AZ

Demokratiya: minimalist və maksimalist konsepsiyalar

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu bölmədə təhlil ediləcək növbəti anlayış demokratiyadır. Müasir siyasi diskursda demokratiya ən populyar və eyni zamanda ən çox normativ yüklənmiş anlayışlardan biridir. Lakin anlayışın məzmunu aydınlaşdırılmadan onun mövcudluğu və ya yoxluğu haqqında nəticə çıxarmaq mümkün deyil. Demokratiya bəzən legitimliyin avtomatik sübutu, bəzən siyasi üstünlük iddiası, bəzən isə beynəlxalq qiymətləndirmə aləti kimi təqdim olunur. Bu çoxqatlı və normativ yüklənmiş istifadə demokratiyanın analitik məzmununu zəiflədir və onu konkret siyasi mexanizmdən daha çox “düzgünlük”, “haqlılıq” və “mənəvi üstünlük” simvoluna çevirir. Belə yanaşma demokratiyanın real işləmə şərtlərini, institusional çərçivələrini və tarixi kontekstini arxa plana keçirir.

Bu məqalədə demokratiya ideal vəziyyətin təsviri kimi deyil, siyasi qərarların qəbul edilməsi və məsuliyyətin paylaşılması üsulu kimi nəzərdən keçirilir. Məqsəd demokratiyanı tərifləmək və ya rədd etmək deyil; onun minimal məzmununu, tipik təhriflərini və real siyasi nəticələrini ayırd etməkdir. Demokratiya nə özlüyündə müsbət nəticə təmin edən sistemdir, nə də avtomatik olaraq azadlıq və ədalət yaradır. O yalnız müəyyən institusional və siyasi şərtlər daxilində müəyyən siyasi məqsədlərə xidmət edən idarəetmə mexanizmi kimi fəaliyyət göstərir.

Bu yanaşma demokratiyanı “var / yox” kateqoriyası kimi deyil, proses, mexanizm və siyasi məsuliyyət rejimi kimi qavramağa imkan verir. Demokratiyanın necə asanlıqla prosedura, səs çoxluğuna və ya ideoloji şüara endirilə bildiyi növbəti müzakirələrdə aydın şəkildə görünür.

Robert Dahl da müasir siyasi sistemləri təhlil edərkən göstərirdi ki, real dünyada demokratiya nadir hallarda ideal forma şəklində mövcud olur; dövlətlər daha çox müxtəlif dərəcələrdə demokratik institutlara malik olan poliarxiya tipli sistemlər kimi fəaliyyət göstərirlər.

Demokratiya anlayışının tarixi inkişafı da bu mürəkkəbliyi göstərir. Onun klassik mənası qədim Afinaya qədər gedib çıxır və ilkin olaraq vətəndaşların birbaşa qərarvermə prosesində iştirakını ifadə edirdi. Lakin bu iştirak müasir mənada universal deyildi: qadınlar, qullar və əcnəbilər siyasi icmanın üzvü sayılmırdı. Sonrakı əsrlərdə demokratiya anlayışı genişlənərək ümumi seçki hüququ, nümayəndəli institutlar və siyasi rəqabət kimi elementləri əhatə etməyə başladı. Bununla belə, tarix göstərdi ki, iştirak dairəsinin genişlənməsi və seçki mexanizminin tətbiqi öz-özlüyündə siyasi sabitlik, azadlıq və ya sosial ədalət yaratmır.

Müasir siyasi düşüncədə demokratiyanın məzmunu əsasən iki fərqli yanaşma arasında formalaşmışdır: minimalist və maksimalist demokratiya anlayışları. Minimalist yanaşmaya görə demokratiya ilk növbədə, hakimiyyətin formalaşma mexanizmidir. Bu baxışda demokratiyanın əsas funksiyası hakimiyyətin seçkilər vasitəsilə dəyişdirilməsidir və onun məzmunu siyasi qərarların hansı dəyərlərə əsaslanmasından deyil, kim tərəfindən və hansı prosedurla qəbul olunmasından asılıdır. Bu mövqe ən aydın şəkildə Jozef Şumpeter tərəfindən ifadə olunmuşdur. Şumpeter demokratiyanı “xalq iradəsinin birbaşa reallaşması” kimi deyil, siyasi liderlərin seçicilərin dəstəyi uğrunda rəqabət apardığı institusional prosedur kimi izah edirdi. Bu yanaşmada demokratiya məqsəd deyil, siyasi hakimiyyətin formalaşması üçün texniki mexanizm kimi çıxış edir.

