AZ

"Desəydilər, sənin gəlişinlə Qarabağı azad edəcəyik, yenə getməzdim" - İllər sonra edilən etiraf

Kulis.az Bəhruz Tağızadənin "Cincilim" romanının on üçüncü hissəsini təqdim edir.

On ikinci hissə burada

Vaqif həmin axşam hamı evdə olanda sakit səslə Əsmərə qızını yanına çağırmasını söylədi və onu sol tərəfində otuzdurub üzündən öpdü.
– Necəsən, qızım? Atadan küsmüsən? – arvadına xitabən, – Balamın telefonunu verin özünə.
Kənan gözlərinə inanmadı:
– Ata, sən neynirsən?
– Sən qarışma. Əsmər:
– Ciddisən?
– Hə. Mənim qızım hamıdan ağıllı, qeyrətli qızdır. Balama heç kim güldən ağır söz deyə bilməz. Necə istəyir, elə də olacaq. Sabahdan dərsinə getsin. – yenə Cincilimi öpdü.

Əsmər qızının bir oğlanla münasibətinə normal baxırdı, amma daha qumarbaz Mutruzanın gədəsi ilə yox... Gecə yatmazdan əvvəl əri ona hər şeyi olduğu kimi danışmışdı. Əsmər gecə saat 4ün yarısına qədər yerində eşələnmişdi.
Vəssalam! Cincilimə gedən yolları tam təmizləmişdim. Bütün Əhmədli, bütün kənd, bütün bəşər, Tanrının və iblisin özü daxil hamı dərk etdi ki, bu qızı məndən ayırmaq qeyrimümkündür. Bu söhbət bibimə və Könkaya da çatdı. Telefonu qaytarılandan az sonra Cincilim mənə zəng vurdu. Hadisəni olduğu kimi danışdım. Axşama görüş təyin edib, bloklarının önündə gül dəstəsi ilə qarşılayanda dedi:
– Ətin tökülsün. Qonşular söz bəzəyəcək. Bu soxasoxda gülü neynirdin?
– Nə vaxtdır görmürəm səni. İstəyirsən, qışqırım camaata deyim ki, ölürəm bu qızdan ötrü?
– Yox, yox, biabır eləmə bizi!
Bilirdi ki, onun dəlisiyəm və qışqırıb ürəyim istədiyini deyərəm.

İndən belə Cinimi qlamur yaşatmaq üçün çalışmalı idim. Artıq məhlələrinə qədər gedir, “uni”də əlindən tutur, özümlə onun adını daşıyan mini restoranıma aparır, xoşladığı şeyləri açıqca alıb ona bağışlayırdım. İstədiyim vaxt evlərinə zəng çalıb kimin cavab verməsindən asılı olmayaraq telefona çağırırdım. Heç kim mənə heç nə deyə bilməzdi. Anası pərdənin arasından mənə baxıb çəkiləndə ürəyimdə deyirdim: “Dəmşalaq qızı, dəmşalaq, baxırsan, adam kimi pəncərəni aç bax, baxmırsan da baxma!”
O qədər harınlamışdım ki, Cincilimə evdən çıxanda mənə çörəkarası düzəldib gətirməsini istəyirdim. Atası Vaqif də, qardaşı Kənan da məni görəndə yönlərin dəyişirdilər. Bir sözlə, hərəkətlərimlə camaata “yaxşı eləyirəm” – deyirdim. Axırda iş o yerə çatdı ki, anası mənə xəbər göndərdi: “Adamda abırhəya yaxşı şeydir!” Bu sözə ancaq güldüm. İçimdən binanın önündə durub anasına dil çıxartmaq, yandıq vermək gəlirdi.

Əvvəllər ad günlərində eyni kadra düşməkdən qorxurduqsa, indi çiynindən tutub şəkil çəkdirirdim. Məclislərdə özündən əvvəl təzə sıxılmış meyvə şirələri masasına qoyulurdu. Mənim ona bu cür diqqətim digər istəklilərdə sözsöhbət yaradırdı. Qızlar oğlanlara məni misal çəkirdilər. Oğlanlar isə şahzadəmin ayaqqabılarını bağlamağıma düşüklük kimi baxırdılar. Onlar nə biləydilər, bununla xoşbəxt oluram. Hətta onun ayaqlarına döşənməyim gəlir.

