AZ

Türk dünyası tarixində baş verənlər - 5 aprel

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Hicri 532 (1138)-ci ildə Tikritdə anadan olub. Atası Nəcməddin Əyyub həmin vaxt Səlcuqluların Tikrit valisi idi. Mosul atabəyi İmadəddin Zəngi ilə dostluq əlaqələri quran Əyyub, onun istəyi ilə Səlahəddinin doğulduğu il öz aşirəti ilə birlikdə Tikritdən ayrılaraq Mosula getdi və Zənginin xidmətinə girdi. Zəngi 534 (1139)-cü ildə Bəlbəki fəth etdikdə Əyyubu bu mühüm sərhəd şəhərinə vali təyin etdi. Qardaşı Əsədüddin Şirkuh əl-Mansur isə Zənginin komandanları sırasına qoşuldu. İmadəddin Zəngi öldükdə oğlu Nurəddin Mahmud Hələb və ətrafının hökmdarı oldu (541/1146), Şirkuh da onun ən yaxın komandanına çevrildi. Nəcməddin Əyyub bu dövrdə Dəməşq Atabəyliyinə (Tuğtəkinlilər) bağlanmaq məcburiyyətində qaldı. İki qardaş Nurəddinin səlibçilərlə mübarizəsində və onun Dəməşqi ələ keçirməsində mühüm rol oynadılar. Nurəddin Şirkuhu ordu komandanlığına, Əyyubu isə Dəməşq valiliyinə təyin etdi. Belə bir mühitdə bir şəhzadə kimi yetişən və yaxşı təhsil alan Səlahəddin gənc yaşlarında səlibçilərə qarşı keçirilən səfərlərdə iştirak etdi və Dəməşq şahnəliyinə (hərbi vali) qədər yüksəldi.

558 (1163)-ci ildə iqtidardan uzaqlaşdırılan Fatimi vəziri Şavər ibn Mücirin kömək istəmək üçün Dəməşqə gəlməsi Nurəddinə Misir işlərinə müdaxilə yolunu açdı. Bu vaxt Misirdəki Fatimi dövləti böhran içində idi. Fatimi xəlifələri nüfuzlarını itirdikləri üçün ölkə "sultan" titulu alan vəzirlər tərəfindən idarə olunurdu və hakimiyyət tez-tez əl dəyişdirirdi. Bu səbəbdən həm səlibçilər, həm də Nurəddin gözlərini Misirə dikmişdilər. Misiri ələ keçirən tərəf digər tərəfə qarşı strateji üstünlük qazanacaqdı. Əmisi Şirkuhun komandanlığı altında 559 (1164), 562 və 564 (1169)-cü illərdə Misirə edilən səfərlərdə iştirak edən Səlahəddin usta bir komandan və dövlət xadimi kimi parladı. Əvvəlki iki səfərdə Şavərin sözünün üstündə durmaması səbəbindən Dəməşqə qayıtmaq məcburiyyətində qalan Şirkuh, 564-cü ildəki üçüncü səfərində tabeliyindəki qüvvələrlə Qahirəyə girdi. Fatimi xəlifəsi Adid-Lidinillah bu vaxt öldürülən Şavərin yerinə Şirkuhu vəzir təyin etdi. Şirkuhun ordusunun böyük hissəsi oğuzlardan ibarət idi. Beləliklə, Misirdə Türk hakimiyyəti dövrü başlamış oldu. Şirkuh iki ay sonra öldükdə xəlifə Adid komandanların təzyiqi ilə onun yerinə qardaşı oğlu Səlahəddini "əl-Məlikün-Nasir" titulu ilə vəzir təyin etdi (26 mart 1169). Əmisinin ölümündən sonra Nurəddin Mahmud Zənginin Misirdəki ordusunun komandanı olan Səlahəddin eyni zamanda Fatimi xəlifəsinin vəziri olaraq bu iki mühüm vəzifəni üzərinə götürdü. Səlahəddin daha sonra Nurəddin Mahmud Zəngi ilə məsləhətləşərək onun naibi sifəti ilə Misiri və Misirə bağlı yerləri müstəqil bir hökmdar kimi idarə etməyə başladı.

