AZ

Qlobal güclər və OPEC+ Hörmüz boğazındakı gərginliyə fokuslanıb

Bakı, 3 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın İrana qarşı hücumların davam etdiriləcəyi haqqında bəyanından sonra qlobal enerji bazarlarında kəskin bahalaşma qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, aprelin 3-də ABŞ-ın “West Texas Intermediate” (WTI) markalı xam neftinin bir barelinin qiyməti 11 faizdən çox artaraq 111,54 dollar olub. Bu, 2020-ci ildən bəri ən böyük gündəlik artım kimi qiymətləndirilir. “Brent” markalı neft isə 7,87 dollar və ya 7,78 faiz bahalaşaraq 109,03 dollara çatıb.

Qiymətlər münaqişə dövründə qeydə alınmış təxminən 120 dollarlıq pik səviyyədən aşağı qalsa da, bazarlarda təchizatın uzunmüddətli pozulacağı ilə bağlı narahatlıq qalmaqdadır.

Donald Tramp hərbi əməliyyatların yaxın 2-3 həftə ərzində daha da gücləndiriləcəyini bildirib, lakin münaqişənin nə vaxt başa çatacağı ilə bağlı konkret müddət açıqlamayıb. Eyni zamanda, Hörmüz boğazının açılması ilə bağlı planlara dair məlumat verilməyib.

Qeyd edək ki, dünya üzrə neft və mayeləşdirilmiş qaz daşımalarının təxminən beşdə birinin həyata keçirildiyi strateji boğazda hərəkət faktiki olaraq dayandırılıb. Hazırda boğazın yenidən açılması beynəlxalq ictimaiyyət üçün prioritet məsələyə çevrilib.

Ekspertlər bildirib ki, regionda infrastrukturun zədələnməsi və ya zərər görmə riski neft axınlarının bərpasını daha da gecikdirə bilər. Bununla yanaşı, bazar iştirakçıları hesab edir ki, boğaz yaxın həftələrdə açılsa təhlükə amilinə görə qiymətlərdəki əlavə artım sürətlə azalacaq.

Analitiklərin proqnozlarına görə, ilin ikinci yarısında “Brent” neftinin orta qiyməti 95 - 130 dollar ətrafında ola bilər. Qısa müddətdə qiymətlərin 120-130 dollar aralığına yüksəlməsi ehtimal olunur. Əgər Hörmüz boğazı may ayının ortalarına qədər bağlı qalarsa, qiymətlərin 150 dolları keçəcəyi istisna edilmir.

Qeyd edək ki, Böyük Britaniyanın təşəbbüsü ilə təxminən 40 ölkənin iştirakı ilə boğazın açılması yollarını müzakirə etmək üçün virtual görüş planlaşdırılır. Eyni zamanda, OPEC+ ölkələrinin hasilatın artırılması məsələsini gündəmə gətirəcəyi gözlənilir.

Bundan əlavə, Rusiyada liman infrastrukturu, boru kəmərləri və neft emalı zavodlarına edilən hücumlar ixrac imkanlarını gündəlik 1 milyon barel azaldıb ki, bu da potensial hasilat ixtisarlarına zəmin yaradır.

Beynəlxalq Enerji Agentliyinin rəhbəri isə bildirib ki, təchizatdakı fasilələr artıq aprel ayından etibarən Avropa iqtisadiyyatına təsir göstərməyə başlaya bilər.

Seçilən
30
1
azertag.az

2Mənbələr