Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan tarixinə dördgünlük müharibə kimi daxil olan Aprel döyüşlərindən 10 il ötür. 2016-cı ilin aprelində yazılan şanlı tarix bu gün də milli ruhun, birliyin və əzmin simvolu kimi yaşayır. Aprel döyüşlərinin ildönümündə şəhidlərimizin uyuduğu müqəddəs məkanlar bu gün də xalqın sonsuz ehtiramının ünvanına çevrilib.
Üz tutulan məkanlardan biri də Hərbi Memorial Məzarlıqdır. Qəhrəmanların son mənzillərində tər güllər qalaqlanır, ruhlarına dualar oxunur, qələbəyə inamı qaytardıqlarına və ərazi bütövlüyümüzün bərpasına gedən cığırı açdıqlarına görə minnətdarlıq ifadə olunur.
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevin də şəhadətindən 10 il keçir. Bununla əlaqədar şəhidin ailə üzvləri, doğmaları, dostları və döyüş yoldaşları onun məzarını ziyarət edib, xatirələrini bölüşüb, ruhunu dərin hörmətlə anıblar.
Şəhidin atası Telman Mirzəyev AZƏRTAC-a müsahibəsində deyib: “Murad 20 Yanvar hadisələrindən sonra hərbçi olacağı barədə qəti qərar qəbul edib. Onda yaşı az idi, valideyn olaraq tərəddüd etdik. Lakin qərarından dönmədiyini görüb, razı olduq. Muradın ən böyük arzusu torpaqların azad olunması idi. Onun ad günü 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etdiyindən heç vaxt özünə doğum günü keçirmirdi. 26 il xidmət etdi. 14 yaşında Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmaqla başlayan Vətənə xidmət yolu 26 il çəkdi. O, bəlkə də komandir kimi özünü qoruya bilərdi. Lakin Muradın vətənpərvərliyi, xalq, torpaq sevgisi onu səngərdən kənarda qoya bilməzdi. O, döyüşə şəxsi heyətlə birgə girirdi. Murad Mirzəyev şəxsi heyəti arxasınca aparan komandirlərdən idi. 2016-cı il martın 31-də 40 yaşı tamam oldu, aprelin 3-də isə Aprel döyüşlərində Talış kəndi istiqamətində döyüşlərdə şəhid oldu. Dövlətimizə, ölkə rəhbərliyinə minnətdaram ki, Murad Mirzəyevin xidmətlərini yüksək qiymətləndirdi. Ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Xalqımız hər zaman Murad Mirzəyevin xatirəsini əziz tutur, onun məzarını ziyarət edir. Murad Mirzəyev özündən sonra davamçılarını qoyub getdi. Onun izi ilə gedənlər Şuşaya qayalardan qalxdılar və Qarabağın incisini azad etdilər. Öyrəndiklərini buradakı gənclərə aşıladı və peşəkar zabitlər yetişdirdi. Həmin oğullar da ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdilər. Ən böyük təsəllimiz odur ki, övladlarımızın qanı olan torpaqlarda hazırda öz əsgər və zabitlərimiz xidmət edirlər”.
Aprel döyüşlərinin Böyük Qələbəyə aparan yol olduğunu bildirən ehtiyatda olan kapitan, Qarabağ qazisi Anar Məmmədov məhz həmin izin ardınca gedən qəhrəmanların ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdiklərini bildirib: “Bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu və xalqın vəhdəti sayəsində qazanılan Qələbə idi. Qələbənin təməlini təşkil edən Aprel döyüşlərinin qəhrəmanlarından biri də Murad Mirzəyevdir. O, Azərbaycan tarixində iz qoymuş döyüşçülərdən biridir. Murad Mirzəyevlə 2014-cü ildə tanış olmuşdum. Onun görkəmi, biliyi, bacarığı mənə hər zaman böyük stimul verib. Mən bir kəşfiyyatçı kimi ondan məsləhət alırdım. Xidmət etdiyim əraziyə gələndə mənimlə mütləq görüşürdü. Bir çox tapşırıqların hazırlanmasında onunla birlikdə iştirak etmişəm. Murad Mirzəyev çox qətiyyətli, əzmkar, döyüşkən zabit idi. Bu gün bizim əsgərlərimiz, zabitlərimiz Murad kimi qəhrəmanlardan nümunə götürməlidirlər”.
Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, Vətən müharibəsi iştirakçısı Qismət Əliyev Azərbaycan Ordusunun Aprel döyüşləri vasitəsilə hər bir tədbirə qarşılıq verməyə və döyüşə hazır olduğunu göstərdiyini diqqətə çatdırıb: “Ermənistan ordusu özünü dünyaya yenilməz qüvvə kimi təqdim edirdi. Azərbaycan Ordusunun torpaqları azad edə bilməyəcəyi düşüncəsində idilər. Aprel döyüşləri sübut etdi ki, biz o gücdə və iqtidardayıq. Qısa müddət ərzində Lələtəpənin işğaldan azad edilməsi, Talış kəndi istiqamətində aparılan uğurlu əməliyyatlar göstərdi ki, Azərbaycan Ordusu döyüşə hazırdır. Dörd gün ərzində aparılan hərbi əməliyyatlar zamanı əldə edilən zəfəri qeyd etməklə yanaşı, bu gün şəhidlərimizi də yad edirik. Bu gün Milli Qəhrəman Murad Mirzəyevin də anım mərasimidir. Onun haqqında öz komandirlərimizdən çox eşitmişik. O, özünəməxsus döyüş hazırlığı və göstərdiyi igidliklərlə hər zaman seçilib. Şəxsi heyətlə birlikdə səngərdə şəhid olub. Biz də onların izi ilə gedərək həm torpaqlarımızı işğaldan azad etdik, həm də şəhidlərimizin qisasını aldıq”.
Qeyd edək ki, Murad Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmağa can atan Mirzəyev Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub. 1991–1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. Murad Mirzəyev Amerika Birləşmiş Ştatları (ABŞ), Rumıniya və İordaniyada hərbi təlimlərdə iştirak edib. O, ABŞ-də “Ranger” kursunu bitirdikdən sonra Vətənə qayıdıb və Gəncə şəhərində "N" saylı hərbi hissədə hərbi xidmətə başlayıb. Sonra isə Xüsusi Təyinatlı Qüvvələrin zabiti olub. Xidmətə başlamasının 10-cu ilində Murad Mirzəyev "Qüsursuz xidmətə görə", “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalları və "Qızıl Ulduz" medalı ilə təltif olunub. O, 2016-cı il Aprel döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındakı yüksəklikləri düşməndən azad edib və baş verən qeyri-bərabər döyüşdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamı ilə Murad Mirzəyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.