Səlahəddin Misirə hakim olduqdan sonra özünə və türklərə qarşı müqavimət göstərən Fatimi mühitləri ilə, onları dəstəkləyən səlibçilər və bizanslılarla mübarizəyə girişdi. Saray ağası Cövhərin liderliyindəki Fatimi müxalifləri Səlahəddini hakimiyyətdən salmaq üçün səlibçilərlə əlaqə qurdular. Bunu öyrənən Səlahəddin Cövhəri aradan qaldırdı. Cövhərin öldürülməsindən sonra Fatimi tərəfdarları üsyan etdilər (avqust 1169). Səlahəddin bu üsyanı qısa müddətdə yatırtdı. Ardınca səlibçilər və bizanslılar Dimyatı mühasirəyə alsalar da, Səlahəddin qarşısında heç bir uğur qazana bilmədilər. Misirə tam mənası ilə hakim olan Səlahəddin ordunu yenidən təşkil etdi. Sünni mədrəsələri və yeni qurumlar açdı. Fatimi bürokratiyasını mərhələli şəkildə ləğv etdi. Nəhayət, Nurəddin Zəngidən gələn əmr üzərinə 567 (1171)-ci ildə Fatimi xilafətinə son qoydu.

566 (1170), 567 və 568 (1173)-ci illərdə Səlahəddin Qüds Səlib krallığına qarşı səfərlərə çıxdı. Əyləni (Eylat) zəbt etdi, iki dəfə Kərək bölgəsinə səfər etdi. 568-ci ildə böyük qardaşı Turan Şahın komandanlığı altında əvvəl Nubiyaya, ardınca Hicaz və Yəmənə səfərlər təşkil etdi. Nubiya səfəri keçici bir hücum olsa da, Yəmən və Hicaz səfəri qalıcı nəticələr verdi, bu yerlər dövlətin bir əyalətinə çevrildi. Həmin il Şərəfəddin Qaraquşun komandanlığı altında Bərkaya səfər edildi. Bərka və Tripoli (Trablusqarp) səfərləri sonrakı illərdə də davam etdi. Liviya ilə Tunisin bir hissəsi Səlahəddinə bağlandı. Liviyadakı hakimiyyət 609 (1212)-cu ildə Şərəfəddin Qaraquşun Vəddanda öldürülməsi ilə başa çatdı.

Nurəddin Mahmud Zəngi öldükdə (1174) yerinə on bir yaşlı oğlu əl-Məliküs-Saleh İsmayıl keçdi. Səlahəddin əl-Məliküs-Salehə sadiq qaldı, onun adına xütbə oxutdu və pul kəsdirdi. əl-Məliküs-Saleh dövləti idarə edəcək yaşda olmadığı üçün dövlət işlərini idarə edəcək bir naib və ya atabəyə ehtiyac var idi. Bu işə ən layiq şəxs olan Səlahəddinin Misirdə olmasını fürsət bilən Nurəddinin komandanları səlibçi təhlükəsinə baxmayaraq, əl-Məliküs-Salehin atabəyliyini ələ keçirmək üçün bir-birləri ilə mübarizəyə başladılar. Nəhayət, Mosul və Hələbdəki komandanların ittifaqı ilə Mosuldan Hələbə gələn Sadəddin Gümüştegin əl-Məliküs-Salehin atabəyi oldu, onu Dəməşqdən alıb Hələbə apardı. Sadəddin Gümüştegin və tərəfdarlarından çəkinən Şəmsəddin ibn Müqəddəmin tabeliyindəki komandanlar Səlahəddini Dəməşqə dəvət etdilər. Bu vaxt Yuxarı Misirdə çıxan Kənzüddövlə üsyanı və normanların İskəndəriyyəyə hücumu ilə məşğul olan Səlahəddin üsyanı yatırdıqdan və norman donanmasını məğlub etdikdən sonra Dəməşqə getmək üçün hazırlıq gördü. 12 oktyabr 1174-cü ildə 700 süvarinin başında Qahirədən Dəməşqə hərəkət edən Səlahəddinin iki əsas hədəfi var idi: Nurəddinin qurduğu dövlətin dağılmasının qarşısını almaq, səlibçilərin əlində olan Qüdsü və digər torpaqları azad etmək. Səlahəddin Dəməşqdə tərəfdarları tərəfindən coşğu ilə qarşılandı. Busra və Havran ona qatıldı. Ardınca Bəlbək, Hüms, Hama şəhərlərini də hakimiyyəti altına aldı. Hələb-Mosul ittifaqı səlibçilərin və haşhaşilərin dəstəyi ilə ona qarşı müqavimətə keçdi. Səlahəddin Mosul-Hələb qüvvələrini 570 və 571 (1176)-ci illərdə məğlubiyyətə uğratdı, Hələb ətrafındakı bəzi qalaları aldı. Özü ilə dost qalmaq şərti ilə Hələb və ətrafındakı bir neçə mühüm qalanı əl-Məliküs-Saleh İsmayıla buraxdı. Bu arada sultanlığı Abbasi xəlifəsi tərəfindən tanındı, Suriya və Misirdəki hakimiyyəti təsdiqləndi.

