AZ

Makron Trampın İran müharibəsinə yanaşmasını tənqid etdi  

Fransa Prezidenti Emmanuel Macron ABŞ Prezidenti Donald Trampın İranla bağlı münaqişəyə yanaşmasını sərt tənqid edib. Makron bildirib ki, belə bir böhran “gündəlik dəyişən bəyanatlarla deyil, ciddi və sabit yanaşma ilə” idarə olunmalıdır.

“BBC” xəbər verir ki, bu fikirləri Fransa lideri Cənubi Koreyaya dövlət səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, İran ətrafında baş verənlər sadəcə siyasi şou mövzusu deyil.

“Bu, şou deyil. Biz müharibə və sülhdən, insanların həyatından danışırıq. Ciddi olmaq istəyirsənsə, hər gün əvvəl dediyinin əksini deməməlisən”, - deyə Makron bildirib. 

O əlavə edib ki, bəzən “hər gün danışmaq əvəzinə vəziyyətin sakitləşməsinə imkan vermək daha doğru olar”. 

Makronun sözləri Tramp administrasiyasının İran müharibəsi ilə bağlı ziddiyyətli açıqlamalarına cavab kimi qiymətləndirilir. Ağ Ev müxtəlif vaxtlarda atəşkəsin yaxın olduğunu, müharibənin artıq qazanıldığını və ya hərbi əməliyyatların davam etdiriləcəyini bəyan edib. 

Fransa Prezidenti, həmçinin beynəlxalq münasibətlərdə etimadın vacibliyini vurğulayaraq, xüsusilə NATO kimi ittifaqların məhz bu prinsip üzərində qurulduğunu deyib. Fransa lideri ABŞ və İsrailin bölgədə həyata keçirdiyi əməliyyatların onların öz qərarı olduğunu bildirib və Parisin bu prosesdə iştirak etmədiyini vurğulayıb. 

Makron, həmçinin İranın nüvə proqramı ilə bağlı yalnız qısamüddətli hərbi əməliyyatların problemin həlli üçün kifayət etmədiyini deyib. Onun sözlərinə görə, vəziyyətin nəzarətdə saxlanılması üçün beynəlxalq müşahidə mexanizmi və diplomatik çərçivə zəruridir.

Bu arada, Tramp Fransanı İranla müharibədə Vaşinqtona dəstək verməməkdə ittiham edib. Makron isə ABŞ Prezidentinin həm siyasi, həm də şəxsi xarakterli açıqlamalarını “nə zərif, nə də siyasi standartlara uyğun” adlandırıb.

Hörmüz boğazı ilə bağlı vəziyyətə də münasibət bildirən Makron boğazın hərbi yolla açılması ideyasını real hesab etmədiyini söyləyib. “Bu, çox uzun çəkər və son dərəcə təhlükəli olar”, - deyə o vurğulayıb.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
31
azerbaijan-news.az

1Mənbələr