AZ

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

Beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq platformalarının rolunun əhəmiyyətli dərəcədə artdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı da mövqelərini möhkəmləndirir. Naxçıvandan başlayan uğurlu yolda şura təşkilata çevrildi və bu transformasiya təşkilatın strukturunu daha da gücləndirdi. 

Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında deyib ki, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı gücləndirən platforma kimi TDT-nin fəaliyyət istiqamətləri genişlənir və təşkilatın beynəlxalq arenada təsir imkanları artır: "Bu gün TDT siyasi dialoq başda olmaqla, iqtisadi inteqrasiya, nəqliyyat dəhlizləri, rəqəmsal işbirliyi kimi strateji sahələri əhatə edir. Ortaq tarix, dil və mədəniyyətə malik ölkələri bir araya gətirən bu təşkilatın inkişafında Azərbaycanın xüsusi rolu var. Rəsmi Bakı TDT çərçivəsində təşəbbüskar və birləşdirici mövqeyi ilə seçilir. Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən strateji mövqeyi sayəsində Azərbaycan Türk Dövlətləri Təşkilatının nəqliyyat və logistika layihələrində mühüm rol oynayır. Xüsusilə beynəlxalq nəqliyyat marşrutu olan Orta dəhlizin inkişafında Azərbaycanın fəal iştirakı TDT-nin iqtisadi potensialını daha da artırır. Prezident İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçıları ilə görüşündə də bəyan etdi ki, ölkələrimizdən keçən Orta dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır".

Deputat qeyd edib ki, Azərbaycan təşkilat daxilində siyasi dialoqun dərinləşməsinə də töhfə verir. Ölkəmiz müxtəlif sammitlərə evsahibliyi etməklə və yeni təşəbbüslər irəli sürməklə TDT-nin institusional inkişafına dəstək göstərir. Azərbaycanın təşəbbüsləri nəticəsində enerji təhlükəsizliyi, "yaşıl enerji" və rəqəmsal transformasiya kimi sahələrdə əməkdaşlıq daha da genişlənir.

N.Məmmədova bildirib ki, TDT üzv ölkələr arasında iqtisadi əlaqələri gücləndirməklə yanaşı, regional sabitliyin təmin olunmasına da töhfə verir: "Prezident İlham Əliyev bəyan etdi ki, biz çox ciddi və məsuliyyətli mövqe sərgiləyirik - həm öz maraqlarımızı təmin edirik, həm də dünya üçün yeni nəqliyyat yollarını təqdim edirik. Yəni bu, bir daha göstərir ki, bizim ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlib".

Deputat vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı bu gün yalnız regional deyil, həm də beynəlxalq səviyyədə təsir gücünü artıran mühüm əməkdaşlıq platformasına çevrilib. Ən əsası isə bu platforma uğurlu birlik, sülh, təhlükəsizlik və əməkdaşlıq təcrübəsini bölüşür.

Ə.QABİLQIZI,

"Azərbaycan"

Seçilən
23
azerbaijan-news.az

1Mənbələr