Bu model demokratiyanı normativ gözləntilərdən müəyyən qədər azad etsə də, eyni zamanda, onu siyasi məsuliyyət, ictimai iştirak və qərarların məzmunu məsələlərindən qismən ayırır. Bu çərçivədə demokratiya xalqın birbaşa hakimiyyəti deyil, xalqın hakimləri seçmək hüququ ilə məhdudlaşır.

Bundan fərqli olaraq maksimalist yanaşma demokratiyanı yalnız prosedur kimi deyil, siyasi həyatın bütöv forması kimi başa düşür. Bu baxışın klassik kökləri artıq Aristotelin siyasi düşüncəsində görünür. Aristotel üçün demokratiya sadəcə idarəetmə üsulu deyil, vətəndaşların birgə qərarvermə prosesində iştirakı ilə formalaşan siyasi həyat tərzidir. Burada demokratiyanın dəyəri yalnız seçkilərin mövcudluğunda deyil, vətəndaşın siyasi həyatdakı fəal iştirakında ölçülür.

Müasir siyasi nəzəriyyədə maksimalist yanaşma demokratiyanı hüquqi dövlət, azlıqların hüquqlarının qorunması, institusional tarazlıq və siyasi məsuliyyət kimi elementlərlə birlikdə nəzərdən keçirir. Bu xəttin müasir ifadələrindən biri Fareed Zakarianın “liberal demokratiya” anlayışıdır. Zakaria göstərir ki, seçkilərin mövcudluğu avtomatik olaraq azadlıq və hüquqi dövlət demək deyil; demokratiya hüquqi və institusional çərçivədən ayrıldıqda çoxluğun hakimiyyəti fərdi azadlıqları məhdudlaşdıran alətə çevrilə bilər.

Demokratiyanın minimalist anlayışı implicit şəkildə başqa bir fərziyyəyə də söykənir: vətəndaşların siyasi qərarları rasional şəkildə qiymətləndirə bilməsi fərziyyəsinə. Bu yanaşmada seçici fərqli alternativləri müqayisə edən və öz maraqlarını rasional şəkildə müəyyən edən aktor kimi təsəvvür olunur. Lakin müasir davranış iqtisadiyyatı və siyasi psixologiya araşdırmaları bu təsəvvürün həmişə reallığa uyğun olmadığını göstərmişdir. Daniel Kahneman və Amos Tversky tərəfindən aparılmış tədqiqatlar insanların qərar qəbul etmə prosesində çox zaman intuitiv reaksiyalara, kognitiv qərəzlərə və emosional təsirlərə söykəndiyini göstərir. Bu isə siyasi qərarların yalnız rasional müzakirə nəticəsi kimi formalaşdığı barədə sadələşdirilmiş təsəvvürləri ciddi şəkildə təkzib edir.

Minimal və maksimal demokratiya arasındakı fərq siyasi tarixdə də aydın görünür. 1947-ci ildə müstəqillik əldə etdikdən sonra Hindistan dərhal ümumi seçki hüququna əsaslanan parlament sistemi qurdu. Formal baxımdan minimal demokratiyanın bütün atributları mövcud idi: seçkilər keçirilir, hökumətlər dəyişir və siyasi rəqabət təmin olunurdu. Lakin eyni zamanda ölkədə dərin sosial bərabərsizlik, savadsızlıq, yoxsulluq və struktur problemlər qalmaqda davam edirdi. Bu fakt bir həqiqəti göstərdi: seçki mexanizmi avtomatik olaraq sosial ədalət, iqtisadi inkişaf və effektiv idarəetmə demək deyil. Demokratiya prosedur kimi qurula bilər, lakin onun real məzmunu yalnız vətəndaşın həyatında ölçüləbilən nəticələrlə təsdiq olunur. Əks halda, demokratiya formaca mövcud, məzmunca zəif sistemə çevrilə bilər.

