AZ

“Əksər komandalarda “İsgəndər Cavadov” akademiyasının futbolçuları var”

style='margin-bottom:10px;'>

Azərbaycan futbolu üçün yeni, gənc istedadların üzə çıxmasında önəmli pay sahibi olan futbol məktəblərindən biri də "İsgəndər Cavadov Bakı Futbol Akademiyası"dır. "Bakı Futbol Akademiyası"nın varisi kimi də tanınan "İsgəndər Cavadov Bakı Futbol Akademiyası" 2017-ci ildə fəaliyyətə başlayıb.

Amma hazırda "İsgəndər Cavadov Bakı Futbol Akademiyası” hazırda maddi problemlərlə üz-üzədir. 

Bugünkü həmsöhbətimiz sözügedən akademiyanın təsisçilərindən biri Yaşar Seyidovdur.

- "İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təşkili ideyası necə yaranmışdı?

- “Bakı" Futbol Klubunun akademiyası Avropa Klublar Birliyi tərəfindən uşaq və gənclər futbolunun inkişafına, strukturuna görə 2011-ci ildə Avropa Klublar Komitəsinin rəhbəri Karl-Haynz Rummeniqq tərəfindən xüsusi diplomuna layiq görülmüşdü. "Bakı"nın icraçı direktoru kimi bütün bu işlərə rəhbərlik etmişəm, Azərbaycan regionlarında seleksiya işləri apararaq 100-ə yaxın perspektivli və istedadlı gəncləri "Bakı"nın akademiyasına cəlb etmişdik. Futbolçuların akademiyada qalması, qidalanması və təhsilinə önəm verərək Avropanın TOP-5 ölkələrinin Gənclər Liqasında oynaya bilməkləri üçün
İspaniyanın “Atletiko” və Fransanın “Lans” klubları ilə əməkdaşlıq müqaviləsi bağlamışdıq. "Bakı"nın maliyyə çətinliyi yarandığına görə layihələrimiz yarımçıq qaldı. Bu boşluğu doldurmaq və Avropanın aparıcı liqalarında oynamaq üçün
istedadlı gəncləri toplayaraq Azərbaycanın məhşur futbolçusu İsgəndər Cavadovun adına furbol akademiyasını yaratdıq.
Bizim əsas məqsədimiz "İsgəndər Cavadov Bakı Futbol Akademiyası”na seleksiya işləri apararaq prespektivli və gələcək vəd edən istedadları dəvət etmək, onların futbolçu potensialının açılmasına, cəmiyyətimiz üçün layiqli şəxsiyyət olmalarına, dünya futbol ailəsinin layiqli üzvünə çevrilmələrinə töhfə verməkdir. Bizim istəyimiz odur ki, istedadlı yeniyetmələri üzə çıxarıb onların daha üst səviyyədə futbol oynamasını təmin edək. Fəaliyyətimizin əsas istiqamətlərindən biri Azərbaycanın müxtəlif milli komandalarına istedadlı futbolçuların bəxş edilməsidir. Hesab edirik ki, gördüyümüz bu işlər Azərbaycanda futbolun inkişafına, kütləviləşməsinə, milli komanda üçün daha da zəngin baza formalaşdırmasına şərait yaradacaq. 

- Akademiyanın üzvləri AFFA-nı bayrağı altında təşkil olunan hansı liqalarda iştirak edirlər? 

- "İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın yetirmələri AFFA-nın U-10, U-11, U-12, U-13, U-14 və U-15, U-16, U-17, U-19 liqalarında, "Dinamo"nun heyətində çıxış edirlər.

- Bəs "İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın yetişdirdiyi hansı futbolçuların adlarını çəkə bilərsiniz? 

