ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Məhkəmələrə təbii qaz, su və elektrik enerjisindən istifadəyə görə yaranmış borcların mübahisələndirilməsi ilə bağlı yeni öhdəliklər verilib. Bu qərarlar müvəqqəti təminat tədbirləri çərçivəsində təchizat xidmətlərinin dayandırılmasının qadağan olunmasını nəzərdə tutur. Lakin bəzi istehlakçılar bu mexanizmdən sui-istifadə edərək yeni borclarını ödəməkdən yayınır. Ekspertlər bunun təbii inhisar subyektlərinin maliyyə dayanıqlılığına mənfi təsir göstərdiyini bildirir.
Məhkəmələrin təbii qaz, su və elektrik borclarının mübahisəsi zamanı tətbiq etdiyi müvəqqəti tədbirlər təchizatçıların hüquqlarını qorumaq üçün kifayət edirmi? Bu sahədə hansı əlavə addımlar atıla bilər?
Globalinfo.az-a danışan iqtisadçı Əkrəm Həsənov qeyd edib ki, belə yanaşma başa düşüləndir:
“Su, qaz və elektrik enerjisi insan həyatında vacib yer alır. Onların dayandırılması ciddi problemlər yarada bilər. Vergi və digər ödənişlərin icrasındakı prosedurların fərqli olduğunu bilirik. Məsələn, vergi xidmətində sahibkarın bank hesablarına həbs qoyula, fəaliyyətinə məhdudiyyət tətbiq oluna bilər. Burada isə insanın gündəlik həyatı risk altındadır.
Əkrəm Həsənov
Məhkəmələr müvəqqəti təminat tədbirini tətbiq edərək xidmətin dayandırılmasının qarşısını alır ki, vətəndaşlar qazsız, susuz və işıqsız qalmasın. Bu yanaşma qanuni və yetərlidir”.
Vəkil Fuad Xəzanioğlu bildirib ki, son günlər müzakirələrə səbəb olan məsələnin əsasında Ali Məhkəmənin Azərbaycan məhkəmələrinə göndərdiyi 19 mart 2026-cı il tarixli 1-8-10/2-2210/2026 nömrəli məktub dayanır.
Onun sözlərinə görə, məktubda qeyd olunur:
“Təbii qaz, su və ya elektrik enerjisindən istifadəyə görə hesablanmış borcun mübahisələndirilməsi tələbləri ilə bağlı işlərdə məhkəmələr iddiaya mahiyyəti üzrə baxılıb yekun qərar çıxarılanadək, müvafiq təchizat xidmətlərinin dayandırılmasına yönələn hərəkətlərin təbii inhisar subyektinə qadağan olunması və ya xidmətin bərpa edilməsinə dair müvəqqəti təminat tədbirləri barədə qərardadlar qəbul etməlidir”.
Vəkilin sözlərinə görə, baxılmış işlərin təhlili göstərir ki, əvvəlki qərardadlar müvəqqəti tədbirin hansı məbləğlə və hansı iddia üzrə tətbiq olunduğunu dəqiq göstərmədiyindən, təbii inhisar subyektləri həmin tədbirin əhatə etmədiyi yeni borcları ödəməkdən yayınan istehlakçılara görə xidmətin dayandırılmasını edə bilmirdi:
“Bu, təbii inhisar subyektlərinin hüquqlarının lüzumsuz məhdudlaşmasına və maliyyə dayanıqlılıqlarının zəifləməsinə səbəb olur. Müvəqqəti təminat tədbirləri yalnız mübahisələndirilən borcla məhdud olmalı, digər borclara təsir göstərməməlidir. Mülki Prosessual Məcəlləsinə görə, belə tədbirlər mütənasib olmalı və əks tərəfin hüquqlarını lüzumsuz məhdudlaşdırmamalıdır”.
F.Xəzanioğlu həmçinin bildirib ki, “Elektrik enerjisindən istifadə Qaydaları”, “Qazdan istifadə Qaydaları” və “Sudan istifadə Qaydaları”na əsasən, hesab istehlakçıya təqdim edildikdən sonra bir ay ərzində ödənilmədikdə təchizatçı xidməti dayandırmaq hüququna malikdir:
Fuad Xəzanioğlu
“Bu baxımdan, məhkəmələr mübahisəli borclar üzrə müvəqqəti tədbir tətbiq edərkən tədbirin yalnız iddianın predmeti və mübahisələndirilən məbləğə münasibətdə olduğunu diqqətdə saxlamalıdırlar. Bu təminat tədbirinin tətbiqinə baxmayaraq, yeni yaranan borclar üzrə xidmətin dayandırılması mümkündür. Qərardadın nəticə hissəsində isə tədbirin konkret hansı borc məbləği ilə bağlı tətbiq olunduğu açıq göstərilməlidir”.
Fuad Xəzanioğlu vurğulayıb ki, bu məktubdan sonra:
müvəqqəti təminat tədbirinin əhatə dairəsi yalnız iddia və mübahisəli məbləğlə məhdudlaşdırılacaq;
təbii inhisar subyektləri yeni borclar üzrə xidmətin dayandırılmasını həyata keçirə biləcək;
sui-istifadənin qarşısı alınacaq;
təchizatçılara ödənilməli olan vəsaitlərin gecikməsi və maliyyə dayanıqlığının pozulması riskləri aradan qalxacaq”.
Vəkil hesab edir ki, bu tədbirlər təchizatçıların hüquqlarını qorumaq üçün kifayət edir və əlavə addımlara ehtiyac yoxdur.
Zaira Akifqızı
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.