AZ

Hafiz Səfixanov: Azərbaycana göstərilən beynəlxalq dəstək qarşılaşdığımız mina probleminə adekvat deyil

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan mina, partlamamış hərbi sursatdan əziyyət çəkən ölkələr sırasındadır. 44 günlük Vətən Müharibəsindən sonra aparılan tədqiqatlar göstərdi ki, ölkə ərazisinin 12 faizi mina və partlamamış hərbi sursatların qalıqları ilə çirklənib. Bəzi ekspertlərin verdiyi məlumata görə, həmin ərazilərdə 1,5 milyondan çox mina basdırılıb.

Bu barədə AZƏRTAC -a açıqlamasında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.

Onun sözlərinə görə, Azərbaycan mina problemi ilə mübarizə aparır və vətəndaşlarımız gündəlik həyatlarını bu problemin qorxusu altında keçirirlər: "Azərbaycanda bu problemlərə işğaldan azad olunmuş bütün ərazilərdə rast gəlmək mümkündür. Təşkilatımız daimi monitorinqlər keçirdi, ölkə üzrə hesabatlar hazırladı. Monitorinqlər zamanı işğaldan azad olunmuş əraziləri qarış-qarış gəzdik. Minatəmizləmə prosesinin monitorinqini apardıq. Minatəmizləyənlərlə görüşdük. Rast gəlinən mina və hərbi sursatların növləri ilə tanış olduq. Tam dəqiqliklə deyə bilərəm ki, mina və partlamamış hərbi sursatlara bütün ərazilərdə rast gəlmək mümkündür. Onu da qeyd edim ki, Ermənistan Silahlı Qüvvələri ağlasığmaz yerlərdə minalar quraşdırıblar. Bunun da nəticəsidir ki, Vətən Müharibəsibdən sonra 421 vətəndaşımız mina və hərbi sursatların qurbanına çevrilib".

H. Səfixanov qeyd edib ki, mina təhlükəsi beynəlxalq problemdir. Beynəlxalq ictimaiyyət də mina problemi ilə qarşılaşmış ölkələrə öz dəstəyini göstərməlidir: " Azərbaycan da bu dəstəyi gözləyir. Ölkəmizə müəyyən yardımlar var. Ancaq bu dəstək Azərbaycanın qarşılaşdığı mina probleminə adekvat deyil. Əhaliyə müraciət etmək istəyirəm ki, maarifləndirmə proqramlarında verilən təlimatlara ciddi əməl etsinlər. Ölkəmizdə mina qurbanlarının sayı Cənubi Qafqazdakı ölkələrdə olan mina qurbanlarından iki dəfə çoxdur. Ona görə də vətəndaşlarımızın mina qurbanı olmaması üçün əlimizdəb gələni əsirgəməməliyik".

Müxbir - Nailə Həsənova

Seçilən
41
42
azertag.az

10Mənbələr