Səlahəddin 1176-cı ilin avqustunda Hələb-Mosul qüvvələri ilə razılığa gəldikdən sonra xaşxaşilərin mərkəzi olan Masyaf qalasını mühasirəyə aldı və onları məğlub etdi. Xaşxaşilər bu hadisədən sonra onunla yaxşı davranacaqlarına söz verdilər və bir daha Səlahəddinlə xaşxaşilər arasında problem yaşanmadı. Beləliklə, o, səlibçilərlə məşğul olmaq imkanı qazandı. Bu vaxt Mosul atabəyi II Seyfəddin Qazi öldü, yerinə qardaşı İzzəddin Məsud keçdi (1180). Ardınca Hələbdəki əl-Məliküs-Saleh də vəfat etdi. Səlahəddin 1181-ci ildə bağlanan müqavilə ilə Hələbi ömürlük şərtlə əl-Məliküs-Salehə buraxmışdı. O öldükdə Hələb Səlahəddinin hakimiyyətinə keçməli idi. əl-Məliküs-Salehin vəfatı zamanı Səlahəddinin Misirdə olmasını fürsət bilən Mosul atabəyi İzzəddin Məsudun Hələbin idarəsini ələ keçirməsi iki tərəf arasındakı ixtilafı yenidən alovlandırdı və Səlahəddinin Suriyadakı hakimiyyəti təhlükə altına düşdü. Bunun üzərinə Səlahəddin 1182-ci ilin iyununda Qahirədən Suriyaya hərəkət etdi. Hələb yaxınlığına gəldikdə Mosul atabəyi İzzəddin Məsud ilə ixtilafa düşən Harran hakimi Müzəffərəddin Gökböri gəlib onu Mosula qarşı səfərə təşviq etdi. Səlahəddin Fəratın şərqinə keçdi; Urfa, Harran, Raqqa, Xabur, Rəsulayn, Dara, Nüsaybin kimi şəhərləri ələ keçirdi. Mosulu mühasirəyə alsa da, şəhərin möhkəmliyi səbəbindən, həmçinin xəlifənin xahişi ilə bir müddət sonra mühasirəni qaldırdı. Bu vaxt Mosula bağlı mühüm mərkəz olan Sincarı aldı və qışı keçirmək üçün Harrana çəkildi. Bu zaman mosullular və müttəfiqləri onunla döyüşmək üçün Mardin yaxınlığındakı Harzəmdə toplandılar, lakin Səlahəddinin gəldiyini eşidən müttəfiqlər dağılmaq məcburiyyətində qaldılar.

Əlcəzirə bölgəsinə gəldiyi zaman Hisnıkeyfa Artuqlu əmiri Nurəddin Məhəmməd ibn Qaraarslan Səlahəddinə qoşulmuş və ondan Amidi (Diyarbəkir) alıb özünə verməsini istəmişdi, Səlahəddin də buna söz vermişdi. Harzəmə gəldikdə Abbasi xəlifəsinin bu barədə razılığı ona çatdı. Xəlifədən razılıq aldıqdan sonra dərhal Amid üzərinə yeridi, şəhəri ələ keçirib Nurəddin Məhəmmədə verdi (1183). Ardınca Hələbə hərəkət etdi. Tell Xalid və Ayntabı alaraq Hələbi mühasirəyə aldı. Şəhərin həmin vaxtkı sahibi II İmadəddin Zəngi bir müddət müqavimət göstərdikdən sonra onunla razılaşmağa qərar verdi. Sincar, Xabur, Nüsaybin, Səruc şəhərləri qarşılığında Hələbi Səlahəddinə buraxdı və ona tabe olmağı qəbul etdi (11 iyun 1183). Sultan Hələbi ələ keçirməklə müxaliflərini zərərsizləşdirdiyi kimi, böyük strateji üstünlük qazandı və Qüds yolu onun üçün açıldı. Bu səbəbdən Hələbin Səlahəddinin əlinə keçməsi səlibçiləri təşvişə saldı. İbnül-Əsir bu hadisənin mühümlüyünü vurğulamış, Səlahəddin də bu şəhəri ələ keçirdikdə hiss etdiyi sevinci başqa heç bir yerdə duymadığını ifadə etmişdir. 1183-1184-cü illəri daxili nizamlamalar və səlibçilərlə mübarizə ilə keçirən Səlahəddin, 1185-ci ildə çıxdığı ikinci şərq səfərində Ərbil və Meyyafariqin (Silvan) kimi mühüm yerləri torpaqlarına qatdı. Mosul atabəyləri (Zəngilər) onun hakimiyyətini tanıdılar.

