AZ

TDT yeni iqtisadi imkanlar yaradır

Sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və maraqlara yönələn məram...

Türk dünyasının institusional çərçivədə birləşməsini təmin edən Türk Dövlətləri Təşkilatı son illərdə yalnız siyasi dialoq platforması kimi deyil, həm də getdikcə güclənən iqtisadi əməkdaşlıq məkanı kimi çıxış edir. Üzv ölkələr arasında formalaşan yüksək səviyyəli siyasi dialoq iqtisadi inteqrasiyanın dərinləşməsi üçün əlverişli zəmin yaradır. Bu dialoq çərçivəsində qəbul edilən strateji qərarlar ticarət dövriyyəsinin artırılması, nəqliyyat-logistika bağlantılarının genişləndirilməsi və investisiya mühitinin yaxşılaşdırılması kimi konkret iqtisadi hədəflərlə müşayiət olunur.

Xüsusilə Azərbaycan son dövrdə təşkilat daxilində iqtisadi əməkdaşlığın gücləndirilməsi istiqamətində fəal və təşəbbüskar siyasət həyata keçirir. Ölkənin coğrafi mövqeyi və həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri onu Şərqlə Qərb arasında mühüm tranzit və logistika mərkəzinə çevirib. Bu kontekstdə Bakı yalnız regional deyil, bütövlükdə türk dünyasının iqtisadi inteqrasiyasında açar rol oynayan platforma kimi çıxış edir. Azərbaycanın təşəbbüsü ilə irəli sürülən layihələr üzv dövlətlər arasında qarşılıqlı inteqrasiyanı artırmaqla yanaşı, ümumi iqtisadi məkanın formalaşmasına xidmət edir.

Digər tərəfdən, Türkiyə ilə Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlıq Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsində aparıcı rol oynayır. Bu əməkdaşlıq, paralel olaraq Azərbaycanın Mərkəzi Asiya birliyinin tamhüquqlu üzvü olması enerji, nəqliyyat və ticarət sahələrində konkret layihələrin daha da irəliyə aparılmasına imkan yaradır. Beləliklə, Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan çoxtərəfli və qarşılıqlı faydalı iqtisadi əlaqələr üzv ölkələrin qlobal iqtisadi sistemdə mövqelərini möhkəmləndirməklə yanaşı, regionda dayanıqlı inkişaf üçün yeni imkanlar yaradır.

Qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır

Yüksəksəviyyəli siyasi-iqtisadi əlaqələr isə özlüyündə həm də sərmayə mühitini daha da stimullaşdırır. Qarşılıqlı sərmayə qoyuluşu artır, birgə invesitisiya imkanları təkmilləşdirilir. Qeyd edilməlidir ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatı üzvü ölkələrə sərmayə qoyuluşu son illərdə iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan kapitalının iştirakı ilə həyata keçirilən layihələr enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı və sənaye sahələrini əhatə edir. Bu sərmayələr yalnız iqtisadi gəlir məqsədi daşımır, eyni zamanda üzv dövlətlər arasında qarşılıqlı əlaqələri  artıraraq vahid iqtisadi məkanın formalaşmasına xidmət edir. Nəticə etibarilə, Azərbaycanın TDT məkanında sərmayə fəallığı iqtisadi inteqrasiyanı gücləndirən və uzunmüddətli inkişaf perspektivlərini təmin edən mühüm amil kimi çıxış edir. Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən bildirib ki, bütün üzv ölkələrlə bizim ticarət dövriyyəmiz artır, qarşılıqlı sərmayə qoyuluşunun həcmi artır. Biz təşkilata üzv ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq: “Düzdür, bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir. Ancaq digər üzv ölkələrlə də qarşılıqlı sərmayə qoyuluşu prosesi gedir. Bizim Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə investisiya fondları yaradılmışdır. Bu fondlar vasitəsilə artıq bir çox layihələr icra edilir, yaxud da ki, onların icrası üçün hazırlıq işləri aparılır”.

Orta Dəhliz hər birimizin marağına cavab verir...

