ain.az bildirir, Sportal.az portalına istinadən.
Məğlubiyyət rahat-rahat həzm olunan bir şey deyil. Xüsusən də, şərtlər və ya güclər bərabər olmayanda! "Turan Tovuz"un kubokda "Zirə"yə məğlubiyyəti ağır gəlib Ehtiram Quliyevə. Matç bitən kimi mətbuat qarşısına çıxan klub rəhbəri emosional, hətta bir qədər qarışıq fikirləriylə gündəmi zəbt edib.
Əsas narazılığı hakimlikdəndir, adını dəqiq qoysaq, oyunun baş hakimi Əliyar Ağayevdən. "Əliyargillər"dən canımızı qurtarmalıyıq", "suyu uzanaraq, tək ayaq üstə içsinlər, amma haqqımızı içməsinlər" fikirləri əsas mövzunun konteksdən çıxmasına səbəb olub. Əliyar Ağayevin hakimliyi arxa plana keçib, ön plana dindarlığı çıxıb.
Ehtiram Quliyevin Əliyara demək istədiyi odur ki, bir dindarın üzərinə düşən məsuliyyət yalnız ibadət etməklə məhdudlaşmır. Dindar şəxs peşəsində də, məişət həyatında da vicdanla davranmalı, haqqı nahaqın ayağına verməli deyil. Bildiyimiz qədərilə Ehtiram bəy özü də dindardır. Hər nə qədər gizli saxlamağa çalışsa da, davamlı olaraq imkansız ailələrə yardım göstərməsinə dair məlumatlar var.
Əliyar Ağayevin "Turan Tovuz"la nədən problem yaşaması barədə dəqiq fikir söyləmək çətindir. Bəlkə də ciddi səbəb yoxdur, sadəcə antipatiya. Bəlkə də var, biz bilmirik. Amma bildiyimiz odur ki, Əliyar Ağayev dünən xətalı idarəçilik etdi. Bəribaşdan deyək ki, "Zirə" çox intizamlı, ağılll, yaxşı oyun ortaya qoydu ki, bu da hesabda öz əksini tapdı. Lakin Əliyarın qərarları, əslində, qərarsızlıqları yekun nəticəyə təsir etdi.
Birinci hissədə öz cərimə meydançasında hava mübarizəsinə qalxan Ruan Renato qolunun dirsəyə yaxın hissəsiylə rəqib futbolçunun üzünə dəyir. Penalti və sarı vərəqə gözlənildiyi halda, Əliyar Ağayev VAR-a gedir, epizoda baxır və davam verir. Bir məqamı da vurğulamaq lazımdır ki, bu ana qədər artıq Ruanın passivində sarı vərəqə var idi.
İkinci hissədə isə Qismət Alıyev cərimə meydançasının düz xətti üzərində Roderik Millerin ayağını tapdalayır. Aşkar penalti! Əgər Ruanın epizodunda qaydaları fərqli yozmaqla sıyrılmaq imkanı varsa, ikinci vəziyyətdə penaltinin verilməməsinə səbəb tapmaq mümkünsüzdür.
Yaşananlar Ehtiram Quliyevi hövsələdən çıxartdı. Azarkeşlərin də susmaması, ədalətsiz hakim idarəçiliyinə reaksiya verməsi çağırışı artıq oldu bəlkə də. Ehtiram bəy azarkeşlərin sosial şəbəkələrdə yazıb-pozmasını Hakimlər Komitəsinə təzyiq vasitəsi hesab etsə də, onu istəməyənlər bunu fürsət bilib müxalif qüvvələrə xas xüsusiyyət kimi təqdim edə bilərlər yuxarılara.
İndi bütün diqqətlər AFFA-yadır. "Neftçi"yə ağır cərimələr verməklə yerini göstərməyə çalışan federasiya rəhbərliyi "Turan Tovuz"la da eyni tərzdə davranacaq? Hərçənd, bu dəfə situasiya fərqlidir. Birincisi, "Turan Tovuz" "Neftçi"dən fərqli olaraq dövlətin onurğa sütunu sayılan neft şirkəti tərəfindən maliyyələşmir, bir iş adamının şəxsi imkanları hesabına ayaqda qalır. Yəni, SOCAR heç hara gedəsi deyil də, Ehtiram Quliyev hər an üzünü çevirib futboldan gedə bilər. İtirən Azərbaycan futbolu, Tovuz azarkeşi olacaq.
Yox, demirik ki, AFFA baş verənlərə reaksiya verməyib, heç nə olmayıbmış kimi davranmalıdır. Sadəcə məsələyə daha adekvat, həssas yanaşılmalıdır. Ehtiram Quliyevin dedikləri nə qulaqardına vurulmalı, nə də görməzdən gəlinməlidir. Yaxşı olar ki, AFFA rəhbərliyi, Hakimlər Komitəsi və klub sahibi bir masa arxasına əyləşib çıxış yolu tapsınlar düşdükləri vəziyyətdən. Hakimliklə bağlı narazılıqlar get-gedə çoxalır. Hər ağzını açana cərimələri səpələməklə nə hakimlik inkişaf etməz, nə də futbolumuz.
Emin Abbasov
saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.