AZ

Ermənistan Azərbaycana qarşı bu halda müharibəyə başlayacaq

Nikol Paşinyanın seçki kampaniyası çərçivəsində ən çox səsləndirdiyi xəbərdarlıqlardan biri Robert Köçəryan və digər rusiyayönümlü qüvvələrin hakimiyyətə gələrsə, sentyabr ayında Azərbaycanla dəhşətli müharibəyə başlayacağıdır. Baş nazir az qala bütün çıxışlarında erməni seçicilərə bu xəbərdarlığı edir.

Paşinyan real təhlükənin anonsunu verir, yoxsa sadəcə seçicilərə təsir etmək üçün bu cür bəyanatla çıxış edir?

Robert Köçəryan isə bəyan edib ki, hakimiyyətə gəlsə, Azərbaycanla sülh yolunu seçəcək. Köçəryan səmimi ola bilərmi?

abutalib_semedov.jpg

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Paşinyanın xəbərdarlıqları boşuna deyil:

“Vladimir Putinlə Nikol Paşinyanın son görüşündə Rusiyanın Cənubi Qafqazdan çəkilmək istəmədiyi aydın oldu. Ermənistanda rusiyayönlü qüvvələrin olduğunu Putin də açıq şəkildə dedi və onların parlament seçkilərində iştirakı üçün şərait yaradılmalı olduğunu vurğuladı. Paşinyan istisna olmaqla Ermənistanda parlament seçkilərində səs qazanmaq imkanı olan bütün siyasi partiyalar rusiyayönümlüdür. Seçkilərdə baş nazir postuna namizəd irəli sürən partiyalar da Nikol Paşinyanın partiyası istisna olmaqla Rusiyaya bağlıdırlar. Rusiya Cənubi Qafqazda möhkəmlənmənin əsas yolunu, formulunu uzun illər sınaqdan keçirib - qarşıdurma yaratmaq, Cənubi Qafqaz respublikalarını bir-birinə qarşı qoymaq və orbitr kimi çıxış etmək. Rusiyadan dəfələrlə səsləndiriblər ki, Qarabağ məsələsi hələ bitməyib. Ermənistandakı rusiyayönümlü partiyalar və baş nazirliyə Rusiyaya bağlı namizədlər də bunu bəyan ediblər. Deməli, bu o deməkdir ki, həmin qüvvələr hakimiyyətə gələrsə, bitməmiş hesab etdikləri məsələnin üzərinə gedəcəklər. Ermənistanda rusiyayönümlü qüvvələrin, xüsusən də Robert Köçəryanın hakimiyyətə gəlməsi Qarabağ məsələsinin Ermənistan tərəfindən yenidən gündəliyə gətirilməsi, Zəngəzur dəhlizinin açılmasının qarşısının alınması olar. Azərbaycan hərbi qarşıdurmaya getmək, konflikt yaratmaq cəhdləri həmin qüvvələr tərəfindən mütləq olacaq”.

Siyasi ekspert qeyd edib ki, Robert Köçəryan baş nazir olmayacaq, onun belə bir şansı yoxdur:

“Samvel Karapetyan istəməsə, bu, ümumiyyətlə mümkün deyil. Karapetyan özü baş nazir olmaq istəyir və bunun üçün konstitusiyanın dəyişdirilməsini istəyir. Köçəryanın Azərbaycana sülh tərəfdarı olduğunu söyləməsi isə qeyri-səmimidir və seçkiyə hesablanmış aldadıcı taktikadır. Onun Azərbaycanla sülh müqaviləsi imzalaması qeyri-mümkündür. Çünki o, Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiasının çıxarılmasının əleyhinədir.

Paşinyanın xəbərdarlıqları ciddi qəbul olunmalıdır. Birmənalıdır ki, rusiyayönümlü qüvvələrin hakimiyyətə gəlməsi Ermənistanın Azərbaycanla müharibəyə başlamasına gətirib çıxara bilər”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr