Konkret.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Yaxın Şərqdə gərginliyin artdığı bir dövrdə İsrail ordusunun ehtiyatda olan hərbçiləri yenidən xidmətə çağırması diqqət çəkən məqamlardan biridir. Bu addımın hansı hərbi strukturları əhatə etdiyi və regionda münaqişənin genişlənməsi riskini artırıb-artırmadığı isə əsas müzakirə mövzularındandır. Bəs bu çağırış İsrailin müdafiə strategiyasında hansı dəyişikliklərdən xəbər verir və vəziyyətin daha da kəskinləşəcəyi gözlənilirmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli bildirib ki, son hadisələr İsrailin müdafiə sisteminin düşünüldüyü qədər effektiv olmadığını ortaya qoyub.

“İranın raket hücumları zamanı İsrailin hava hücumundan müdafiə sistemləri tam operativ reaksiya verməkdə çətinlik çəkib və nəticədə ölkə ərazisinə zərbələr endirilib.
Yaranmış vəziyyət İsrail üçün ciddi təhlükəsizlik narahatlığı formalaşdırıb. Bu səbəbdən də ordu potensialını gücləndirmək məqsədilə ehtiyatda olan hərbi mütəxəssislərin yenidən xidmətə cəlb olunmasına başlanılıb. Bu çağırış əsasən hava hücumundan müdafiə bölmələri, raket əleyhinə sistemlər, kəşfiyyat strukturları və texniki təminat sahələrini əhatə edir”.
Elçin Xalidbəyli vurğulayıb ki, bu addım daha çox mövcud risklərin qarşısını almağa yönəlib və İsrail tərəfindən müəyyən mənada məcburi xarakter daşıyır.
“Əgər yaxın həftələr və aylarda İran üzərində hərbi üstünlük əldə olunmazsa, regionda münaqişənin daha geniş coğrafiyaya yayılması ehtimalı arta bilər. Hazırkı proseslər Yaxın Şərqdə gərginliyin yeni mərhələyə keçə biləcəyindən xəbər verir və bu, beynəlxalq təhlükəsizlik üçün də əlavə risklər yaradır”.
Müşviq Tofiqoğlu
KONKRET.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.