Səlahəddin bir tərəfdən dövləti dağılmaqdan xilas etmək, Yaxın Şərqdə İslam birliyini təmin etmək üçün çalışarkən, digər tərəfdən səlibçilərlə mübarizə aparmalı olmuşdu. Onun bu dövrdə səlibçilərə qarşı ilk mühüm səfəri 1177-ci ilin noyabr-dekabr aylarında həyata keçirdiyi Qəzzə-Asqalan səfəridir. Sultan Misirdən edilən bu səfər zamanı düşmənin müqavimətinin az olduğunu görüb dərhal Rəmləyə doğru irəlilədi. Bu əsnada Kral IV Boduen və Reno de Şatilyonun komandanlığı altındakı Qüds krallığı qüvvələrinin qəfil hücumuna məruz qaldı. Başda qardaşı oğlu əl-Məlikül-Müzəffər Təqiyəddin Ömər olmaqla yanındakı əsgərlərin qəhrəmancasına müdafiəsi sayəsində döyüşərək geri çəkilə bildi. Bu arada səlibçilər Flandriya qrafı Filippin komandanlığı ilə Hamayı mühasirəyə aldılar. Mühasirə Seyfəddin Əli ibn Məştub tərəfindən dəf edildi. Səlahəddin Rəmlə məğlubiyyətinin yaralarını iki ay kimi qısa müddətdə sarıyıb Qahirədən Dəməşqə hərəkət etdi. Harimi mühasirəyə alan səlibçilər onun gəldiyini eşidib geri çəkildilər. Sultan Dəməşqə gəldikdə şəhərdə naib qoyduğu böyük qardaşı Turan Şahın kef-komahla məşğul olduğunu görüb onu vəzifədən kənarlaşdırdı. Bunun üzərinə Turan Şah ondan Şəmsəddin ibn Müqəddəmin əlindəki Bəlbəki ona verməsini istədi. Səlahəddin bir müddət Bəlbəkdən əl çəkməyən Şəmsəddinlə mübarizə apardı. Bəlbəkdən razı qalmayan Turan Şah sonunda İskəndəriyyəyə təyin edildi və qısa müddət sonra orada öldü.

Səlibçilər Rəmlədəki uğurlarından istifadə edərək Dəməşq yoluna hakim bir nöqtədə, Beytül-əhzan deyilən yerdə möhkəm bir qala inşa etmişdilər. Səlahəddin bu qalanın tikilməsinə mane olmağa çalışsa da, nail ola bilməmişdi. Qalanın inşası bitdiyi vaxtlarda səlibçilərə qarşı hücuma çıxan yeni Dəməşq valisi və sultanın qardaşı oğlu Fərruxşah, Aynülcər mövqeyində Qüds kralı IV Boduenin başçılığı altındakı bir frank birliyi ilə qarşılaşdı. Baş verən şiddətli döyüşdə kral canını çətinliklə qurtardı. Bu uğurdan sonra Misirdən əlavə qüvvələr alaraq Beytül-əhzan qalası üzərinə hücum etməyə qərar verən Səlahəddin 17 may 1179-cu ildə Banyas yaxınlığında düşərgə qurdu. Aclıq səbəbindən çətin vəziyyətdə olan türkmənləri yanına çağırıb Fərruxşahın himayəsində düşmən torpaqlarına axına göndərdi. Bu axınlardan birində Fərruxşah Mərciuyun mövqeyində kral Boduenin hücumuna məruz qalsa da, Səlahəddinin köməyə gəlməsi ilə səlibçilər ağır məğlubiyyətə uğradıldı. Ardınca sultan Beytül-əhzan qalasını mühasirəyə aldı və 24 avqust 1179-cu ildə oranı ələ keçirdi. Səlibçilər sülh istədilər.