- 2005-ci il təvəllüdlü Səbuhi Qədirzadə, Məhəmməd Rəşidli "Araz Naxçıvan"ın əvəzedici komandasında, 2009-cu il təvəllüdlü Əli Novruzzadə, Sübhan Rzayev "Qəbələ"nin əvəzedici heyətində, Əli Bağırov "Sumqayıt"ın U-19 komandasında forma geyinirlər. Eyni zamanda "Difai", "Dinamo", "Kür-Araz", "Quba", "Qaradağ Lökbatan", "Neftçi"ninn aşağı yaş qruplarından ibaət komandalarında oynayan xeyli sayda futbolçumuz var. Xaricdə isə "Cazaleqas"da (İspaniya) çıxış edən Hüseyn Əhmədovun, "Bolonya"da (İtaliya) oynayan Ömər Muradovun adını çəkə bilərəm. Demək olar ki, ölkəmizin əksər komandalarında akademiyamızın futbolçuları var. “İsgəndər Cavadov Bakı Futbol Akademiyası” heç kimin tanımadığı yüzlərlə gəncləri Azərbaycan futboluna qazandırdı. Bütün bu işlər əziyyətimizin nəticəsidir. Düşünürəm ki, onları Azərbaycan futboluna qazandırmaqla böyük işlər görə bilmişik. Bütün bunlar heç bir maliyyə dəstəyi və sponsor olmadan həyata keçirdiyimiz işlərdir.

- Deyəsən, "Dinamo" klubunun heyəti daha çox “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın futbolçularından təşkil olunub...

- Bəli, hal-hazırda “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın 15-dək futbolçusu 2-ci liqada çıxış edən “Dinamo”nun heyətində çıxış edirlər. Yeri gəlmişkən, məlumdur ki, 2027-ci il U-20 dünya çempionatı Azərbaycan və Özbəkistandatəşkil olunacaq. Fürsətdən istifadə edərək sizin sayt vasitəsi ilə dünya çempionatında mübarizə aparacaq millimizə düşə biləcək oyunçulara baxmaq üçün yığmamızın məşqçilərini aprel ayının 7-də keçiriləcək “Dinamo” - “Qaradağ Lökbatan” oyununa dəvət edirəm.

- Hazırda "İsgəndər Cavadov Bakı Futbol Akademiyası” hansı beynəlxalq əməkdaşlıqlara davam edir?

- Vaxtilə Avropanın aparıcı klublarından "Atletiko" və "Lans"la əməkdaşlığımız olmuşdu. Bu gün də dostluğumuz davam edir. Onlar bizə hər cür dəstək verərək komandalarımızı təlim-məşq toplanışları və yoldaşlıq oyunları keçirmək üçün dəvət edirlər, lakin bizim maddi imkanlarımız olmadığından bunu həyata keçirə bilmirik. Onların bura gəlib bizimlə oyunlar keçirməsi üçün isə beynəlxalq standartlara cavab verən stadionumuz yoxdur. Bütün bunlara görə layihələrimiz və Azərbaycan futboluna verə biləcəyimiz ideyalarımız xəyal olaraq qalır. Ümid edirəm ki, bü müsahibədən sonra Azərbaycan futbolunun dünya futbol ailəsinin bir hissəsi olması üçün iş adamları bizim bu layihələrimizə dəstək göstərəcəklər.

- Rusiya futbolunun tanınmış simalarından, vaxtilə Moskva "Dinamo"sunda İsgəndər Cavadovla birgə oynamış Valeri Qazzayev 2018-ci ildə akademiyanızın qonağı olmuşdu...

- Bəli, 2018-ci ildə Rusiya Dumasının Deputatı olaraq Bakıya səfər etmişdi. Valeri Qazzayev “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın qonağı oldu. Akademiyada olarkən biz gördüyümüz işlərlə bağlı Valeri Qazzayevi tanış etdik, bütün yaş qrupları ilə görüşünü təşkil etdik. O, çıxış edərək gənc futbolçulara İsgəndər Cavadov kimi oynamağı, gələcəkdə Azərbaycanın Milli komandasının heyətində ölkəmizi layiqli təmsil edəcəklərinə inamını ifadə etməyi arzulamışdı.

- Akademiyanın maddi durumunu, ümumi vəziyyətini yaxşılaşdırmaq üçün dövlət qurumlarına müraciət etməyi planlayırsınızmı? 

- “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın cəlb etdiyimiz yüzlərlə gənc burada futbolun sirlərini öyrənməklə bərabər sosial layihə olaraq Azərbaycan dövlətinin idman siyasətinə uyğun olaraq sağlam və cəmiyyətimizə layiqli gənclər kimi yetişir. Bu işlərimizin daha yüksək səviyyədə görülməsi üçün AFFA-nın, Gənclər və İdman Nazirliyinin dəstəyinə ehtiyacımız var.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.


 

Seçilən
27
1
teleqraf.com

2Mənbələr