Çoxdan idi Könkadan səssəmir gəlmirdi. Bircə ad günümdə mesaj yazmışdı: “Nə yaxşı bu dünyaya gəlmisən, sənin varlığın məni həyata bağlayan ən vacib səbəbdir. Doğum günün mübarək, Ərəlim!” Mesajı Cincilimə göstərmişdim. Cavab yazmamağımı istəmişdi. Bu mövzulardan çox qorxurdum deyə, hər şeyi ona deyir, tövsiyələrini konstitusiya maddəsi sayırdım. Könkadan bircə söz soruşmaq istədim: söyüdü niyə kəsməmişdi? Axı mənə kəsmişəm demişdi. Hər dəfə kəndə gedəndə mütləq baş çəkirdim. Söyüd yerində idi.

Bir il əvvəl əri qəzada həlak olan gənc bir qadını işə götürdüm. Mənə dedilər, götürmə. Səbəbini belə izah etdilər ki, baş ağrısıdır, işdən çıxartmaq olmur, mübahisələr yarananda məhkəmələr tənha olduğunu nəzərə almağı tövsiyə edir. Mən tənha qadınlara bu münasibəti qəbul etməyib onu işə götürdüm. Adı İlhamə idi. Salatçı, aşpaz işi təklif etsəm də, xadimə işləmək istədiyini bildirdi. Şərtimiz belə oldu ki, o, üst və orta mərtəbədəki iş yekunlaşandan, işçilər gedəndən sonra gəlib təmizlik işləri görəcək və digər işçilər qədər məvacib alacaq. 6 yaşlı qızını da, qoymağa yeri olmadığı üçün, özü ilə gətirirdi. Hərdən uşaqsız da gəlirdi. Yadımdadır, ilk iş günü qızına paltar alması üçün anasına əlavə pul da verdim. İlhamə üç saat qızının gözü qarşısında işləyirdi. Başqa bir xadiməmiz də vardı. O, gündüzlər gəlirdi.

İlhamə gözəl qadın idi və kişilərdən qorunmaq üçün həmişə nimdaş geyinir, başına yaylıq örtürdü. Məndən haradasa on yaş böyük olardı. Heç kimin üzünə baxmır, zərurət yaranmasa danışmırdı. Laldinməz işini görüb, məvacibini alıb gedirdi. Satılmayan yeməkləri və xarab olası ərzaqları mənim icazəmlə evinə aparırdı. Ondan özümə və başqalarına qarşı heç bir ögeylik görməmişdim.

İlıq bir may gecəsi idi. Mən orta mərtəbədən girişi olan otağımda kitab oxuyaoxuya mürgülədim. Adətən İlhaməni yola salandan sonra yatırdım, bu dəfə mürgü məni aparmışdı. Otaqda iki çarpayı, kondisioner, kompüter, kitab rəfi, stolstul, paltar şkafı və şəxsi əşyalarım həmişə yerbəyər olurdu. Yəni səliqəsahman yaratmağa ehtiyac yox idi. İşıq yanırdı. Qapı isə azacıq aralı qalmışdı. İlhamənin qapıya yanaşması məni mürgüdən ayıltsa da, gözümü açmadım. Zirzəmidəki qəlyanxanada və yay çayxanasında iş davam edirdi, lakin yuxarı və orta mərtəbələrdə heç kim yox idi. Göz qapağıma əziyyət verib kirpiklərimin ucunda baxdım, qadın qapıda dayanıb mənə baxırdı. Ağlıma gəldi ki, məni öldürüb pullarımı aparmaq istəyir. Yalnız bir qatil öz yatmış qurbanına belə baxardı. Bir dəfə sağasola, sonra təkrar mənə baxdı. Qorxurdum. Əlində heç nə yox idi. İçəri keçdi. Yaylığını açdı. Yəqin məni onunla boğacaqdı. Ancaq yaylığı masanın üstünə qoydu. Həyəcanlı idi. Fikrini tam anlamaq üçün növbəti hərəkətini gözlədim. Saç sancağını açıb şəlalə saçını silkələdi. Bu an gözlərimi açıb geri atıldım. Cincilim hələ yatmazdı bu vaxt. Yatmamışdısa, mütləq mənim üçün darıxırdı və deməli məni düşünürdü...
– Siz nə edirsiniz, İlhamə xanım?