Səlahəddinin 1182 və 1185-ci illərdə Mosul və Hələb üzərinə etdiyi səfərlər zamanı səlibçilər Suriya torpaqlarına hücum etdilər. 1182-ci ilin sonlarında Kərək hakimi Reno de Şatilyon Əylə qalasını ələ keçirdi, Qırmızı dənizə gəmilər göndərərək dəniz ticarətini və limanları təhlükə altına saldı. Səlahəddinin Misir naibi olan qardaşı əl-Məlikül-Adil Qırmızı dənizə Hüsaməddin Lülü komandanlığı altında bir donanma göndərərək bu təhlükəni aradan qaldırdı. 1182-ci ildə Beyrutu mühasirəyə alan Səlahəddin, 1183-də Beysan səfərinə çıxdı. 1183 və 1184-cü illərdə iki dəfə Kərəki mühasirəyə aldı. Səlibçi ordusu ilə meydan döyüşü etmək yollarını yoxlasa da, buna fürsət tapa bilmədi.

1185-ci ildə Mosul ilə ixtilafı həll edərək ordusunu daha da gücləndirən Səlahəddin axtardığı fürsəti 1187-ci ildə yaxalaya bildi. Bu vaxt Qüds kralı IV Boduen ölmüş, yerinə azyaşlı oğlu V Boduen keçmiş və Tripoli qrafı III Raymond kral naibi olmuşdu. V Boduenin anası bir müddət sonra Gi de Lüzinyan ilə evləndi və Gi kral seçildi. Gi de Lüzinyanın kral olmasına qəzəblənən III Raymond Səlahəddin ilə ittifaq qurmağın yollarını axtarmağa başladı. Bu vaxt Kərək-Şövbək bölgəsinin hakimi Reno de Şatilyon torpaqlarından keçən zəngin bir müsəlman karvanını aradakı müqaviləyə baxmayaraq yağmalayıb mallarını mənimsədi, tacirləri əsir aldı. Səlahəddin malların və əsirlərin qaytarılmasını tələb etdi, lakin həm kral, həm də Reno bunu rədd etdilər. Bunun üzərinə sultan 1187-ci ildə Kərəkə qarşı böyük bir səfərə çıxmağa qərar verdi. Dəməşqin cənubunda Rəsulma deyilən yerdə oğlu əl-Məlikül-Əfdalı əsgərlərin başında buraxdıqdan sonra xüsusi birliyi ilə irəliləyərək Kərək torpaqlarını fəth etdi. Bu vaxt əl-Məlikül-Əfdal ətrafdan gələn əsgərlərdən ibarət seçkin bir birliyi Müzəffərəddin Gökböri komandanlığı altında axına göndərdi. Bu birlik frankların öncü birliyini ağır məğlubiyyətə uğratdı. Səlahəddin bunu öyrəndikdə Təbəriyyə gölünün şərqindəki Aşteraya döndü. Misirdən gələn əsgərlərlə əl-Məlikül-Əfdalın yanındakı əsgərlər birləşdi və beləliklə 12.000 süvari toplandı. Ardınca Səlahəddin Hittin deyilən yerdə səlibçilərlə etdiyi meydan döyüşündə böyük bir zəfər qazandı (3-4 iyul 1187). Səlibçi ordusu məhv edildi, bir hissəsi əsir alındı. Əsirlər arasında Kral Gi de Lüzinyan və Reno de Şatilyon da var idi.

