AZ

Dövlət iş tapmırsa, pensiya “yanır”? – 180 manatlıq yaşayışın hüquqi çıxılmazı

Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və onların məşğulluq məsələləri birbaşa qanunvericiliklə tənzimlənir. Lakin təcrübədə bir çox vətəndaş, xüsusilə 3-cü dərəcəli əlilliyi olan şəxslər pensiya hüququnu qazanmaq üçün tələb olunan stajın tamamlanmasında ciddi maneələrlə qarşılaşırlar.

180 AZN məbləğində müavinət alan və ehtiyac meyarından aşağı gəlirlə yaşayan şəxsin dövlət tərəfindən 2 il ərzində işlə təmin edilməməsi, onun gələcək əmək pensiyası hüququnu birbaşa risk altına qoyur. Bu vəziyyət sadəcə sosial problem deyil, həm də dövlət orqanlarının qanunla müəyyən edilmiş öhdəliklərini yerinə yetirməməsi məsələsidir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Nərgiz Sərdarova qeyd edib ki, Azərbaycan qanunvericiliyində “Məşğulluq haqqında” Qanun və müvafiq kvota qaydaları dövlət orqanlarının üzərinə konkret vəzifələr qoyur:

“Qanunvericiliyə əsasən, kvota – əlilliyi olan şəxslərin işlə təmin olunması üçün müəssisələrdə ayrılan məcburi iş yerləridir. Əgər Dövlət Məşğulluq Agentliyi 2 il ərzində şəxsi bu kvota yerləri üzrə və ya digər aktiv məşğulluq tədbirləri ilə işə yerləşdirə bilmirsə, burada dövlət strukturunun hərəkətsizliyi faktı yaranır. Lakin qeyd etməliyəm ki, hazırkı qanunvericilikdə “dövlət iş tapmadıqda staj hədiyyə olunur” və ya “avtomatik pensiya təyin edilir” kimi bir istisna qayda yoxdur. Bu, sistemdəki hüquqi boşluqdur”.

Onun sözlərinə görə, vətəndaşın pensiya hüququnun bərpası üçün bir neçə ciddi hüquqi prosedur mövcuddur:

“Vətəndaş ilk növbədə İnzibati Prosessual Məcəlləyə əsaslanaraq məhkəməyə müraciət edə bilər. Burada iddia predmeti “dövlət orqanının qanunla üzərinə düşən öhdəliyi (işlə təminat) icra etməməsi nəticəsində vətəndaşın sosial təminat hüququna (pensiya almaq imkanına) dəymiş zərər” olmalıdır. Əgər agentlik vətəndaşı ‘iş axtaran’ kimi qeydiyyata alıb və 2 il ərzində ona sağlamlıq vəziyyətinə uyğun (yüngül iş) heç bir real təklif verməyibsə, bu, inzibati hərəkətsizlikdir. Məhkəmə dövlət qurumunun üzərinə şəxsi təcili qaydada kvota üzrə işlə təmin etmək öhdəliyi qoya bilər ki, çatışmayan 10-11 aylıq staj tamamlansın”.

Hüquqşünas bildirib ki, məsələnin digər tərəfi müavinət və pensiya arasındakı məbləğ fərqidir:

“Vətəndaş həmçinin Ombudsman aparatına müraciət edərək, sosial ədalət prinsipinin pozulduğunu bildirməlidir. Əgər şəxs işləmək istəyirsə, lakin dövlət ona bu şəraiti yaratmırsa, bu halda şəxsin pensiya hüququndan məhrum edilməsi Konstitusiya ilə qorunan sosial təminat hüququna ziddir. Birgə maliyyələşmə proqramları və kvota mexanizminin işləməməsi vətəndaşın məsuliyyəti deyil. Hüquqi çıxış yolu kimi, vətəndaşa tövsiyə olunur ki, agentlikdən rəsmi imtina və ya hərəkətsizlik barədə sənəd alaraq İnzibati Məhkəmədə iddia qaldırsın.

Yalnız məhkəmə qərarı və ya xüsusi komissiya rəyi ilə şəxsin işlə təminatı məcburi qaydada həyata keçirilə bilər ki, o, pensiya hüququ üçün tələb olunan stajı qazansın”.

Tunar


Seçilən
7
1
azia.az

2Mənbələr