O susdu. Heç nə demədən yaylığını götürdü və həmin günün məvacibini almadan getdi.
Səhəri gün qızıyla gəldi. Heç nə olmamış kimi işini görüb məvacibini alanda dünənki haqqını da verdim. Pula mənalımənalı baxıb dedi:
– Dünən yaxşı işləmədim.
– Eybi yox. Götürün.
Bu əhvalatı Cincilimə bildirmədim. Desəydim, işdən qovduracaqdı. Vicdanım təmiz idi.

Bir aya yaxın İlhamə həmişəki qaydada işlədi. Yenə ikilikdə idik. Döşəmə silirdi. Mən stulda oturub günün haqqhesabını çəkirdim. Qəfildən dedi:
– Niyə imtina elədin?
Kalkulyatoru təşəxxüslə kənara itələdim:
– Mən dəyyusluq edib, yanımda çörəkpulu üçün işləyən qadına o gözlə baxmaram.
– Yəni qalıb elə kişilər? Gülümsədim.
– Hansı kişiyə salam verirsən, o saat girişir. Bezmişəm adamlara nifrət etməkdən. Hələ öz qaynım... Oğraşın biridir...
– Bəs niyə mən?
– Əsil kişi kimi aparırsan özünü. Uşaqsan, amma elə bil qırx yaşın var. Yağmur da səni çox istəyir. Səndən başqa heç kim ona heç nə almayıb.
– Bu mənim insanlıq borcumdur.
– Bir qadına da baxmırsan.
– İstəklim var.
– Hə. Görmüşəm. Qəşəng qızdır. Bəxtəvər.
– Niyə bəxtəvər?
– Sənin kimi oğlan qapazlayıb. Əlindən gül əskik olmur. Bahalı telefonlar alırsan.
– Rəhmətliyə istəyib getmişdin, ya zorla vermişdilər?

– Evdən verdilər. Gedəndən sonra istədim. Yaxşı adam idi. Amma mənə xəyanət edirdi. Tutmuşdum. Məni yüngül qadın bilmə. Həyatımda heç kim yoxdur. Şeytan çaşdırdı. Utanıram sənə baxanda.
– Utanma. Mən heç kimə demərəm.
– Bilirəm.
– Biriylə ailə qur, yaşa.
– Qız böyüdürəm mən. Yad kişi yanında qız saxlaya bilmərəm. Yaxınlaşanın da hamısı birinci oğraşlığı fikirləşir. Təkcə sən idin təmənnasız kömək edən.

İlhamə “Stellaria”nın bütün işçiləri barədə mənim bilmədiklərim, məndən gizlədilən hər nə varsa mənə danışdı. Məlum oldu ki, xalamdan, yeniyetmə ofisiantlardan və Andreydən başqa hamı mənə “atır”. Oğurluq edir. Bir neçə günə obyektin hər tərəfinə təhlükəsizlik kameraları yerləşdirdim. Oğurluqları qismən azaltdım. Yemək hazırlanan yerdə kotlet bişirildiyindən ora nadir hallarda girirdim. Buna görə oğurluqların əksəriyyəti orda baş verirdi.

