AZ

Tehranın Baharestan rayonunda ölənlərin sayı 15 nəfərə yüksəlib

Ötən gecə ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranın Tehran vilayətinin Baharestan rayonunda ölənlərin sayı 15 nəfərə yüksəlib.

Trend-in məlumatına görə, bunu İranın Baharestan rayonunun qubernatoru Əbdülhəmid Şərəfi yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda xəstəxanada 7 yaralı müalicə olunmaqdadır. Qalan yaralılar isə ambulator müalicədən sonra buraxılıb.

Şərəfi bildirib ki, ABŞ və İsrailin hava hücumları nəticəsində 4 yaşayış binası tamamilə dağılıb və 40-dan çox mənzilə və minik avtomobillərinə ziyan dəyib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
1
olaylar.az

2Mənbələr