AZ

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşü, sadəcə, növbəti diplomatik tədbir deyil, eyni zamanda türk dünyasının strateji düşüncəsinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyən mühüm siyasi hadisə kimi tarixə düşdü. Bu görüş mahiyyət etibarilə TDT-nin institusional inkişafında keyfiyyət dəyişiminin baş verdiyini, təşkilatın artıq ideoloji və mədəni platformadan real geosiyasi aktora çevrildiyini növbəti dəfə nümayiş etdirdi.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bu məqamı aydın şəkildə ifadə edərək bildirdi: "Türk dünyası bizim ailəmizdir, bizim başqa ailəmiz yoxdur. Bu ailəni gələcəyə aparmaq üçün birgə səylərin göstərilməsi təbii ki, çox önəmlidir". Dövlətimizin başçısı  bu fikiri ilə əslində türk birliyinin siyasi strategiyasının fəlsəfi əsasını ortaya qoymuş oldu. Artıq "türk birliyi" anlayışının romantik ideya olmaqdan çıxaraq, konkret siyasi və iqtisadi məzmun kəsb etdiyini desək, mübaliğə etmiş olmarıq.

Bakı görüşünü əvvəlki analoji tədbirlə müqayisədə fərqləndirən əsas xüsusiyyət onun funksional xarakteridir. Əgər Bişkekdə keçirilən birinci görüş daha çox strukturlaşma və koordinasiya mexanizmlərinin yaradılması ilə yadda qaldısa, Bakı görüşü həmin mexanizmlərin işləkliyinin təmin edilməsi, qərarların icraya yönəldilməsi və konkret nəticələrin əldə olunması baxımından dönüş nöqtəsi oldu. Bu, təşkilatın "niyyət mərhələsi"ndən "icra mərhələsi"nə keçidinin bariz göstəricisi idi.

Müasir beynəlxalq münasibətlər sistemində baş verən kəskin transformasiyalar bu prosesi sürətləndirən əsas amillərdəndir. Regional münaqişələrin genişlənməsi, enerji və nəqliyyat təhlükəsizliyi məsələlərinin aktuallaşması, qlobal ticarət marşrutlarının yenidən formalaşması türk dövlətlərini daha sıx koordinasiyaya məcbur edir. Bu kontekstdə Bakı görüşü yalnız daxili əməkdaşlıq platforması deyil, həm də dəyişən dünya düzəninə kollektiv cavab mexanizmi kimi çıxış etdi.

Prezident İlham Əliyevin digər mühüm mesajı da bu istiqamətdə idi: "Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir". Dövlətimizin başçısının bu sözləri bir daha təsdiq edir ki, TDT artıq regional çərçivəni aşaraq qlobal siyasi sistemdə nəzərə alınmalı aktora çevrilməkdədir. Əsas məsələ isə bu potensialın koordinasiyalı və davamlı şəkildə reallaşdırılmasıdır.

Bakı görüşündə xüsusi diqqətçəkən istiqamətlərdən biri Orta dəhliz - Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı oldu. İlham Əliyev bu barədə qeyd etmişdir: "Ölkələrimizdən keçən Orta dəhliz hər birimizin marağına cavab verir". Bu yanaşma göstərir ki, iqtisadi inteqrasiya artıq siyasi inteqrasiyanın aparıcı qüvvəsinə çevrilir. Tarixi təcrübə də sübut edir ki, məhz nəqliyyat və ticarət əlaqələri dərinləşdikcə siyasi yaxınlaşma qaçılmaz olur.

Bu sahədə Azərbaycanın xüsusi rol oynadığı inkarolunmazdır. Birmənalı şəkildə deyə bilərik ki, Bakı yalnız coğrafi deyil, həm də strateji baxış və təşəbbüslər baxımından türk dünyasının mərkəzi qovşağına çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Limanı, genişləndirilmiş nəqliyyat infrastrukturu və enerji layihələri Azərbaycanın regionda "əlaqələndirici dövlət" statusunu möhkəmləndirir. Bu reallıq Bakı görüşünün məhz Azərbaycanda keçirilməsinin təsadüfi olmadığını göstərir.

Digər mühüm məqam isə təhlükəsizlik məsələlərinin gündəlikdə artan çəkisidir. Rəsmi bəyanatlar və çıxışlardan açıq şəkildə görünür ki, artıq TDT çərçivəsində yalnız iqtisadi deyil, siyasi və təhlükəsizlik koordinasiyası da prioritetə çevrilir. Hərbi ittifaq modelindən söhbət getməsə də, ortaq mövqe, operativ məsləhətləşmə və risklərə birgə reaksiya mexanizmlərinin formalaşması istiqamətində ciddi irəliləyiş müşahidə olunur.

Bununla yanaşı, Bakı görüşündə qəbul olunan Birgə Bəyanatla adıçəkilən təşkilat gələcək inkişaf trayektoriyasını da müəyyənləşdirmiş oldu: sənaye əməkdaşlığı, rəqəmsal transformasiya, süni intellekt, "yaşıl enerji", kənd təsərrüfatı və enerji təhlükəsizliyi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi TDT-nin yalnız siyasi deyil, həm də kompleks iqtisadi platformaya çevrilmək niyyətini göstərir. Bu isə təşkilatın dayanıqlı inkişaf modelinə keçidini təsdiq edən ciddi amildir.

Prezident İlham Əliyevin vurğuladığı digər mühüm məqam - qarşılıqlı dəstək prinsipi təşkilatın daxili dayanıqlığını təmin edən əsas sütunlardan biridir: "Biz də öz növbəmizdə hər zaman lazım olan dəstəyi göstərməyə hazırıq və bunu edirik". Bu yanaşma TDT-ni formal qurumdan real həmrəylik platformasına çevirən əsas amil olduğunu təsdiq edir.

Nəticə etibarilə Bakı görüşü Türk Dövlətləri Təşkilatının tarixində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu mərhələ ideyaların, bəyanatların deyil, artıq konkret layihələrin, real nəticələrin həyata keçirildiyi dövrün başlanğıcından xəbər verir. Türk dünyası tədricən vahid geosiyasi və geoiqtisadi məkan kimi formalaşır və Bakı bu prosesin intellektual və strateji mərkəzinə çevrilir.

Bu gün verilən qərarlar və ortaya qoyulan siyasi iradə göstərir ki, TDT gələcəkdə yalnız regional deyil, qlobal miqyasda təsir gücünə malik aktora çevrilə bilər. Əsas məsələ bu potensialın nə dərəcədə ardıcıl, koordinasiyalı və uzaqgörən siyasətlə idarə olunacağından ibarətdir. Bakı görüşü bu yolun artıq seçildiyini və geridönüşün olmadığını açıq şəkildə nümayiş etdirdi.

Elşən QƏNİYEV,

"Azərbaycan"

Seçilən
38
azerbaijan-news.az

1Mənbələr