Oxşar vəziyyət XX əsrin sonlarında Latın Amerikasında, xüsusilə Çilidə müşahidə olunmuşdur. 1990-cı ildə hərbi rejimin sona çatmasından sonra ölkədə demokratik seçkilər bərpa edildi və mülki hökumət formalaşdı. Lakin siyasi sistem uzun müddət əvvəlki rejimin qoyduğu institusional çərçivə daxilində fəaliyyət göstərirdi. 1980-ci ildə qəbul olunmuş konstitusiya ordunun siyasi sistem üzərində təsirini müəyyən dərəcədə qoruyub saxlayırdı və Augusto Pinoçet hakimiyyətdən getdikdən sonra bir müddət ordunun baş komandanı olaraq qalırdı. Parlamentdə hərbi rejim dövründən qalan təyin olunmuş senatorların mövcudluğu da siyasi qərarların qəbulunda mühüm rol oynayırdı. Bu vəziyyət göstərirdi ki, seçkilərin keçirilməsi və hakimiyyətin formal dəyişməsi demokratiyanın tam institusional quruluşunu avtomatik şəkildə təmin etmir. Demokratik prosedur mövcud olsa da, siyasi sistemin real işləkliyi yalnız dövlət institutlarının transformasiyası və hakimiyyət balansının yenidən qurulması ilə mümkün olur.

Bu təcrübə siyasi nəzəriyyədə də ayrıca qeyd olunmuşdur. Samuel Huntington demokratik keçid proseslərini təhlil edərkən göstərirdi ki, siyasi iştirakın sürətlə genişlənməsi, güclü dövlət institutları və sabit idarəetmə strukturları ilə müşayiət olunmadıqda, sistem daxilində qeyri-sabitlik yarada bilər. Bu halda demokratiya prosedur kimi mövcud olsa da, dövlətin effektiv fəaliyyət qabiliyyəti zəifləyə və siyasi rəqabət sabit idarəetmə mexanizmlərini əvəz edə bilər.

Beləliklə, demokratiya ya idarəetmə proseduru kimi daraldıla, ya da siyasi məsuliyyət və hüquqi çərçivə ilə genişləndirilə bilər. Bu fərq demokratiyanın növbəti müzakirələrdə ortaya çıxacaq tipik təhriflərini anlamaq üçün əsas metodoloji açar rolunu oynayır.

Azərbaycanın müasir siyasi inkişaf təcrübəsi də bu fərqin praktik əhəmiyyətini göstərir. Müstəqilliyin ilk illərində ölkədə demokratiya anlayışı çox vaxt yalnız formal prosedurlar və siyasi şüarlar səviyyəsində təqdim olunurdu. Lakin dövlət institutlarının zəifliyi, idarəetmə böhranı və təhlükəsizlik problemləri göstərdi ki, demokratiya yalnız seçki mexanizmi ilə məhdudlaşdıqda sabit və işlək siyasi sistem yaratmaq mümkün olmur. Ümummilli lider Heydər Əliyevin siyasi kursu məhz bu mərhələdə demokratiyaya fərqli yanaşma formalaşdırdı: demokratiya təkcə prosedur deyil, güclü dövlət institutları, hüquqi çərçivə və siyasi məsuliyyətlə birlikdə işləyən idarəetmə modeli kimi nəzərdən keçirildi. Bu yanaşma sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilərək demokratiyanın yalnız formal mexanizm kimi deyil, dövlət sabitliyi, institusional inkişaf və ictimai məsuliyyətlə uzlaşdırılan siyasi sistem kimi inkişafına yönəldi.

Mehdi ABDULLAYEV,hüquq elmləri doktoru, Dövlət İdarəçilik Akademiyasının dövlət idarəçiliyinin hüquqi təminatı kafedrasının müdiri

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
xalqqazeti.az

2Mənbələr