AZ

Rəng və ruhun vəhdətindən yaranan gözəllik

“Q Gallery” rəsm qalereyasında rəssam Emin Qəhrəmanovun iyirmi rəsm əsərindən ibarət “COLOR ET ANIMA” (Rəng və ruh) adlı sərgisinin açılışı olub. Sərgidə nümayiş olunan hər bir əsərdə rənglərin daxili dünyası ilə yanaşı, ornamental bəzək elementləri əks olunub. Ornamentlər hər bir fiqurun xarakterini, temperamentini və enerjisini müəyyən edir. Rənglər isə onu daha da gücləndirir,  zəngin və dərin ifadəli əsərlər meydana gətirir. Rəssamın əsərlərində heyvanlar təkcə xarici dünyanı əks etdirmir, burada təsvir olunmuş hər bir varlıq özündə güc, impuls, davamlılıq kimi keyfiyyətləri daşıyır. “COLOR ET ANİMA” izləyiciləri yalnız əsərlərə baxmağa deyil, həm də onları ruh ilə rəngin birləşdiyi məkana dəvət edir.

Emin Qəhrəmanovla sərgi haqqında danışdıq. Rəssam bizimlə söhbətində bildirdi ki, bu ideya onun uşaqlıqdan Azərbaycan xalçalarına olan sevgisindən qaynaqlanır:

- Əsərlərdə istifadə olunan qrafik ornamentlərin əksəriyyəti əsasən Qarabağ xalçalarının üzərində əks olunmuş xalça naxışlarıdır. Rəsmləri “Mix-media” texnikasından istifadə edərək hazırlamışam. Naxışları keyfiyyətli kağız üzərində çap etdikdən sonra yağlı boya ilə kətan üzərinə yapışdırdım. Beləliklə, kollaj üslubunda əsərlər meydana gəldi. Burada, naxışlar və rənglər bir-birinə uyğun olmalıdır. Rəng uyğunluğu və texnika düzgün işlənilməlidir. Bu, olduqca mürəkkəb işdir. Hər bir rəssama bütün bu işlərdə kömək edən bir şəxs olur. Mənə də rəssam Nihad Əliyev çox dəstək oldu. O, bu texnikanı öyrənməklə yanaşı, həm də hiss etdi. Kompozisiyalarda ancaq heyvanları təsvir emişəm. Düşünürəm ki, heyvanlar hər biri fərqli enerji ötürür. Fil burda gücü təmsil edir. Pələng güclü bir enerji mənbəyi kimi təsvir olunub. Eləcə də, başqa heyvanlar. Hər biri bir ifadə vasitəsidir. Uşaq vaxtı bir müddət Gürcüstanda yaşamışam. Orda dördotaqlı evimiz vardı. Hər otagın divarında xalçalar asılmışdı. O xalçaların hər bir naxışı yaddaşıma həkk olunub. Həmin xalçalara baxanda həmişə nəsə yeni bir ideya ağlıma gəlirdi. Bütün bunlar, incəsənətə yanaşma tərzimi formalaşdırdı.

Qeyd edək ki, layihənin konsepsiyasını Oksana Gül hazırlayıb. Sərgi aprelin 8-dək davam edəcək.

XQ

Seçilən
34
1
xalqqazeti.az

2Mənbələr