AZ

Politoloq Anar İsayev: İranın Hörmüz boğazına nəzarət etməsi hazırda dünyanı irimiqyaslı enerji böhranına doğru aparır

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son zamanlar Donald Trampın gələcəyə yönəlik “yatırım et və nəzarəti gücləndir” strategiyası yenidən müzakirə olunur. Bu yanaşma xüsusilə enerji resursları ilə zəngin ölkələr üzərində iqtisadi və siyasi təsir imkanlarının artırılmasına hesablanıb. Neft ehtiyatlarının yerləşdiyi regionlarda təsir dairəsini genişləndirmək, qlobal güc balansında üstünlük qazanmaq məqsədi daşıyır. Bu strategiya həm də ABŞ-ın uzunmüddətli iqtisadi və geosiyasi maraqlarının təmin olunmasına yönəlmiş addım kimi qiymətləndirilir.

Politoloq Anar İsayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Tramp özü iş adamı olub və biznesin də təməl prinsipləri, qaydaları var, yəni mütləq şəkildə yatırım etməlisən.

“Bir var ki, qazandığını bir yerə gələcək üçün toplayırsan. Düşünürsən ki, bunları yığıb-toplayıb saxlamaq lazımdır. Bir də var ki, əlinə gələn pulu yatırım edirsən. Ümumiyyətlə, biznes adamları həmişə bu metodu daha çox bəyənərək tətbiq edirlər. Yəni “pul pul gətirər” prinsipi var. Mütləq şəkildə pulu başqa bir sahəyə yatırırsan. Yəni bir yerdən yox, müxtəlif yerlərdən gəlir mənbəyi formalaşdırmalısan ki, daha da zəngin olasan. Müxtəlif mənbələr ona görə qeyd edilir ki, birindən ziyan edəndə digərləri onu kompensasiya edə bilsin.

Trampa gəldikdə, bu strategiya əslində normal strategiya kimi sayıla bilər. Gələcəyi planlayırsan, sən bu gün üçün yox, gələcək üçün nəzərdə tutursan. Tramp da hakimiyyətə gələndə “Qızıl Amerika”, “Amerikanın qızıl dövrü” devizi ilə gəlib və gələcəyə yatırım prinsipi ilə addım atıb. Bu gün ABŞ neftlə zəngin olan ölkələri işğal edir, digər tərəfdən sülhdən danışır. ABŞ İrana hücum edir, eyni zamanda Venesuela, Körfəz ölkələri, ərəb ölkələri — harada neft varsa, hamısını bir-bir öz təsiri altına salmağa çalışır”.

Rusiya–Ukrayna müharibəsi fonunda Donald Tramp nə etdi?

Politoloq qeyd edib ki, ABŞ Ukrayna ilə nadir torpaq elementlərinin və metalların birgə istehsalı, istismarı ilə bağlı müqavilə imzaladı: “Ukrayna–Rusiya müharibəsində "qazanclı" çıxan ölkələrdən biri Amerikadır. Çünki Amerika burada istədiyinə çatdı. Birincisi, Avropanı özündən asılı vəziyyətə saldı, Avropanı qorxu altında saxladı və ən əsası da Ukraynanın təbii ehtiyatlarının birgə istismarı ilə bağlı müqavilə imzaladı. Yəni bu strategiya, doğru strategiyadır.

ABŞ planetin müxtəlif yerlərində artıq gələcək üçün özünə yol açır. Digər ölkələrdən ən çox əlaqə saxladığı, dost bildiyi dövlətlərdən biri də Azərbaycandır.

Əsas məsələ nəqliyyat dəhlizləri, ticarət yolları və bu yollara nəzarətdir və Amerika da bu müharibələri çıxarmaqla həm Rusiya–Ukrayna müharibəsi zəminində Rusiyanın içərisindən keçən Şərq–Qərb yolunu zərərsizləşdirdi. Yəni Ukraynaya nəzarətlə, müharibə ilə onu kənarlaşdırdı. Aşağı tərəfdə də Yaxın Şərqdə həmin ərazini götürmək istəyir. Ona yaxın Qırmızı dəniz üzərindən olan nəqliyyat dəhlizinə nəzarət edəcək.

Orta dəhliz məsələsi - “Tramp–TRIPP yolu” gündəmdədir. Həmin bu orta dəhliz Çindən başlayır. Şərq ilə Qərbi birləşdirən, şimalla Cənubu birləşdirən yol qovşaqları var. Bu logistik mərkəzlər, logistik yollar kimin nəzarəti altında olacaqsa, həmin dövlətlər də söz sahibinə çevriləcəklər.

İranla  Amerika-İsrail müharibəsi fonunda Hörmüz boğazının bağlanması görün nə qədər problem yaradıb. Hörmüz boğazına İranın hökm etməsi dünyanı iqtisadi kollapsa gətirib çıxarıb. İndiki vəziyyətdə dünyanı enerji böhranına aparır”.

Anar İsayev vurğulayıb ki, enerji böhranından sonra bu domino effekti ilə istehsal sahələrinə də təsir göstərəcək.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
bizimyol.info

1Mənbələr