Biz 3cü kursda oxuyanda qrup uşaqlarının sayı durmadan artdı. Dərbənd Universitetindən “perevod” deyilən yerdəyişmələr başladı. Hamısı da bizim fakültəyə. Digər fakültələr bizə lağ edib deyirdilər ki, siz hər gün balalayırısınız. Bizim müəllimlərin də tərbiyəsini təzə gələn o uşaqlar pozdu. Bir müəllim demişdi ki, qırx ildir bu universitetdə dərs deyirəm, sizin qrup kimi cındır qrup görməmişəm. Onların gəlişi ilə fakültədə it yiyəsini tanımadı, auditoriyada ağız deyəni qulaq eşitmədi. Aralarında Laura adlı bir qız “Azərbaycanın paytaxtı haradır?” – sualına “Səməd Vurğun” – deyə cavab vermişdi. Qız rus olmasa da, qəsdən rus aksenti ilə danışıb, özünü aristokrat kimi aparmaq istəyirdi.

Qrupumuz o qədər böyüdü ki, iki yerə böldülər. Kütbeyin Laura bizim qrupda qaldı. Könka məni axtardığı yollarda Laura ilə tanış olub rəfiqəlik etməyə, daha doğrusu haqqımda məlumat almaq üçün ondan istifadə etməyə başlamışdı.

Mən Cincilimin seçdiyi aşağı təmirli, amma şəhərin yaxşı yerindən üç otaqlı mənzil alıb, Cincilimin razılığı ilə bacımgili müvəqqəti ora köçürmüşdüm. Dayı olmuşdum. Bacım oğluna ad qoymağı mənə, mən isə Cincilimə həvalə etdim. Onun xoşuna gələn Murad adını qoyduq.

Həmin ərəfələrdə kənddən xəbər gəldi ki, babamın qəbrinin yanından cadu tapılıb. Mənim şəklimin parası ilə kimliyi bilinməyən bir qızın şəklinin parası paslı mismara keçirilib, parçaya bükülüb. Bükülüdə biz bilmədiyimiz əlifbada nəsə yazılıb. Anam təcili gəlib onu murdarlamağı tapşırdı. Elə şeylərə inanmadığım üçün gülüb dedim: “Atın zibilliyə!” Ancaq anam dirəşmişdi ki, şəxsən özün gəlməli, o cadunu sidiklə murdarlamalısan. Anam bu işi bibimdən görürdü. Əslində isə Könka eləmişdi. Caduya inanmaya inanmaya birdən tutar deyib işini görmüşdü. Bizim açıqaşkar ələlə tutub gəzdiyimizi biləndən sonra daha da aqressivləşmiş, Seyid Mir Cabbar ağanın qızına cadu yazdırmışdı.

Biz heç kimə fikir vermədən birbirindən gözəl günlər yaşamağa davam edirdik. Cincilimin xoşladığı içərişəhəri o qədər gəzmişdik ki, yerli sakinləri bizə salam verirdi. Amma hələ Cinimi öpməmişdim. Onu öpməmək üçün tamahımla əlimdə qılınc ölümdirim savaşı aparırdım. Toy günümüzə qədər öpməyəcəkdim şahzadəmi. O mənim toxunulmazım idi. Könka isə mənə gələn yollarda vuruşurdu. Sükut içində planlar qururdu. Bir gün Könka hardansa eşitmişdi ki, kənddə bir oğlan kanalın qırağında bir qızın başına oyun açıb, sonra qaçırmaq məcburiyyətində qalıb. Eyni ssenarini mənim üzərimdə tətbiq etmək üçün nəhəng plan hazırlayırdı. Laura ona bu işdə köməklik göstərməliydi.

“Uni”ni bitirməyimizə sayılı aylar qalırdı. “Stellaria”nın binasının sahibi – Asifin atası may ayında oranı boşaltmağımı istəmişdi. Qanım bərk qaralmışdı. Onsuz da əsgərliyə gedəcəkdim. Amma işimi kirvəmə verib getməyi planlamışdım. Həmin gün sərt Bakı küləyi qalxmışdı. Hələ göydələnlər az olduğundan azğın külək kasıb pəncərələrində rahatlıqla fışdırıq çalırdı. Onun ölçüsü Cincilimin saçını saniyədə üzümə bir dəfə vuracaq dərəcədəydi. Biz bulvara getmişdik. Şahzadəmin üşüyən əllərini ürəyimin üstündə qızdırırdım. Elə bu vəziyyətdə gələcəyimizi müzakirə edirdik. Cincilim Londona magistr təhsili almağa, mən isə əsgərliyimi çəkməyə gedirdik. Atası qızı vasitəsiylə fikrimi öyrənmişdi. Londona getməsinə etiraz etməmişdim. Aldığım bahalı nişan üzüyü Cincilimin barmağında idi. Rəsmi məclis olmasa da, biz artıq nişanlı sayılırdıq. Xalamla Kirvəmi Cincilimgilə ayaqaçdıya göndərmək istəyirdim. Vaqiflə Əsmər etiraz etdilər: “Qoy xeyir iş olsun, sonra. Camaat soruşacaq ki oğlanın ataanası niyə gəlmir? Ağzıgöyçəklər pişik başı bəzəyəcək”.