Səlahəddin bu qələbədən sonra sürətli bir fəth hərəkatına başladı. Fələstində Akka, Təbəriyyə, Asqalan, Nablus, Rəmlə, Qəzzə daxil olmaqla bir çox qalanı ələ keçirdi. Bir neçə həftə ərzində irili-xırdalı əlli iki şəhər fəth edildi, növbə Qüdsə çatdı. Sultan 20 sentyabr 1187-ci ildə Qüdsü mühasirəyə aldı. Merac möcüzəsinin ildönümü olan 2 oktyabr 1187-ci il, cümə günü Qüdsü fəth etdi. Sur şəhəri istisna olmaqla, Fələstindəki bütün qalalar bir il sonra tamamilə Səlahəddinin əlinə keçdi. Növbəti il Tripoli Qraflığı və Antioxiya (Antakya) Prinkepsliyinə qarşı səfərə çıxan Səlahəddin Tripoliyə aid bir neçə qala ilə Antioxiyanın torpaqlarının çoxunu ələ keçirdi. Digər tərəfdən, Qüdsün və bir çox qalanın düşməsi üzərinə bütün Qərbi Avropa ölkələrinin qatıldığı yeni bir səlib yürüşü təşkil edildi. Səlibçilər 1189-cu ildə Akkanı mühasirəyə aldılar. Səlahəddin ilə səlibçilər arasında Akka önündə iki ilə yaxın davam edən şiddətli döyüşlər oldu. Fransa kralı Filipp Avqust, Almaniya imperatoru Barbarossa, İngiltərə kralı Şirürəkli Riçard orduları və donanmaları ilə gəlib döyüşə qatıldılar. Akka 12 iyul 1191-ci ildə səlibçilərin əlinə keçdi. Ancaq Akka ilə Yaffa arasındakı sahil zolağını da ələ keçirən səlibçilərin Qüdsü almaq cəhdləri Səlahəddin tərəfindən uğursuzluğa düçar edildi. Nəhayət, 1 sentyabr 1192-ci il tarixində iki tərəf arasında üç il səkkiz ay müddətinə sülh müqaviləsi imzalandı. Bəzi tarixçilərin Akka ilə Yaffa arasındakı sahil zolağının səlibçilər tərəfindən geri alınmasını Şirürəkli Riçardın Səlahəddindən daha üstün olması ilə əlaqələndirməsi doğru yanaşma deyil. Riçard qəhrəman şəxs olsa da, siyasi cəhətdən birləşdirici, yaxşı bir lider deyildi; illərdir cəbhədə olan Səlahəddin isə yorğun və xəstə idi, əsgərləri də əldən düşmüşdü. Səlibçilərin müəyyən dərəcədə uğur qazanmasının əsas səbəbi donanma dəstəyi və təzə qüvvələrlə döyüşmələri idi. Səlahəddin donanma köməyi istəmiş, lakin yardım ala bilməmişdi.

Səlahəddin səlibçilərlə müqavilə bağladıqdan qısa müddət sonra 4 mart 1193-cü ildə Dəməşqdə vəfat etdi. Bu vaxtda Misir, Liviya, Yəmən, Fələstın, Suriya ilə yanaşı Malatya və Ahlata qədər Şərqi və Cənub-Şərqi Anadoluda və Həmədana qədər Şimali İraqda onun adına xütbə oxunurdu. Yerini böyük oğlu əl-Məlikül-Əfdal Əli tutdu. Səlahəddin geniş bir ərazini əhatə edən siyasi birlik quran böyük bir dövlət xadimidir. Bu siyasi birlik Əyyubilərdən sonra Məmlüklərlə davam etmiş, 1517-ci ildə Yavuz Sultan Səlimin Qahirəni ələ keçirməsi ilə başa çatmışdır. Türklər Səlahəddinin dövründə Misir, Liviya, Şimali Sudan, Hicaz, Yəmən kimi yerlərə hakim olmuş, bu hakimiyyət əsrlərlə davam etmişdir. Səlahəddin güclü bir ordu, yaxşı işləyən dövlət təşkilatı qurmuş, Fatimi xilafətini yıxaraq bölgədəki ideoloji parçalanmaya son qoymuşdur. Onun ikinci böyük uğuru Qüdsü və səlibçilərin əlində olan bir çox yeri xilas etməsidir. Qüdsü geri alması onun İslam dünyasının ən məşhur qəhrəmanları arasında yer almasını təmin etmişdir.

