçala, Zəvvar və Qırmızıkənd ovçuluq təsərrüfatlarının su təminatında yaranmış çətinliklərlə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təşəbbüsü ilə Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin mütəxəssislərindən ibarət İşçi qrupu yaradılıb. İşçi qrup tərəfindən ovçuluq təsərrüfatlarında su təminatının mövcud vəziyyəti, istifadə olunan su mənbələri və meliorativ sistemlərin ümumi vəziyyəti araşdırılıb. Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, əvvəlki dövrlərdə qeyd olunan təsərrüfatların suya olan tələbatı, su ehtiyatı əsasən İran İslam Respublikası ərazisindən formalaşan Bolharıçayın hesabına təmin edilib. İqlim dəyişiklikləri nəticəsində çayın su ehtiyatlarının azalması, həmçinin çay üzərində su anbarının tikilməsi və suyun əsasən suvarma məqsədləri üçün istifadəsi nəticəsində təsərrüfatların su təminatında çətinliklər yaranıb.

İşçi qrupunun hazırladığı konseptual təkliflərə əsasən, qeyd olunan ovçuluq təsərrüfatlarının uzun illər ərzində əsas su mənbəyinin kollektor suları olduğu, bu suların istifadəsinin ərazilərin ekoloji vəziyyətinə və bioloji resurslara mənfi təsir göstərmədiyi, bu xüsusda alternativ su mənbələrinin mövcud olmadığı nəzərə alınaraq, təsərrüfatların su təminatında kollektor sularından istifadənin davam etdirilməsi məqsədəuyğun hesab edilib. Konseptual təkliflər nəzərə alınmaqla Mahmudçala, Zəvvar və Qırmızıkənd ovçuluq təsərrüfatlarının su təminatının nisbətən bərpası üçün Bolharıçay çayının məcrasının təmizlənməsi, nasos stansiyasının və basqılı boru kəmərinin tikintisinin investisya proqramı ilə həyata keçirilməsi nəzərdə tutulub”.

Balıqçılıq və Akvakultura Mərkəzindən qeyd edilib ki, ərazinin isti və quru iqlim tipinə malik olması Mahmudçala Ovçuluq Təsərrüfatının su ehtiyatını təmin edən Balharı çayının qurumasına səbəb olub:

“Mahmudçala Ovçuluq Təsərrüfatı Biləsuvar rayonunun inzibati ərazisində yerləşir, sahəsi 7 136 hektardır. Ərazi, əsasən, isti və quru iqlim tipinə malikdir və buna görə də yay aylarında təsərrüfatın su ehtiyatını təmin edən Balharı çayının qurumasına səbəb olur. Nəticədə təsərrüfat ərazisində yerləşən göldə su problemi yaranır. Təsərrüfatın müəyyən hissəsi az miqdarda şorakət torpaqlardır. Ona görə də florası quru çöl bitkilərindən şahsöyüdü, yulğun və s. kimi kolluqlardan ibarətdir. Ərazidə ən çox canavar, tülkü, boz dovşan, çaqqal, turaca, eləcə də çoxlu su bataqlıq quşuna rast gəlinir. Eyni zamanda, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş quşlardan burada soltantoyuq, qaranaz və ərsindimdik nəsil verir. Mahmudçala Ovçuluq Təsərrüfatının yaradılmasında məqsəd köçəri quşların mühafizəsi və ovlanmasıdır”.

Kənd Təsərrüfatı Nazirliyi isə bildirib ki, hazırda həmin ərazidə balıqların tələfatı ilə bağlı hər hansı hadisə qeydə alınmayıb.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
globalinfo.az

1Mənbələr