AZ

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

Yaxın Şərqdə yaranan gərginlik dünya neft bazarına da təsirsiz ötüşməyib. Hörmüz boğazının bağlanması neft qiymətlərinin artmasına səbəb olub. Xüsusən Yaxın Şərq ölkələrində enerji  infrastrukturuna və neft bazalarına dəymiş ziyan qiymətlərin bir müddət də proqnozlaşdırılandan yüksək olacağını deməyə əsas verir. Azərbaycan dövlət büdcəsində 2026-cı il üçün neftin bir barelinin qiyməti 65 ABŞ dolları səviyyəsində müəyyənləşdirilib. Hazırda isə Azərbaycan neftinin qiyməti 141 dolları ötüb.

Xatırladaq ki, Azərbaycan nefti olan "Azeri Light" 2008-ci ildə özünün maksimal qiymətinə - 149,66 ABŞ dollarına çatıb. Yaxın Şərqdə münaqişənin davam edəcəyi təqdirdə neft bazarında qiymətlərin artma dinamikasının davam edəcəyi proqnozlaşdırılır. Bu isə Azərbaycan neftinin tarixi rekord qiymətini yeniləyə bilər.

İqtisadçı Pünhan Musayev qəzetimizə açıqlamasında deyib ki, ənənəvi olaraq, neft bazarı dinamikalarına baxdıqda qiymətlərin əsasən OPEC+ hasilat kvotaları, Amerika Energetika Nazirliyinin ehtiyat-proqnozları, həmçinin qlobal tələb kimi amillər əsasında formalaşdığı mexanizminə öyrəşmişdik. Başqa sözlə, bazarda proqnozlaşdırıla bilən xüsusiyyət var idi. Ancaq mövcud vəziyyətdə konyunkturun 180 dərəcə dəyişdiyini görürük. Konkret olaraq, indiki şəraitdə neftin məskəni hesab olunan Yaxın Şərqdə ciddi geosiyasi qarşıdurma yaranıb və bu da bazara təbii olaraq təsirsiz ötüşmür. "Münaqişənin yaxın vaxtlarda bitib-bitməyəcəyi isə dəqiq deyil. Hətta münaqişə tezliklə başa çatsa belə, enerji infrastrukturunun dağıdılması təsirlərin bir müddət qalıcı olacağı ehtimallarını gücləndirir. İnfrastrukturla yanaşı, bu gün dünya neft ticarətinin 20 faizini əhatə edən Hörmüz boğazında yaranan risk və fasilələr, nəqletmədən sığorta xidmətlərinə qədər bütün enerji sistemində baş verənlər qiymətlərin artmasına səbəb olur. Obrazlı şəkildə desək, əvvəlkindən fərqli olaraq hazırda boş qalan bir bazar var və dinamikalar tərəflərin mesajlarından təsirlənir", - deyə o bildirib.

P.Musayev qeyd edib ki, bir çox halda bir tərəf atəşkəs imkanlarından bəhs etsə də, qarşı tərəfin gərginliyi artıran hansısa açıqlaması bir qədər spekulyativ ağırlıqda olsa da, neft bazarında praktiki əksini tapır: "Təsadüfi deyil ki, ötən ilin əhəmiyyətli hissəsini 60-70 dollar aralığında keçirən "Brent" nefti artıq 100-110 dollardan yuxarı qiymətlərlə satılır. Ancaq bütöv tablo da tam olaraq bu qədər deyil. Müasir bazarlar bir qədər mürəkkəb mexanizmlərə malikdir, bu gündən daha çox gələcək gözləntiləri əsas götürürlər. Neft bazarı da bu xüsusiyyətdə olduğundan, ticarət müəyyən tarix üçün müxtəlif çeşidli müqavilələr imzalanaraq aparılır. Çünki qiymətlər hazırkı emosional dalğalanma panikasından daha az təsirlənməklə, rasional bazar gözləntiləri qismində çıxış edir. Məsələyə belə baxdıqda deyə bilərik ki, bu günün 100-110 dollar qiymətlərindən fərqli olaraq bazarlar ilin sonuna qədər 70, hətta gələn ilin sonuna qədər isə 70 dollardan da aşağı qiymət gözləntisindədirlər. Bu hər nə qədər qəribə səslənsə də, bazarın təklif şokunu qısamüddətli panika kimi qəbul etdiyini, yəni geosiyasi risklərin uzunmüddətli olmadığı ssenarisini proqnozlaşdırdığını göstərir".

İqtisadçı digər diqqətçəkən məqamın baş verənlər fonunda uzun müddətdən sonra "Qərbi Texas" markalı Amerika neftinin "Brent" markalı neftdən baha satıldığını deyib. Onun sözlərinə görə, bu da ənənəvi bazar mexanizminin dəyişdiyinə dair bir nümunədir. 

P.Musayev vurğulayıb ki, ümumiyyətlə, son yarım əsri əhatə edən dövrə nəzər saldıqda vəziyyətdən asılı olaraq, neft bazarında bu tip yuxarı sıçrayışların az olmadığını, ancaq davamında kəskin enişlərlə tamamlandığını görə bilirik: "Konkret "Azeri Light" markalı neftə gəldikdə isə hazırda müşahidə olunan 141 dollardan yuxarı qiymət səviyyəsi neft hasil və ixrac edən tərəf kimi ölkəmizin xeyrinə görünsə də, nəzərə almaq lazımdır ki, həcm 10 il əvvəl 40 milyon tonun üzərində idisə, bu gün 30 milyon tondan aşağıdır. Bu da hazırkı dövrdə ixracın həcminə və ixrac gəlirlərinin azalmasına təsir göstərib. Ona görə də Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirdiyi kimi, bizim daha tarazlaşdırılmış və proqnozlaşdırıla bilən neft qiymətləri iqtisadi planlaşdırma baxımından əlverişli görünməkdədir".

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
34
azerbaijan-news.az

1Mənbələr