Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.
Son dövrlər ABŞ Prezidenti Donald Tramp komandasında ciddi kadr dəyişikliklərinə start verib.
Bakupost.az “Politico” nəşrinə istinadla xəbər verir ki, Tramp ticarət naziri Hovard Lütnik və əmək naziri Lori Çaves-Deremerdən narazıdır və onların istefaya göndərilməsi məsələsini nəzərdən keçirir.
Bundan əvvəl isə Tramp ölkənin baş prokuroru Pem Bondini vəzifəsindən azad edib. Görünən odur ki, hakimiyyətə gəlişinin bir illiyində Tramp komandasında kadr dəyişikliyi intensiv xarakter almağa başlayıb. Politoloq Zərdüşt Əlizadə Bakupost.az-a bildirib ki, Trampın kadr dəyişikliyi ölkə daxilində nüfuzunun sürətlə düşməsilə əlaqəlidir:
“Onun yürütdüyü siyasətinin səmərəsizliyi daha çox insana aydın olur. Hazırda onun əhali arasında rəğbət göstəricisi 35 faizə düşüb. Bu isə ABŞ prezidentləri arasında 1 illik idarəçilik dövrünün ən aşağı göstəricisidir. Hətta Bayden və Klintondan da aşağı səviyyədədir. Adətən belə hallarda, yürütdüyü siyasətin əhali arasında rəğbət yaratmadığını görəndə, prezidentlər ya özləri istefa verir, ya da ki, ətrafdakıları vəzifədən çıxarır”.
Ekspertin sözlərinə görə, Tramp bu addımları ilə yaranmış vəziyyətdə günahkarın özü deyil, komandasındakı digərlərinin olduğu görüntüsünü yaratmağa çalışır:
“Aydındır ki, Tramp özü istefa verməyəcək, çünki vəzifə, şöhrət hərisidir. Belədə isə Tramp yaranmış situasiyadan çıxmaq üçün görüntü yaradır ki, günahkar o deyil, təyin etdiyi komandasıdır. Nəticədə onları dəyişməklə də görüntü yaradır ki, yürütdüyü siyasi xətti guya dəyişəcək. Ona görə də kabinetində dəyişiklik etməyə başlayıb”.
Ekspertə görə, Trampın bu istiqamətdə növbəti qurbanları da olacaq:
“Yəqin ki, qarşıdakı dövrdə digər yüksək çinli məmurlar da vəzifələrilə vidalaşmalı olacaqlar. Bu Trampın atdığı addımların Amerika ictimaiyyətində doğurduğu reaksiyadan asılıdır. Görsə ki, etdiyi dəyişikliklərlə əhalini aldada bilib, onda prosesi dayandıracaq. Bunun əksi olduqda isə məmurları istefaya göndərməyə davam edəcək”.
Rüfət Sultan, BakuPost
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.