AZ

ABŞ nin İrana qarşı hərbi əməliyyatı həm də Çinə mesajdır Politoloq

Sherg.az saytına istinadən ain.az xəbər verir.

“ABŞ prezidenti Donald Tramp bir tərəfdən Tehranın danışıqlara maraq göstərdiyini söyləyərkən, digər tərəfdən ölkəsinin yaxın 2-3 həftə ərzində İrandakı bütün hərbi hədəfləri məhv edəcəyini bildirib. Bu o deməkdir ki, müharibə hələ bir müddət də davam edəcək”. 

Bunu Sherg.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Tramp son çıxışında əvvəlkilərdə olduğu kimi İranın donanması və hərbi hava qüvvələrini böyük ölçüdə məhv edildiyini vurğulasa da, məsələni hələ tam bitirmədiklərinə işarə edib:

“ Trampın çıxışından o da bəlli oldu ki, onun Hörmüz boğazının açılmasıyla bağlı orduya hücum əmri vermək fikri yoxdur. Məsələn, Ağ Ev sahibi deyib ki, ABŞ hazırda dünyada ən böyük neft və qaz istehsalçısı olduğuna görə Hörmüz boğazına ehtiyacı yoxdur və bu marşrutdan istifadə edən ölkələr təhlükəsizliyi özləri təmin etməlidir. Tramp müharibəni dayandırmaq istəyən dövlətlərin vasitəçilik təklifləri ilə bağlı heç nə deməyib. Halbuki, müxtəlif ölkələr vasitəçilik təşəbbüsləri ilə çıxış edirlər. Sonuncu dəfə belə təşəbbüslə Pakistanla Çin birlikdə çıxış ediblər. Çin və Pakistan müttəfiq olduqlarından Yaxın Şərqdəki durumla bağlı eyni mövqeyə malikdirlər”.

Analitik əlavə edib ki, Ağ Ev Çin xarici işlər naziri Vanq İ ilə Pakistanın xarici işlər naziri İshaq Dar arasında Pekində keçirilən danışıqlardan sonra verilən Pakistan-Çin birgə bəyanatını qulaqardına vurmuş kimi görünür:

“ Yaxın Şərqdəki müharibə ikinci ayına qədəm qoyarkən, dünyanın enerji təchizatı ciddi böhran içində olarkən və neft qiymətləri kəskin şəkildə artırarkən, Pakistan və Çin sülhməramlı kimi prosesə müdaxilə etməyə çalışırlar. Çini ən çox narahat edən Hörmüz boğazının təhlükə altında olmasıdır. Doğrudur, İran Çinə neft daşıyan tankerlərin Hörmüz boğazından keçidinə şərait yaradıb. Buna baxmayaraq, davam edən gərginlik Çinin bölgənin enerji daşıyıcılarına çıxını məhdudlaşdırıb. Pekində hesab edirlər ki, ABŞ İrana qarşı hərbi əməliyyat vasitəsilə digər rəqiblərini qorxutmağa çalışır. Məsələn, Çinin Tayvan adasını nəzarətə götürməklə bağlı planı var. Çin planının reallaşması üçün münasib zaman gözləyir. Tayvanı yalnız hərbi yolla nəzarətə götürmək mümkündür. Vaşinqton Çinin Tayvan adasını hərbi yolla nəzarətə götürməsinə seyrçi qalmayacaq. Bu səbəbdən ABŞ-nin İrana qarşı hərbi əməliyyatı həm də Çinə mesajdır ki, Pekin Tayvan adasını nəzarətə götürmək planından imtina etsin”. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
6
sherg.az

10Mənbələr