AZ

Yağış varkən, dəniz suyunu niyə içək?

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qlobal iqlim dəyişikliyinin yaratdığı əsas problemlərdən biri də su qıtlığıdır. 

Hesablamalara görə, yaxın 20 ildə bir sıra ölkələr ciddi su stressi ilə üzləşəcək. Bu ölkələr sırasında Azərbaycan da yer alır. Əsas içməli su mənbələri transsərhəd çaylardan formalaşan ölkəmizdə səmərəli su idarəetməsinə keçid artıq günün aktual məsələsinə çevrilib. 

Xüsusilə yay aylarında iri şəhərlərdə müşahidə olunan su çatışmazlığı həm ictimaiyyəti, həm də dövlət qurumlarını ciddi narahat edir. 

“Cümhuriyət” xəbər verir ki, içməli su ehtiyatlarının azalması əsasən qlobal iqlim dəyişikliyinin nəticəsi olsa da, bu prosesdə antropogen amillərin də rolu danılmazdır. 

Son illər Bakıda və ümumilikdə ölkə üzrə su idarəetməsinin təkmilləşdirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Bu çərçivədə Bakı və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı sularının idarə olunmasına dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı təsdiqlənib. 

Proqramın əsas məqsədi fasiləsiz içməli su təminatını artırmaq, yeni su anbarlarının tikintisi, su itkilərinin azaldılması üçün şəbəkələrin modernləşdirilməsi, həmçinin kanalizasiya və yağış suyu sistemlərinin təkmilləşdirilməsidir. 

Bununla yanaşı, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodunun 2028-ci ilin IV rübündə tam istismara verilməsi planlaşdırılır. Lakin dəniz suyunun şirinləşdirilməsi yüksək enerji tələb edən prosesdir. Bu səbəbdən istifadə olunan enerjinin ekoloji baxımdan təhlükəsiz və səmərəli olması xüsusi əhəmiyyət daşıyır. 

Digər tərəfdən,  yağan intensiv yağışlar idarə oluna bilmir və Bakıda ciddi problemlərə səbəb olur. Kanalizasiya sistemlərinin yüklənməsi nəticəsində küçələr və yaşayış sahələri su altında qaldı, vətəndaşlara ziyan dəydi. Halbuki Bakı coğrafi baxımdan unikal şəhərdir və Xəzər dənizinə birbaşa çıxışı var. 

Müvafiq infrastruktur qurulduğu halda, güclü yağıntılar belə şəhər üçün problem yaratmaya bilər. Əslində, zərər mənbəyinə çevrilən yağış sularını düzgün idarə etməklə onları faydalı resursa çevirmək mümkündür. 

Yağış suyu təbii olaraq şirin sudur və onun toplanaraq saxlanılması, sonradan müxtəlif məqsədlər üçün istifadəsi daha səmərəli və iqtisadi cəhətdən əlverişli ola bilər. Bu baxımdan, dəniz suyunun duzsuzlaşdırılması ilə müqayisədə yağış sularının depolanması daha məqsədəuyğundur. 

Bu sahədə beynəlxalq təcrübə də mövcuddur. Məsələn, Berlində tətbiq olunan “süngər şəhər” konsepsiyası yağış sularının yerə hopdurulması, saxlanılması və təkrar istifadəsi prinsiplərinə əsaslanır. 

Bu yanaşma güclü yağıntılar zamanı sel riskini azaldır, eyni zamanda su ehtiyatlarının qorunmasına xidmət edir. Almaniyada, o cümlədən Berlində yağış sularından texniki su kimi istifadə edilməsi su qıtlığının qarşısının alınmasında effektiv vasitələrdən biridir. 

Bu model Azərbaycanda da tətbiq oluna bilər. Hazırda ölkədə yağış sularının böyük hissəsi birbaşa kanalizasiya sisteminə yönəldilir. Halbuki yağış suyunun toplanması və istifadəsi həm iqtisadi baxımdan daha sərfəli, həm də su qıtlığının azaldılması baxımından daha effektiv həll yoludur. 

Düşünürəm ki, bu yanaşma dəniz suyunun duzsuzlaşdırılması ilə müqayisədə suyun sağlamlığı və keyfiyyəti baxımından daha üstündür. Çünki yağış suyu təbii olaraq şirin sudur, dəniz suyu isə yüksək duzluluğa malikdir və onun içməli suya çevrilməsi üçün mürəkkəb texnoloji proseslər tələb olunur. 

Düzdür, dünyada dəniz suyunun duzsuzlaşdırılaraq içməli su kimi istifadə edilməsi ilə bağlı nümunələr mövcuddur. Lakin coğrafi və iqlim baxımından yağış suyu resurslarına malik olduğumuz üçün bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik. 

Təbii şirin suyun toplanaraq təmizlənməsi və istifadəyə verilməsi daha rasional yanaşma kimi qiymətləndirilə bilər. 

Bir sözlə, təbiətin vətənimizə bəxş etdiyi pulsuz resursu daha düzgün idarə etmək, yoxsa bahalı texnologiya ilə şor suyu saflaşdırmaq daha rasional seçimdir? Bunun cavabını, hansı seçimi etdiyimizi isə zaman göstərəcək. 

Əfsanə Rəcəb 

"Cebheinfo.az"

Açar sözlər:

yağış Bakı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
1
cebheinfo.az

2Mənbələr