AZ

Kamran Talıbov: Avropa Kubokunda cüdoçularımızdan medal gözləntilərimiz böyükdür

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Gəncə, 4 aprel, AZƏRTAC

Bu yarış yeniyetmə cüdoçularımızın təcrübə qazanması baxımından əhəmiyyətlidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibin müavini və idman direktoru Kamran Talıbov Gəncədə bu gün start götürən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku barədə jurnalistlərə açıqlamasında deyib.

O, Azərbaycan təmsilçiləri arasında milli üzvləri ilə yanaşı, yığmada yer almayan cüdoçuların da olduğunu bildirib: “Aralarında təcrübəli və istedadlı namizədlər var. İstər ölkə birinciliyi, istərsə də liqa yarışlarında nəticə vermiş idmançılardır. Avropa Kubokunun qaliblərinin növbəti hansı turnirlərdə iştirak edəcəklərinə isə məşqçilər korpusu qərar verəcək. Biz hər zaman cüdoçularımızın yaxşı nəticələr qazanacaqlarına ümid edirik. Bugünkü turnirdə də idmançılarımızdan medal gözləntilərimiz böyükdür. Proqnoz vermək çətindir, amma medal əldə edəcəyimizə ümid edirəm”.

Qeyd edək ki, Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq yarışda 10 ölkənin 269 cüdoçusu (180 oğlan, 89 qız) iştirak edir.

Turnirin ilk günündə oğlanlar 50, 55, 60, 66 kiloqram, qızlar 40, 44, 48 və 52 kiloqram çəki dərəcələrində mübarizə aparır.

Avropa Kubokunda ölkəmizlə yanaşı Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Tacikistan, Türkiyə və Amerika Birləşmiş Ştatlarının cüdoçuları 16 çəki dərəcəsində qüvvəsini sınayır. Analoji yarışa dördüncü dəfə ev sahibliyi edən Azərbaycan turnirdə 127 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, Gəncə İdman Sarayında gerçəkləşəcək Avropa Kubokuna aprelin 5-də yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
6
azertag.az

4Mənbələr