Abadlıq işləri ilə yaxından maraqlanan Səlahəddinin dövründə Fələstın, Misir, Hicaz və Yəməndə çox sayda mədrəsə, zaviyə, məscid, körpü, qala və hamam inşa edilmişdir. Bunların ən mühümləri Qahirə divarları və qalası, Nil çayı üzərində tikdirdiyi körpülər, Bəhrü Yusif deyilən kanallar, Akka və Qüdsün istehkamı, Əmr ibn As məscidi, Qübbətüs-Səxra və Məscidül-Əqsanın təmiri, Qahirədəki Saidüssuada (Salahiyyə) xanəgahı və Salahı xəstəxanasıdır. Bu dövrdə İslam dünyasının hər tərəfindən Əyyubilər ölkəsinə axın edən alimlər və tələbələr çox sayda elmi əsər qələmə almışlar. Onun fəaliyyəti özündən sonra gələn dövlət xadimlərinə nümunə olmuş, Suriya və Misir İslam dünyasının mühüm elm mərkəzlərinə çevrilmişdir. Hicaz bölgəsinə, xüsusilə Məkkə və Mədinəyə böyük əhəmiyyət verən Səlahəddin "Xadimül-Hərəmeyn" (İki müqəddəs hərəmin xidmətçisi) titulunu istifadə edən ilk hökmdar olmuşdur.

Dünya tarixində haqlı bir şöhrət qazanan və nümunəvi bir sultan kimi göstərilən Səlahəddin Əyyubi Türk-İslam tarixinin ən tanınmış qəhrəmanlarından biridir. Məhəmməd Akif Ərsoy onu "Şərqin ən sevgili sultanı", fransız tarixçisi Şampdor isə "İslamın ən saf qəhrəmanı" adlandırmışdır. Mənbələrin yekdilliklə qeyd etdiyinə görə, Səlahəddin dindar, mərhəmətli, səxavətli, gülərüz, vüqarlı, möhkəm iradəli, mərt və heybətli bir şəxsiyyət idi. Hər mövzuda Nurəddin Mahmud Zənginin davamçısı, onun başladığı işlərin tamamlayıcısı olmuş, hətta yeni bir dövlət qurduğunu belə iddia etməmişdir. Müsəlmanlar onun şəxsində ideal bir sultan, səlibçilər isə həqiqi bir İslam qəhrəmanı görmüşlər. Şərq və Qərb tarixçilərinin, yazıçılarının əsərlərində ondan həmişə təriflə bəhs edilmişdir. Sultanlığı dövründə eyni adamlarla çalışmış, onlara dəyər vermişdir. Bunların başında vəziri Qadı əl-Fazil və katibi İmadəddin əl-İsfahani gəlir. Əmirlərindən heç biri ilə ixtilafa düşməmiş, məsləhətçilərinin rəylərinə daima önəm vermişdir. Məsləhətçilərindən Üsamə ibn Münqiz onu Xüləfayi-Raşidin dövrünü yenidən canlandıran bir insan kimi xatırladır.

Tarixçilərin nəql etdiyinə görə, Səlahəddin vaxtını ya elm, ya cihad, ya da dövlət işləri ilə keçirərdi. Quranı əzbərləmişdi və yaxşı təhsil görmüşdü. Ərəb, türk, fars və kürd dillərini bilirdi. Əməldə şafii, etiqadda əşari idi. Müneccimlərə (astroloqlara) inanmazdı. Bahaəddin ibn Şəddad onun tarix məlumatının güclü, mədəniyyətinin geniş olduğunu, məclisində olanların başqasından eşitmədikləri şeyləri ondan eşitdiklərini söyləyir. Səlahəddin verdiyi sözü nəyin bahasına olursa-olsun tutar, bağışlamağı sevərdi. İbn Cübeyr onun "Bağışlamaq, haqlı olaraq cəzalandırmaqdan daha çox xoşuma gəlir" dediyini nəql edir. Aman verdiyi şəxsləri qətiyyən cəzalandırmamış, səlibçilər onun bu tərəfini çox təqdir etmişlər. Ədaləti İbn Şəddad və İbn Cübeyr tərəfindən xüsusi vurğulanmışdır. Həddindən artıq səxavətli olduğu, öldüyündə şəxsi xəzinəsindən cəmi 1 Misir dinarı ilə 36 və ya 47 Nasirir dirhəmi çıxdığı qeyd edilir. İmadəddin əl-İsfahani Səlahəddinin döyüşə girdiyi zaman öz atını əsgərlərə verib başqasından at istədiyini, hər kəsin onun atına mindiyini və onun yaxşılığını gözlədiyini, III Səlib yürüşü zamanı əsgərlərə 12.000 at payladığını söyləyir. İbn Şəddad isə hər kəs haqqında yaxşı sözlər deyilməsini istədiyini və əhdə vəfa göstərdiyini bildirir.

Seçilən
21
50
turkic.world

10Mənbələr