AZ

Əklillər “ölü ekslər” üçün sifariş verilməlidir!

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

...Əslində, diri ikən siyasi meyitə çevrilmişləri də matəm musiqisinin sədaları altında sonuncu mənzillərinə yola salmaq, nə qədər qəddar səslənsə də, doğru addım sayıla bilər. Xüsusilə siyasi karyerası boyu əli günahsız insanların qanına bulaşmış, hərbi cinayətlərə rəvac vermiş “eks”ləri layiq olduqları belə sonluğa məhkum etməkdə heç bir qəbahət görmürük.

Ermənistanın üçüncü prezidenti, Xocalı canisi Serj Sarkisyan hakimiyyətdə olduğu 10 il (2008–2018) ərzində Azərbaycanla sülh danışıqlarına yalnız mane olmaqla, ATƏT-in Minsk qrupunun həmsədrlərinə yalan vədlər verməklə məşğul oldu.

S.Sarkisyan 5 ildən çoxdur ki, bütün çıxış və müsahibələrində Qarabağ ağlaşması qurur. Ardınca 2018-ci ildə hakimiyyəti təhvil verdiyi Hayastanın indiki iqtidarını hədəfə alır, onu ölkənin üzləşdiyi bütün problemlərin baiskarı kimi, cəmiyyətdə “baş alıb gedən qanunsuzluqlara”, ən başlıcası isə Qarabağın itirilməsinə görə top atəşinə tutur. Bununla da kifayətlənməyən Serjik Nikol Paşinyanın hakimiyyətə gətirilməsinə köməklik göstərmiş xarici qüvvələrin də “bostanına daş atmaqdan” çəkinmir. O, özünü taxtdan salmış həmin qüvvələrə xitabən, bir növ, 8 il əvvəlki seçimlərinin düzgün olmadığını əsaslandırmağa çalışır.

...Əlbəttə, Qarabağ kökənli Serj Sarkisyan erməni faşizminin təmsilçisidir və onun hərbi-siyasi karyerası bunun bariz nümunələri ilə zəngindir. Belə bir şəxsin hələ də Ermənistanın siyasi həyatında meydan sulaması, partiya sədri kimi həmfikirlərinin və ardıcıllarının mövcudluğu onu göstərir ki, daşnak-revanşist zehniyyətin sönməyə qoymadığı avantürizm hay cəmiyyəti üçün aktuallığını hələ də saxlamaqdadır. Təəssüf ki, Ermənistanda onun kimi düşünənlərin çevrəsi daralsa da, tam qapanmayıb. Ən pisi isə odur ki, ölkənin hazırkı hakimiyyəti də mahiyyətcə sarkisyanxislətlilərdən o qədər də geri qalmır. Sadəcə olaraq, indiki iqtidarın avantürizmi forma və metodlarına görə fərqlidir.

...34 il bundan əvvəl Xocalıda dinc Azərbaycan türklərinə divan tutması ilə qürrələnən həmin S.Sarkisyan indi baş nazir Nikol Paşinyanın “ciddi səhvlərindən” danışır. Sual olunur: bəs niyə o zaman baş nazirin səhvlərini car çəkmirdi, demirdi ki, “Şuşada sərxoş vəziyyətdə yallı getmək olmaz”, “Qarabağ Ermənistandır, nöqtə” ifadəsi torpaqlarını işğal etdiyimiz Azərbaycanın ünvanına müharibəyə birbaşa çağırışdır? Bəlkə o, sələfi Robert Koçaryanla birlikdə yaratdıqları fərarilər ordusunun İkinci Qarabağ müharibəsində qalib gələcəyinə inanırdı?

Onların ən böyük səhvi 1997-ci ildə prezident Levon Ter-Petrosyanı devirmələri oldu. Əgər onu devirməsəydilər, Ermənistan 29 il əvvəl özü üçün daha məqbul şərtlər daxilində Azərbaycanla sülh sazişini imzalayacaqdı. Bəs nədən 20 il Ermənistanı şəxsi obyektləri kimi idarə edən “Qarabağ klanı” bu barədə danışmır?

Sarkisyanın, ümumiyyətlə, onun təmsilçisi olduğu “Qarabağ klanı”nın Ermənistanda bir daha hakimiyyətə gəlmək şansı sıfıra bərabərdir. Çünki onun müxalifətin aparıcı simalarının cərgəsində yeri yoxdur, rəhbəri olduğu Respublika Partiyası isə sosial bazadan məhrum olub. Ona görə həyatının sonuna qədər müsahibə verib nəsə yeni detallar ortaya atmağa çalışsa da, bunun heç bir nəticəsi olmayacaq.

...Sonda isə gələk “sözümüzün mustafası”nın üzərinə. Deməli, Serj Sarkisyanın adından “2016-cı ildə dördgünlük Aprel müharibəsi qəhrəmanlarının xatirəsi “ehtiramla” yad edilib”. Yəni İrəvandakı Yerablur hərbi panteonunda Ermənistan Respublikasının üçüncü prezidenti, Ermənistan Respublika Partiyasının sədri Serj Sarkisyanın adından “2016-cı ilin zəfərli aprel döyüşləri zamanı həlak olan qəhrəmanların” və “Qarabağın azadlıq müharibəsində canlarını qurban vermiş erməni övladlarının” xatirəsi anılıb. Hətta eks-prezident Sarkisyanın adından “həlak olan azadlıq döyüşçülərinin xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyulub” (sitatlar erməni mediasındandır).

Serj Sarkisyan–Robert Koçaryan tandeminin siyasi əxlaqı, “milli təəsübkeşliyi” bax budur. Bu, həm də taleyin ironiyasıdır: həmin əklillər təkcə azərbaycanlılara qarşı deyil, həm də öz vətəndaşlarına qarşı cinayətlər törətmiş bu “eks”lər üçün hazırlanmalıdır. Sifariş isə xəyanət etdikləri öz xalqı tərəfindən verilməlidir.

İ.HƏSƏNQALAXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
xalqqazeti.az

2Mənbələr