AZ

Universitetlərdə dərslər dayandırılıb? - AÇIQLAMA

Bakıya yağan güclü yağışlar ali məktəblərdə dərslərin keçirilməsinə mənfi təsir göstərib.  

“Yeni Sabah” xəbər verir ki, bəzi universitetlərdə dərslərin keçirilməsi formatı müvəqqəti dəyişdirilib.

Xəzər Universitetindən bildirilib ki, ali təhsil ocağında dərslər dayandırılıb:

“Bu gün dərslər onlayn formada keçirilib. Növbəti gündən ənənəvi qaydada davam edəcəyik”.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən qeyd edilib ki, artıq hava şəraiti yaxşılaşıb, yağıntılar kəsilib və Azərbaycan Memarlıq və İnşaat Universitetində dərslər ənənəvi qaydada təşkil olunur:

“Bəzi tələbələrin universitetə gəlməsi və ya dərslərə vaxtında çatması ilə bağlı müəyyən çətinliklər mövcuddur. Həmin tələbələr bizə məlumat veriblər və bu müraciətlər dekanlıqlar vasitəsilə müəllimlərə çatdırılıb. Müəllimlərə tapşırılıb ki, belə hallarda tələbələrin dərslərdə iştirak etməməsini anlayışla qarşılanmalı, onların davamiyyəti mümkün qədər nəzərə alınmalı və iştirak edə bilmədikləri dərslər üzrə sonradan fərdi şəkildə materialları mənimsəmələri üçün şərait yaradılmalıdır”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də dərslərin keçirilməsi formatında dəyişiklik edilib.

“Bu gün ADMİU-da magistr səviyyəsindəki dərslər onlayn keçiriləcək. Bakalavrların dərsləri isə olduğu kimi davam edir”, - ali məktəbdən bildirilib.

Bakı Mühəndislik Universitetində isə dərslər ənənəvi şəkildə keçirilir:

“BMU-da dərslər ənənəvi qaydada davam etdirilir. Hava şəraiti ilə əlaqədar bir sıra ərazilərdən universietə gəlməyə çətinlik çəkənlər az saydadır”.

Həmçinin, Azərbaycan Dillər Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Qızlar Universitetindən verilən açıqlamalarda heç bir problemin olmadığı və dərslərin onlayn formata keçmədiyi vurğulanıb.

Qeyd edək ki, iki gündür ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
35
1
yenisabah.az

2Mənbələr