Cincilimin əlləri ürəyimin üstündəydi deyə, küləkdən zövq alırdım. Qarşıdakı bir ili ayrı qalacağımızın kədərini yaşayırdıq. Cincilim hərdən səngiyən küləyin qısa sükutu altında gözlərimə baxıb dedi:

– Ərəl, mən sənsiz ancaq 365 gün qala bilərəm, 366cı günü dözmərəm.
– Gələn kimi iş tapıb səni qaçırdacam.
– İş tapmasan da qaçırt. Bir soğan olsun, bir çörək, bir sən, bəsimdir.
– Soğan çörəklə iyləniyiylənə nə təhər yaşayacağıq? O güldü.

– Cinim, qrupumuzda bir səy qız var e, səninlə tanış olmaq istəyən...
– Laura?
– Hə.
– Qəribə qızdır. Harda görür, tutur məni söhbətə. O gün zəng də eləmişdi.
– Nə deyirdi?
– Heç nə. Bilmirsən nə danışır.
– Sabah ad günüdür. Məni də dəvət edib. Səni də aparım?
– Yox. Məni dəvət etməyib axı. Məni niyə dəvət etməyib?
– Nə bilim. Yəqin fikirləşib ki, gəlməzsən, sözü yerə düşər. Gəl gedək də.
– Sabah Nigarın da ad günüdür – Nigar Cincilimin rəfiqəsiydi. Həm də çağırılmayan yerdə nə işim var.
– Deyim çağırsın da. Xeyir ola sənin qrup yoldaşların çağırmayanda üzümə salıb gedirəm. Qovmayacaqlar ki!
– Yox demə. Nigarın ad günündə olacam. Yaxşısı budur, sən ora get, mən Nigara.
– Onda məni apar Nigargilə.
– Dəlisən? Evdədir məclis. Bir topa arvad olacaq.
– Ağzındakı saqqızı ver çeynəyim, – onun ağız suyunun tüpürcəyinə bulaşmış saqqızdan dadlı bir nemət yox idi mənim üçün, harda görürdüm, ağzından alıb çeynəyirdim və çeynənmiş saqqızdan başqa ondan heç vaxt heç nə istəmirdim.
– Nigarın hədiyyəsini almısan?
– Yerini eləmişəm, axşam alacam.
– Bəs pulu?
– Atam verəcək.
– Mən dura dura atandan niyə pul istəyirsən?

– Ərəl, yenə başlama da! – desə də, yanıma salıb hədiyyə dükanına apardım və biz Nigarın hədiyyəsini aldıq.

