AZ

Bura Azərbaycandır, həddinizi aşmayın!

Ses qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Biz qrafiti( cızma-qara) ilə ABŞ, bəzi Avropa ölkələrində, qonşu Türkiyədə, eyni zamanda onlara məxsus filmlərdə, seriallarda rastlaşmışıq. Hər dəfə də bunu pis hal kimi qarşılamışıq.

Kimi sevirsənsə, nə üçün bunu divara əks etdirməlisən? Kimi söymək istəyirsənsə, bu, nə üçün divarlarda əks olunmalıdır? Kimin ağlına bir rəsm çəkmək gəlirsə, bunu nə üçün divarlara çəkməlidir. Həm də şəhərlərin ən görkəmli binalarından tutmuş məhəllə hasarlarının divarlarınadək... Bu, qeyri-etik davranışın nümayişindən başqa heç bir şey deyil.

Ağıllı, özünə hörmət edən insan nə üçün küçədə əlinə boya alıb divarlarda yazı yazıb, şəkil çəkməlidir? Onu bu hərəkəti etməyə sövq edən nədir? Əlbəttə, bunu psixoloji çatışmazlıq da adlandırmaq olar, özbaşınalıq da, nəzakətsizlik və nəzarətsizlik də.

Lakin biz ölkəmizdə-istər kəndlər, şəhərlər, istərsə də paytaxt olsun, belə hallara rast gəlməmişik. Bizim uşaqların, eləcə də digər yaş qrupunda olan şəxslərin tərbiyəsində divar yazmaq “mədəniyyəti” olmayıb. Çünki evdə, həyət divarlarında kiçik bir yazı, rəsm görəndə dərhal övladımıza etirazımızı bildirib silməyə məcbur etmişik. Çox yaxşı da ki, belə etmişik. Görünən odur ki, uşaqlara vaxtında düzgün tərbiyə verəndə gələcəkdə bunun bəhrəsini görmək olur. Əks təqdirdə isə ABŞ-də, digər Avropa ölkələrində və Türkiyədəki kimi bu cızma-qaralar evlərimizin divarlarından yaşadığımız kənd-şəhərlərdəki tarixi-mədəni abidələrə, inzibati binalaradək, istənilən bina və hasar divarlarınadək gedib çıxardı. Və bütün bunlar yaşadığımız yerin estetik görünüşünə xələl gətirdiyi kimi, bizim də gözümüzü yorar, zövqümüzü korlayardı.

Elə buna görə də bu günlər Nizami Kino Mərkəzinin divarına qrafiti çəkilməsini anormal hal kimi qəbul etdik və bu məsələdən hər birimiz ciddi şəkildə narahat olduq. Çünki dediyimiz kimi, bu qeyri-etik davranış bizim cəmiyyətə yaddır.

Mətanət Məmmədova

Təbii ki, aid qurumlar tərəfindən məsələ aydınlaşdırılıb, günahkarlar cəzalandırılıb. Lakin bu, kifayət etmir. Biz uşaqların tərbiyəsi ilə nə dərəcədə məşğul oluruq, bax, bu suala cavab vermək lazımdır. Onları necə tərbiyə edirik ki, gedib şəhərin mərkəzində mədəniyyət müəssisəsinin binası üzərinə cızma-qara edirlər?

Belə məsələlərdə həm valideynlər, həm məktəb kollektivləri ayıq-sayıq olmalıdır. Biz cəmiyyətimizə belə dırnaqarası mədəniyyətlərin daxil olmasının qarşısını vaxtlı-vaxtında almasaq, sabah nəticəsi heç də yaxşı olmaz.

Hər zaman belə olub, həm də bütün cəmiyyətlərdə. Nə isə baş verib, cəza tədbirləri ilə qarşısı alınmayan məsələlər böyüyüb, sarmaşıq kimi cəmiyyəti bürüyüb. Bir zaman kiçik bir məsələ kimi baxdığımız adi bir hal sabah elə böyük faciə ilə nəticələnib ki, belə olacağına özümüz də inanmamışıq. Lakin fakt ortada olub.

Hər kəs öz övladı, təhsil verdiyi şagird üçün cavabdehdir. Uşaqların tərbiyəsində bir qədər ciddi olaq. Telefonlara, sosial şəbəkələrə, dostlarla, rəfiqələrlə görüşlərə, söhbətlərə ayırdığımız vaxtdan kəsib bir qədər uşaqların tərbiyəsi ilə məşğul olaq ki, onlar hədlərini aşmasınlar.

Dövlətimiz bizim istirahətimiz üçün mədəniyyət müəssisələri, parklar, bulvarlar və sair onlarla istirahət obyekti yaradır, bizimsə borcumuz onları göz bəbəyi kimi qorumaqdır. Və yaxud da hər hansı bina, divar olsun, bunu yazmaq, şəkil çəkmək nə deməkdir? Həddimizi aşmayaq!

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
sesqazeti.az

1Mənbələr