AZ

Azərbaycan iki səfiri xarici ölkədə “ağsaqqal” statusundadır - SİYAHI

Azərbaycanın xarici dövlətlərdə fəaliyyət göstərən iki səfiri həmin ölkənin diplomatik korpusunun duayeni (Dean of the Diplomatic Corps) statusuna malikdirlər. Latviya və Özbəkistandkaı səfirlərimiz, həm də adıçəkilən ölkələrin diplomatik korpusunun duayeni (ağsaqqalı və ya rəhbəri) statusundadırlar.

Bu barədə “Yeni Sabah”ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Diplomatik korpus anlayışı bir dövlət yanında akkreditə olunmuş bütün diplomatların ümumi icmasını ifadə edir. Beynəlxalq diplomatik qaydalara əsasən, bu qrupun hüquqi statusu olmasa da, ayrılıqda bir icma kimliyinə malikdir. Diplomatik korpusun duayeni isə həmin ölkədə ən uzun müddət fəaliyyət göstərən səfirdir. Digər səfirlərin öncəlik sırasını müəyyən edən “preseance” qaydasına əsasən, duayen diplomatik tədbirlərdə və dövlət protokolunda üstünlük və təmsilçilik hüququna malik olur.

Duayen səfir, həm də diplomatik korpus üzvlərinin hüquqlarını qoruyur, rəsmi mərasimlərdə onları təmsil edir və tədbirlərdə ən ön sırada yer alır.

Duayen səfir statusu beynəlxalq diplomatik protokolda böyük əhəmiyyətə malikdir. Yeni səfirin dövlət başçısına etimad məktubunu təqdim etməsindən sonra, ölkənin protokoluna uyğun olaraq, duayen səfir onun ilkin diplomatik əlaqələrini tənzimləyir və digər eyni statuslu diplomatlarla müqayisədə xüsusi diqqət göstərir. Bu status həm də diplomatik hüquqların qorunması, tədbirlərdə üstünlük və təmsilçilik imkanları təmin edir.

Bu status duayen səfirə fəaliyyət göstərdiyi ölkənin ictimai-siyasi çevrələri, eləcə də yerli media ilə əlaqələri daha əlçatan edir ki, bu da öz növbəsində onun fəaliyyətində təmsil etdiyi dövlətin xeyrinə önəmli imkanlar yaranması deməkdir.

Duayenin başqa ölkəyə getməsi və ya vəzifəsindən ayrılması halında, növbəti ən təcrübəli səfir bu vəzifəni qəbul edir.

Azərbaycanın xarici ölkələrdəki səfir-duayenləri kimlərdir?

Qeyd etdiyimiz kimi, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Latviyadakı səfirimiz Elnur Sultanov fəaliyyət göstərdikləri ölkələrdə dipkorpus rəhbəri kimi üstün statusa sahibdirlər.

Xatırlatmaq yerinə düşər ki, Hüseyn Quliyev 2021-ci ilin martından, Elnur Aslanov isə 2025-ci ilin avqustundan səfirliklə yanaşı, diplomatik korpusa da rəhbərlik edirlər.

Hüseyn Quliyev 1946-cı il, 23 iyunda Naxçıvanda anadan olub.

1965-1970-ci illərdə M.Azizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu mühəndis-texnoloq ixtisası üzrə bitirən H.Quliyev əmək fəaliyyətinə xüsusi xidmət orqanlarının əməkdaşı kimi başlayıb.

1970-91-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşı kimi çalışan H.Quliyev, eyni zamanda 1978-1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində, 1984-1990-ci illərdə SSRİ-nin Türkiyədəki səfirliyinin birinci katib-müşaviri, 1991-1995-ci illərdə isə Kəşfiyyat Xidmətinin əməkdaş kimi fəaliyyət göstərib.

Daha sonra biznes sektoruna keçən Hüseyn Quliyev 1995-1997-ci ilərdə «İDİL» Türk inşaat şirkətinin Rusiya nümayəndəliyinin rəhbəri, 1997-2007-ci illərdə Rusiyanın “Trans-nafta” şirkətinin vitse-prezidenti vəzifələrində çalışıb.

2007-ci ildə sonra isə onun əmək fəaliyyəti Azərbaycanın xarici siyasəti ilə bağlı olub.

Belə ki, 2007-2012-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində, şöbə müdiri və idarə rəisi vəzifələrində çalışan Hüseyn Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsinə təyin olunub və ona fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib.

Evlidir, iki uşağı və üç nəvəsi var.

1978-ci il, aprel 26-da anadan olan Elnur Sultanov Prezident yanında Dövlət İdarəçiliyi akademiyasının Beynəlxalq münasibətlər üzrə bakalavr və magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirib.

E.Sultanoov dövlət qurumlarında iş fəaliyyətinə 1996-1998-ci illərdə başlayıb, daha sonra isə karyerasını diplomatiyaya dəyişdirib.

Gələcək səfir, 1998-2000-ci illərdə o, XİN-in Avropa, ABŞ və Kanada Şöbəsinin attaşesi, 2000-2004-cü illərdə Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyində üçüncü katib, ikinci katib və birinci katib vəzifələrində çalışıb.

2004-2006-cı illərdə yenidən XİN-in mərkəzi idarəsinə dönən E.Sultanov burada İnsan Hüquqları, Demokratikləşmə və Humanitar İşlər Departamentinin birinci katibi, daha sonra isə şöbə müdiri vəzifələrində işləyib.

2006-2010-cu illərdə Azərbaycanın Rusiyadakı səfirliyində müşavir, 2010-2011-ci illərdə Azərbaycan XİN-in İnsan Hüquqları, Demokratikləşmə və Humanitar İşlər Departamenti rəisinin müavini, 2011-2012-ci illərdə Azərbaycannın ABŞ-dəki səfirliyində müşavir olub.

2012-2016-cı illər arasında Azərbaycanın Braziliyada səfiri vəzifəsinə təyin edilən E.Sultanov, daha sonra 4 il Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının Baş Katibi, Səfir kimi diplomatik fəaliyyətinə davam edib.

2021-ci ilin 26 iyulundan Azərbaycanın Latviyada səfiri təyin olunub.

İlhamə Qasımlı


Telegram kanalımız
Seçilən
25
yenisabah.az

1Mənbələr