Adətən ad günləri saat 18dən sonra başlayırdı, Laura saat 14ə çağırmışdı. Elə bilirdim, qrup uşaqları da orda olacaq, amma heç kim yox idi. Tanımadığım çevrəyə düşmüşdüm. Beşimiz oğlan olmaqla doqquz nəfər idik. Lauranın “uni”də basıbbağlamağı ilə ad günü süfrəsi uyğun gəlmirdi. Simic bazarlıqla açılmış süfrə gördüm. Doqquz nəfərə üç nəfərlik turşu qoyulmuşdu. Stəkanlar hərəsi bir formadadır. Tələbə ad günündən çox bomj qonağlığına oxşayırdı. Bircə “s dnem rojdeniya. Laura – 20” sözləri yazılmış tort bahalı tort idi. Əgər imkanı yox idisə, ad günü keçirməyə bilərdi. Necə oldusa, yanımdakı oğlandan hansı kənddən olduğunu soruşdum. “Üstüaçıq kənddən” deyib düşüklədi. Bununla da necə bir məclisə düşdüyümü anladım. İçki də var idi. Əslində, içmək istəyirdim. Məclisin səviyyəsinə baxıb içmədim. Əgər məclisdə hamı səndən aşağı səviyyədədirsə, orda içməməlisən, içki səni onlarla bərabərləşdirə bilər. Gördüm, bunların çevrəsində ən sanballı adam elə səy Lauranın özüdür. İçlərində qalın eynəkli bir qız psixi durumu yerində olmayan adamları xatırladırdı. Nəsə axtaran adamlar kimi döyükürdü.

Laura kokakolanı xoşladığımı bilirdi. Burda da həvəslə içmişdim. Nə biləydim mənə verilən kokakolaya Viqara tozu qatıblar. Bunu zibil qutusunda Viqaranın kağızını görəndə anlamalı idim. Amma düşündüm ki, bu evdə oğlan tələbələr qalır, yəqin onlar istifadə edib. Tortun kəsilməsini gözləyirdim ki, durub bu narahat adamlardan bir daha görməmək ümidi ilə ayrılam. Döyükən qız Lauranı mətbəxə çağırdı. O, kiməsə teztez mesaj yazırdı. Birdən məndən telefonumun fənərini yandırıb eynəkli qıza verməyimi istədi. Qısa fasilədən sonra Laura dedi:

– Ərəl, bunlar içkilidir, o biri otaqda lampaları dəyişə bilərsən?
– Dəyişərəm.

Lampaları mənə verib stulu ayağımın altıma qoymaq üçün mənimlə birlikdə o biri otağa keçdi. Stulu qoyub geri qayıtdı. Bu vaxt çöl qapısının açılıb örtüldüyünü, arxadan çıqqıltı ilə bağlandığını eşitdim. Sükutu ciddiyə almadan lampaları növbə ilə dəyişdim. Ayağımı yerə qoyub çevriləndə qarşımda Könkanın lüt vicudunu gördüm. O, saç sancağını, qızıl zinət əşyalarını, corab və alt paltarlarını soyunub qarşımda dayanmışdı. Mobil telefonum qızda idi. Ev telefonu işləmirdi. Mənzildə ikimizdən başqa heç kim yox idi. Qapı arxadan açarla bağlanmışdı. Mənzil yeddinci mərtəbədəydi.

Əvvəl əlləri ilə intim yerlərinə utanır kimi örtməyə çalışsa da, axırda qollarını yanına saldı. Qarşımda istənilən oğlanın mollakeçməz sandığı bədən parıldayırdı. Onu bir dəfə sakit halda süzüb içimdə qalan ilk sualı verdim:
– Söyüdü niyə kəsmədin?
– Sənin nifrətindən qorxdum. – ara verdi, – Əslində, bir dəfə dibinə xlor tökdüm, qurumadı. Xalam qızı kimi o da həyasızdır.
– İndi bu elədiyin hərəkət nədir, Könül? Onu ağlamaq tutdu. Ağlaya ağlaya:
– Sənə qızmışam, – dedi, – Ay oğraş, səndən basqasıyla ola bilmərəm. Ya sən olmalısan, ya da elə bu cür qəbrə gedəcəm.

Ona yazığım gəldi. Üzümü kənara tutaraq sakit halda dedim:
– Geyin əynini. Günaha batırsan.
– Cərə batım, cəhənnəmə batım! Hə, o dünyada naməhrəm olduğuna görə əbədi cəhənnəmə vasil olacam? Olum da. Onsuz da bu dünyada cəhənnəmi yaşatmısan mənə. İslanmışın yağışdan nə qorxusu?! – ara verdi – Allahın bəlası, istədiyimi ver, çıxım gedim.

