AZ

Elə dərdlər olur ki, insan ağlamağı da unudur...

Az öncə dəm qazından ölümlə bağlı xəbər yazdım. Bəlkə də indiyə qədər onlarla belə xəbər yazmışam. Amma bu dəfəki fərqli oldu...

Dünyadan köçən, amma dünyanın, yaşamağın, həyatın hələ nə olduğunu belə bilməyən cənnət gülü - iki yaşlı Gülcənnət idi.

Ölüm mələyi ailədəki doqquz uşaqdan 6, ya da yeddincisi olan körpəni səhər saatlarında aparıb. Həkimlər saat 05:00 radələrində ataya zəng edib, həmin xəbəri veriblər.

Uşağın atası Cəbrayılov Kamilin bir videosunu gördüm. Övladını bağrına basıb, morqdan çıxarırdı. Ayağını yerlə sürüyür, gözlərində çöküş görünürdü. Və çox çarəsiz idi. Kiməsə görə uşaqların sayı çox ola bilər, amma onların özünəməxsus ayrı həyatı, valideyn üçün hər birinin ayrı yeri var. Yaşı nə qədər az olsa da...

Sosial şəbəkə istifadəçiləri isə yenə də həmişəki kimi bir-birinə dəymişdi. Bəziləri ailənin kasıb olmasına rəğmən niyə çoxuşaqlı olmasından, bəziləri isə atanın övladını itirib ağlamamasından yazırdı. İndi kimin haqlı, kimin haqsız olduğunu deyə bilmərəm, amma elə dərdlər olur ki, insan ağlamağı da unudur. Özümdən, öz ailəmdən bilirəm.

2015-ci il idi. Dayımın üç yaşlı oğlunu kəfənə büküb, verdilər qucağına ki, aparıb dəfn eləsin. Onun təsəllisi, ikinci bir oğlu yox idi, sonradan da olmadı. Bu 11 ildə onun da ağlamağını görmədim. Amma hər aldığı nəfəsdə hiss etdim. Dayımdan bilirəm ki, bəzi kişilər ağlaya bilmir. Atalar dərdlərini təklikdə çəkirlər.

İndi həmin kadrları görəndə, 11 il əvvəl də bir kadr kimi gözlərimin önündən keçdi...

Ağarza Elçinoğlu 

Seçilən
29
50
unikal.az

10Mənbələr