AZ

Qadın onu yataq otağında döyən qısqanc sevgilisini məhkəmədə bağışladı

Xəzər Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Cəlil Omarovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Orxan Əlizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.

 

İttihama görə, hadisə 18 fevral 2026-cı il tarixdə, səhər saat 04 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərin birinin yataq otağında baş verib.

 

Belə ki, Cəlil Omarov ilə qeyri-rəsmi nikah münasibətində olduğu zərərçəkmiş Yasəmən Səlimova (adı, soyadı şərtidir) arasında qısqanclıq zəminində mübahisə yaranıb. Bu zaman təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsin baş nahiyəsinə əl zərbəsi endirərək onu döyüb. Nəticədə qadın başın təpə nahiyəsində dərialtı hematoma alıb.

 

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.

 

Məhkəmə iclasında Cəlil Omarov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Yasəmənlə 2021-ci ilin yanvar ayından qeyri-rəsmi nikah münasibətində yaşayır və onların birgə övladı yoxdur. Qeyd edib ki, bu, hər iki tərəf üçün ikinci evlilikdir və münasibətləri ümumilikdə normal olub.

 

Cəlilin sözlərinə görə, hadisə baş verən gün aralarında spirtli içki qəbulu və qısqanclıq səbəbindən mübahisə yaranıb. Mübahisə zamanı əsəbiləşərək qadını sol əli ilə tutub, sağ əli ilə baş nahiyəsindən vurub.

 

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmişi vurmaq niyyətində olmayıb və hadisə ani baş verib. O, hazırda törətdiyi əməldən səmimi peşman olduğunu və zərərçəkmiş şəxslə barışdıqlarını qeyd edib.

 

Yasəmən Səlimova isə məhkəmədə deyib ki, hazırda təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayəti, tələbi yoxdur. Cəlilin hər zaman ona qarşı normal münasibətdə olduğunu, əvvəllər bu kimi hadisələr baş vermədiyini söyləyib.

 

Kamal Məmmədov

Tarix: 6 Aprel 2026, 09:29   
Seçilən
41
pravda.az

1Mənbələr