Mən susdum. Nə deyəcəyimi, necə edəcəyimi bilmirdim. O üsyan eləyirdi. Üzümü yana tutmuşdum. İçimdə bir şübhə var idi ki, evdə gizli kamera quraşdıra bilər. Könkaya ani toxunuşum onunla evlənməyimlə nəticələnə bilərdi. Çox eşitmişdik belə evliliklər haqqında.

– Xoşladığın yeməklərin adını başqasından eşidirəm. Amma yenə də onları bişirməyi öyrənirəm. Hər dəfə küftə yeyəndə, düşünürəm ki, sənin xoşladığın xörəkdir. O gün kənddə atamın ayaqlarını isti vannaya qoyurdum. Allaha yalvarırdım ki, Ərəlin də ayaqlarını yumağı mənə qismət eləsin. – istehza ilə gülümsündü, – Mənim duama, arzuma bax da.

Elə bilirdim cadudan sonra bu, Könkanın axırıncı əməli olar. Sən demə son deyilmiş. Könül zülmət labirintdə ömürlük qucaqlamaq üçün qollarını açıb ləhləyə ləhləyə məni axtarırdı.

Oranı tərk edəndə də gizli kamera qorxusu içimdəydi. Düzdür, dırnağına da toxunmamışdım, amma istəmədən lüt bədəninə baxmışdım.

Binanın qarşısında fransız ləçəri kimi dişlərini ağardan eynəkli qızdan telefonumu alan kimi Cincilimə zəng vurdum, hadisəni olduğu kimi danışdım. Kamera ehtimalını nəzərə alıb polisə şikayətə getməyimin vacib olduğunu vurğuladım. Axırda da dedim: “Sənin ürəyində iynənin ucu qədər xal qalmasını istəmirəm. Polis araşdırıb mənim günahsız olduğumu sübut edəcək, bununla da Könkadan canımız qurtaracaq”.

Ancaq bir qızdan polisə şikayət etməyi özümə sığışdırmırdım. Qərarı Cincilim verməliydi. Onun verdiyi qərar hər şeydən üstün idi.

Cincilim çox narahat idi:

– Ərəl, bu bizi evlənəndən sonra da rahat qoymayacaq.
– Qələt eləyəcək! Mənə bircə şey maraqlıdır: səndə şübhə qalmasın.
– Guya Nigarın ad gününə hazırlaşırdım. Burnumdan gəldi. Bilirsən nə var? Get polisə şikayət elə. Düz deyirsən, kamera qoyula bilər.
– Yaxşı.

Mən polisin “Növbətçi hissə” yazılan yerinə çatanda bir zabit həyətdə gözləyən, naharını əlində gəzdirən fəhləni serjanta göstərib deyirdi: “Bu yazıq tualetə getməyə pul tapmır, onu bura nəyə gətirmisən?”
– Ağaclığa işiyirdi.
– İşəyir işəsin də. İşəməyə görə cəza nəzərdə tutulmur.

Bu vaxt Cincilimdən zəng gəldi:
– Ərəl, hardasan?
– Polisə gəlmişəm.
– Çıx ordan. Şikayət vermə.
– Niyə?
– Çıx ordan, deyəcəm.
– Çıxdım.
– Hadisəni olduğu kimi bir də danış.

O səsucaldıcıya qoyub hadisəni anasına mənim dilimdən dinlədirdi. Təkrar danışıb bitirəndən sonra anası telefonu götürdü:
– Salam.
– Salam, xala.
– Sən heç kimə heç nə demə.

Qadının bacısı qızının rüsvay olmasından, adına söz çıxmasından narahatlığını hiss edib dedim:
– Xala, Cincilimin ürəyində xal qalar deyə polisə gedirəm. Desin getmə, getməyim.
– Getmə. Bunu mən xahiş edirəm. O qanmır. Elə olduğuna baxma, ağlı uşaq ağlıdır. Bir daş altda, bir daş üstdə.

