
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr gətirən bir qrup şəxsin cinayət əməlləri ifşa edilib.
AFN.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, Astara və Qaradağ rayonlarında keçirilən xüsusi tədbirlər zamanı əvvəllər qəsdən adam öldürmə və oğurluq cinayətlərinə görə məhkum olunmuş Əli Məmmədov, Rəvan Hüseynov və İlkin Əhmədov saxlanılıblar.
Axtarış zamanı onlardan ümumilikdə 43 kq 300 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb. İstintaq materiallarına əsasən, hər üç şəxs şəxsiyyəti araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı rayonlardan əldə etdiklərini etiraf ediblər.
Saxlanılan şəxslər narkotik vasitələri qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək ("kuryerlik") məqsədi ilə qəbul etdiklərini bildiriblər. Polis əməkdaşlarının çevik müdaxiləsi nəticəsində narkotiklərin satış şəbəkəsinin qarşısı alınıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda narkotik vasitələrin daxil olduğu digər mənbələrin və cinayətkar şəbəkənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.