TDT çərçivəsində iqtisadi və logistika əməkdaşlığı da təşkilatın gələcək möhkəmlənməsinin əsas dayaqlarından biri sayılır. Türk dünyası coğrafiyası - Orta Asiyadan Qafqaza, Anadoludan Avropaya qədər uzanan geniş bir xəritədir və bu ərazidə nəqliyyat, kommunikasiya, enerji və ticarət dəhlizləri baxımından nəhəng potensial mövcuddur. Azərbaycan bu kontekstdə əsas tranzit və inteqrasiya mərkəzidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz TDT ölkələrinin iqtisadi əlaqələrinin genişlənməsi üçün real körpü rolunu oynayır. Bakı - Tbilisi - Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı və “Ələt” Azad İqtisadi Zonasının fəaliyyəti təkcə regionun deyil, Avrasiyanın ticarət xəritəsini yenidən formalaşdırır. Dövlət başçısı çıxışında deyib ki, bu gün bizim hamımızın qarşısında duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarımızı genişləndirməkdir. Prinsip etibarilə buna hər zaman ehtiyac var. Çünki ölkələrimizdən keçən Orta Dəhliz hər birimizin marağına cavab verir: “Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır. Yəqin ki, bu gün Azərbaycan tərəfi bu məsələ ilə bağlı məlumat verəcək. Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb. Həm dəmir yolları, Bakı Ticarət Limanı, bizim avtomobil yollarımız, hava limanlarımız - bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib. O ki qaldı, Zəngəzur dəhlizinin icrasına, orada avtomobil yolunun təqribən 90 faizi, dəmir yolunun isə təxminən 70 faizi hazırdır. Ümid edirəm ki, yaxın gələcəkdə bu layihə tam icra ediləcəkdir. Bilirik və çox şadıq ki, Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilmişdir. Beləliklə, bu layihələrin uzlaşdırılması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaqdır. Bu, Orta Dəhlizin bir qolu olacaq və bizim inşa etdiyimiz dəmir yolu infrastrukturu birinci mərhələdə 15 milyon ton yükün daşınmasına hesablanıb. Amma gələcəkdə bu arta da bilər və yəqin ki, artacaq. Amma hər halda 15 milyon tonluq yeni bir dəhlizin açılması həm ölkələrimiz, həm də geniş coğrafiya üçün böyük önəm daşıyır”.

Vurğulandığı kimi, TDT-nin ən əhəmiyyətli dayaq sütünlarından sayılan nəqliyyat-logistika üstünlüyünün mərkəzində Orta Dəhliz dayanır. Bu marşrut Çin və Mərkəzi Asiya ölkələrindən başlayaraq Xəzər dənizi üzərindən Azərbaycan və Türkiyə vasitəsilə Avropaya çıxışı təmin edir. Orta Dəhlizin effektiv fəaliyyəti həm TDT-nin iqtisadi potensialını gücləndirir, həm də Qərb ilə Asiya arasında etibarlı alternativ ticarət yoluna çevrilir. Artıq reallaşması istiqmətində heç bir sual qalmayan Zəngəzur dəhlizi (TRIPP) isə bu iqtisadi körpünün əsas seqmenti qismində çıxış edəcək. Ötən ilin avqustunda reallaşan Vaşinqton Zirvəsində təsdiqlənən Zəngəzur dəhlizi (TRIPP) layihəsi Türk dünyasının birliyinin yeni simvoluna çevrilməkdədir. Bu dəhliz yalnız coğrafi bağlantı deyil, həm də siyasi və mənəvi inteqrasiyanın təzahürü sayılır. Dəhliz Azərbaycanın əsas təşəbbüsü kimi ortaya çıxaraq, Türkiyə ilə Orta Asiya arasındakı quru bağlantını bərpa edir. Bu, həm TDT-nin fiziki inteqrasiyasını təmin edir, həm də qlobal enerji, ticarət və təhlükəsizlik sistemlərində Türk dünyasının rolunu artırır.

Ciddi və məsuliyyətli mövqe sərgiləyirik...

TDT yeni dünya nizamının ən aparıcı amillərindən biri kimi ön plana çıxmaqdadır. Təşkilat bütün addımlarında yalnız bir hədəfi müəyyənləşdirir - milli maraqlar, qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq mühiti, platforması yaratmaq. Təşkilat həm də qlobal proseslərdə aktiv mövqe tutan iqtisadi güc mərkəzi statusu qazanmaqdadır. Nəqliyyat və enerji dəhlizlərinin genişlənməsi, yaşıl enerji layihələri və rəqəmsal iqtisadiyyat istiqamətində əməkdaşlıq Türk dünyasının gələcək strateji xəttini formalaşdırır. Zəngəzur dəhlizi (TRIPP), Orta Dəhliz və Yaşıl Enerji Qovşağı kimi təşəbbüslər yalnız iqtisadi layihələr deyil, həm də vahid türk strateji məkanının rəmzləridir. Türk Dövlətləri Təşkilatı yeni dövrün reallıqları fonunda həmrəyliyin, qarşılıqlı etimadın və strateji əməkdaşlığın unikal modelinə çevrilir. Prezident İlham Əliyev çıxışında bildirib ki, biz yenə də burada çox ciddi və məsuliyyətli mövqe sərgiləyirik - həm öz maraqlarımızı təmin edirik, həm də dünya üçün yeni nəqliyyat yollarını təqdim edirik: “Yəni bu, bir daha göstərir ki, bizim ölkələrimizin və təşkilatımızın məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlibdir”.

P.İSMAYILOV

Seçilən
20
yeniazerbaycan.com

1Mənbələr