Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"ABŞ ilə NATO arasındakı münasibətlərin son dövrlərdə gərginləşməsi əsasən Prezident Donald Trampın yanaşmalarından qaynaqlanmaqdadır. Bu gərginliyin kökündə Trampın NATO-nun təməl vəzifəsini və işləmə mexanizmini tam dərk etməməsi dayanır. NATO mahiyyət etibarilə bir müdafiə təşkilatıdır və nizamnamənin 5-ci maddəsinə əsasən, üzv ölkələrdən birinə edilən hücum hamıya edilmiş sayılır. Məsələn, əgər hər hansı bir dövlət Amerikaya hücum etsəydi, NATO-nun digər müttəfiqləri dərhal yardıma gəlməli idi. Bu baxımdan, Trampın "NATO ölkələri bizə kömək etmir" iddiası faktiki olaraq yanlışdır və alyansın kollektiv müdafiə ruhu ilə ziddiyyət təşkil edir. Dünya ictimaiyyəti artıq bu söyləmlərin nə dərəcədə həqiqəti əks etdirdiyini aydın şəkildə görür".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç bildirdi.
Onun sözlərinə görə, Türkiyənin NATO daxilindəki mövqeyi əvəzolunmazdır:
"Alyansın ikinci ən böyük hərbi gücü olan Türkiyə, qurulduğu gündən bəri, xüsusilə Soyuq müharibə illərində Sovetlər Birliyinə qarşı keçilməz bir qala rolunu oynayıb. Bu gün Türkiyə həm də mühüm regional gücdür və bölgədəki bütün proseslərlə yaxından maraqlanır. Ukrayna-Rusiya müharibəsində balanslı və tərəfsiz mövqe nümayiş etdirərək hər iki tərəflə danışa bilən nadir ölkələrdən biri kimi çıxış edir. Eyni zamanda, İran kimi qonşu və ABŞ kimi müttəfiq ölkələr arasındakı münasibətlərdə Türkiyənin konstruktiv rolu danılmazdır".
Diplomat hesab edir ki, NATO müttəfiqi olaraq Türkiyədən birtərəfli və gərginliyi artıran addımlar gözləmək doğru deyil:
"Çünki ölkəmiz hər zaman dialoq tərəfdarı olub. Gələcəkdə Donald Trampın bəhs etdiyi daha çevik bir strukturun formalaşması ehtimalı yaranarsa, Türkiyə həmin yeni quruluşun mütləq mərkəzində yer alacaqdır. Türkiyənin iştirak etmədiyi hər hansı bir beynəlxalq təşkilatın uğur qazanması mümkün deyildir. Ulu öndər Atatürkün "yurdda sülh, cahanda sülh" prinsipi Türkiyənin xarici siyasətini hər zaman qurucu və sülhməramlı etmişdir. Bu gün Afrikadakı münaqişələrin səssizcə həll edilməsindən tutmuş, Ukrayna-Rusiya və ya İran-İsrail-ABŞ gərginliyinin dayandırılmasına qədər Türkiyə böyük səy göstərir. Suriya daxil olmaqla, bölgədəki hər hansı yeni geosiyasi strukturlaşmada Türkiyənin iradəsi həlledici olacaqdır".
Müsahibimiz əlavə etdi ki, Türkiyənin bu yeni dünya nizamında yer alması birbaşa Azərbaycanın da orada yer alması deməkdir:
"15 iyun 2021-ci ildə imzalanan və hər iki ölkənin parlamenti tərəfindən qəbul edilərək rəsmi anlaşma statusu qazanan Şuşa Bəyannaməsi tərəfləri strateji müttəfiq səviyyəsinə yüksəldib. Bu sənəd sadəcə bir bəyannamə deyil, iki qardaş ölkənin taleyini bir-birinə bağlayan hüquqi təməldir. Yəni, Türkiyənin olduğu hər bir yeni platformada Azərbaycan da mütləq şəkildə təmsil olunacaq və bu birlik bölgəyə yalnız pozitiv enerji, sabitlik və inkişaf gətirəcəkdir. Biz də bir türk sevər olaraq bu ali məqsədləri dəstəkləyir, bu sarsılmaz birliyin gələcəyini parlaq görürük".
Xədicə BAXIŞLI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.