– Yaxşı. Cincilimə verin telefonu.
– Hə, Ərəl.
– Mamanın yanından çəkil.
– Çəkildim.
– Sən öl Viqara məni birtəhər elədi. O səsli güldü.
– Gəlirəm məhlənizə. Ad gününə mən aparacam səni.
– Sənin Viqaranın təsiriylə bura gəlməyin çox təhlükəlidir.
– Aaz, məzələnmə. Bilirsən ki, hər belə qanqaraçılıq düşəndə səni axtarıram. Səni görəndə dinclik tapıram. Belə getsəm, yata bilməyəcəm ki, ürəyində xal qalıb. Üzüzə görəndə keçib gedir. Gəlirəm.

“171in həyəti”ndə görüşəndə Cincilimi yoxlamaq üçün bir gop elədim:
– Qrup yoldaşım deyir, Viqara atmısansa, mütləq nəsə etməlisən, yoxsa ürək partlaya bilər.

O güldü:
– Bəs neyləyəcəksən?
– Nə bilim. Mən də səninlə məsləhətləşmək istəyirdim.

O, şalvarımın qabağına ötəri bir nəzər salıb azca gülümsədi. Amma bu gülümsəmədə gizli bir sevinc də vardı. Onu dalda bir yerə çəkib belinə sarıldım. Paltarın üstündən var gücümlə qucaqladım. Bu mənim ona ilk intim toxunuşum idi. Onu öpmədən boynunu iylədim. Özümə sıxıb buraxmağa başladım. Əlləri çiynimdən yanına düşdü. Bərk sıxıb boşaldır, sonra təkrar bərkbərk sıxırdım. Özünü tamamiylə mənim ixtiyarıma buraxmışdı. Gözləri xumarlanmışdı. Həyatımda bu cür şirin hiss yaşamamışdım. Bütün vücudumu Cincilimlə bərkitmişdim. Eləcə onu bərk sıxıb buraxırdım. Bu vaxt içimdə alışıb yanan bir dalğanın təzyiqlə məndən çıxdığını hiss etdim. Onu buraxıb arxaya çəkildim:

– Səni zəlil qal, Könül!

Cincilim necə qəhqəhə çəkib güldüsə, kiminsə səsə gəlib məni bu vəziyyətdə görməsindən qorxdum.

Əsgərliyə getməyimə bir ay qalmış “Stellaria”ya aldığım avadanlıqları dəyərdəyməzinə satıb restoranı təhvil verdim. 7 min dollar pulu əsgərlikdən qayıdan kimi toyumuzu etmək üçün Cincilimə verdim. Londonda lazım olacağı təqdirdə sonuncu qəpiyinə qədər xərcləyə də bilərdi. Demişdim. Bu ikimizin pulu idi. Kimə vacib lazım olsa, xərcləyə bilərdi.

Əşyalarımı bacımgil yaşayan evimin bir otağına yığıb qapısını bağladım, açarı da bacıma verib zərurət olmayınca bura girməməsini tapşırdım. Nazir oğlu qrup yoldaşımdan yeznəm Mosuya bir iş tapmasını xahiş etdim. Kəndə gedib babamla nənəmin qəbrini ziyarət etdim. Söyüd yerində idi. İki gün kənddə qalıb Bakıya qayıtdım. Son günlərimi prokurorluğa getmədim. Amma Azər müəllim və əməkdaşlarla sağollaşmağa imkan tapdım. Azər müəllim cibimə pul qoymaq istədi, götürmədim. Ancaq Cincilimlə bir yerdə 365 günlük ayrılığın kədəri ilə gəzib dolaşdıq. “Titanik” gəmisinin üstünə yazılan “Bu gəmini Tanrı da batıra bilməz” – yazısının eynisini məhəbbətimin üstünə yazıb, əsgərliyə yola düşdüm. Nə biləydim, Tanrının batıra bilmədiyi gəmini dılğır bir aysberq batıracaq. Başımıza gələnləri əvvəlcədən bilsəydim, getməzdim. Lap desəydilər, Qarabağı işğaldan azad etmək üçün nizami orduda bircə sən çatmırsan, yalnız sənin gəlişinlə Qarabağı işğaldan azad edəcəyik, yenə getməzdim. Qarabağı riskə atardım, Cincilimi yox.

Seçilən
34
1
kulis.az

2Mənbələr